Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

Leyla Yunusun məktublarını yayan vəkil MTN generalına yarım milyonu qaytarıb


Elçin Qəmbərov
Elçin Qəmbərov

İllər öncə hüquq müdafiəçisi Leyla Yunusun həbsdən onun vasitəsilə göndərdiyi şəxsi məktubları yayan vəkil Elçin Qəmbərov fevralın 22-də məhkəmə qarşısına çıxarılıb. O, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, 2 ilə yaxındır həbsdə olan Mövlam Şıxəliyevin ev dustaqlığına buraxılması adı ilə 300 min dollar pul alıb aldatmaqda ittiham olunur.

CM-nin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan Qəmbərovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Generalın oğlu Elgün Şıxəliyevin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) şikayətindən sonra həbs olunan Qəmbərov dəymiş ziyanı ödəyib. Bu, fevralın 22-də məhkəmədə məlum olub. Onun vəkili həbs-qətimkan tədbirinin dəyişməsi haqda vəsatət qaldırıb. Vəsatətə zərərçəkmiş Elgün Şıxəliyevlə barışıq ərizəsini də əlavə edib. Orada göstərilib ki, alınan pul qaytarılıb, bu üzdən zərərçəkmişin heç bir şikayət və tələbi yoxdur.

Köçürülmə xahişinə müsbət cavab verilib

Amma hakimlər Qəmbərovu həbsdən buraxmaqdan imtina edib. Səbəb kimi isə onun ittiham olunduğu əməlin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olması göstərilib.

Qəmbərov hazırda DTX-nin istintaq təcridxanasında saxlanılır. O, məhkəməyə müraciət edib ki, Penitensiar Xidmətin tabeliyindəki həbs yerinə - Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına köçürülmək istəyir. Məhkəmə bu müraciətə müsbət cavab verib.

Qəmbərovun vəkili bu məhkəmə prosesinin qapalı keçirilməsi haqda da vəsatət qaldırıb. Onlar bu istəklərini belə əsaslandırıb ki, məhkəmə prosesinin gedişində şəxsi həyat, peşə, kommersiya sirri hesab olunan məlumatlar açıqlana bilər. Lakin hakimlər məhkəmə prosesinin qapalı keçirilməsinə razılıq verməyib.

Qəmbərov istintaqa ifadəsində deyib ki, borcları vardı, generalın oğlundan aldığı pulla onları bağlamaq istəyib.

Şıxəliyevin vəkilinə deyib ki...

Əvvəl 15 saylı Vəkil Bürosunda işləyən Qəmbərov "Leyla Yunusun parlaqlığı və səfaləti" adlı kitab yazıb, onun şəxsi məktublarını yayandan sonra "Mərkəz" Vəkil Bürosunun rəhbəri təyin olunub. General Şıxəliyevin vəkili Arzu Cavadov da həmin büronun üzvüdür. Cinayət işinin materiallarına əsasən, Qəmbərov rəhbərlik etdiyi büroda çalışan Arzu Cavadova hüquqlarını müdafiə etdiyi generalı ev dustaqlığına buraxdıra biləcəyini deyib. O isə onun söylədiklərini Şıxəliyevin oğluna çatdırıb, onlar görüşüb və razılaşıb. Qəmbərov deyib ki, yüksək vəzifədə çalışan şəxslər arasında tanışları var və onların vasitəsilə məsələni həll edəcək.

İttihama əsasən, Qəmbərov bir dəfə 300 min dolları Şıxəliyevdən alıb, bir neçə ay sonra geri qaytararaq işin düzəlmədiyini bildirib. Onun sözlərinə görə, məqsəd etibarını qazanmaq olub. Az sonra başqa bir nəfər vasitəsilə məsələni həll edəcəyini söyləyərək bir daha alıb və bu dəfə geri qaytarmayıb. Qəmbərov ittihamı qəbul edib və özünü təqsirli bilib.

Cinayət işinin materiallarından o da məlum olub ki, bundan öncə də onun haqqında dələduzluq, saxta sənədlərdən istifadə ilə əlaqədar cinayət təqibi olub.

Vəkillik fəaliyyəti dayandırılıb

Vəkillər Kollegiyasından AzadlıqRadiosuna bildirilib ki, Elçin Qəmbərovun həbsindən sonra onun vəkillik fəaliyyəti dayandırılıb: "Vəkillər Kollegiyası Rəyasət Heyətinin 1 iyul 2022-ci il tarixli qərarı ilə Elçin Qəmbərovun vəkillik fəaliyyəti onun barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb".

Qəmbərovun adı vaxtilə MTN tərəfindən dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan Səid Dadaşbəylinin işində də hallanıb. Dadaşbəylinin həyat yoldaşı iddia edirdi ki, vəkil Qəmbərov onları aldadıb, başqasına çatdırmaq adı ilə pul alıb. Lakin həmin vaxt vəkil onun iddiasını təkzib etmiş, demişdi ki, sadəcə müdafiəçi kimi göstərdiyi xidmətin müqabilində pul alıb, dələduzluqdan söhbət gedə bilməz.

Qəmbərovun hazırda ittiham olunduğu CM-nin 178.4 maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırlatma

2015-ci ildə MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular. MTN generalları Nizami Şirinov Mövlam Şıxəliyev, eləcə də onların tabeliyində çalışan şəxslər 2021-ci ilin aprelində cinayət məsuliyyətinə cəlb olunublar. 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şıxəliyev haqqında 12 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Uzun illər MTN-nin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Şıxəliyev hökmdən apellyasiya şikayəti verib. Hazırda onun da işinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG