Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:47

Məhkəmədə MTN generalının üzünə su atdılar


MTN generalları
MTN generalları

Həbsdə olan MTN generalı, uzun illər nazirliyin Antiterror Mərkəzinə rəhbərlik etmiş Elçin Quliyev hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini olan Əli Nağıyevin əleyhinə ifadə almaq üçün adamlara təzyiq etməkdə suçlanır. E.Quliyevin ünvanına bu ittiham sentyabrın 21-də öz məhkəməsində səslənib.

Ə.Nağıyev 2011-ci ilə qədər milli təhlükəsizlik nazirinin müavini olub, həmin ilin mayında isə prokurorluqda vəzifəyə təyin edilib.

E.Quliyevə verilən ittihamlardan biri də MTN polkovniki Malik Mustafayevin ölümü ilə bağlıdır. O, həmkarını intihar həddinə çatdırmaqda suçlanır. Bu gün məhkəmədə mərhum M.Mustafayevin dostu Əbülfət Məmmədov ifadə verib. Ə.Nağıyevlə bağlı məsələni də o deyib.

***Buna da bax-Şahid: 'Ulu öndərin Cənubda dostu bir mən idim, bir də Xanış kişi'

İttihamda yazılıb ki, E.Quliyev 2014-cü il sentyabrın 6-da M.Mustafayevi çağıraraq onunla qardaşı Mətləb Mustafayev haqda 4 saata yaxın söhbət edib. Mətləbin Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsində işləməsini xatırladaraq, ondan dövlət orqanlarında yüksək vəzifə tutan, sahibkarlıqla məşğul olan şəxslərin fəaliyyəti, əmlakı haqda məlumat istəyib. Bir neçə gün sonra qardaşı Mətləbi də MTN-ə çağırıblar. Sentyabrın 13-də isə Malik Mustafayev MTN-dəki vəzifəsindən azad edilib. Bundan dərhal sonra E.Quliyev Malik Mustafayevi yenə otağına çağıraraq, ona qardaşının evindən silah tapıldığını, amma müəyyən şərtlər daxilində ona kömək etməyin mümkünlüyünü deyib. Şərt isə bu olub ki, Mətləb müəyyən məmurların sahibkarlıq fəaliyyəti, əmlakı barədə məlumat verməli və bu da videolentə alınmalıdır. Bundan sonra Antiterror Mərkəzinin rəis müavini, həbsindən iki ay sonra təcridxanada intihar edən MTN polkovniki İlqar Əliyevin otağında qardaşları görüşdürüblər. Mətləb Mustafayev təklifdən imtina edib. Ardından onun barəsində həbs qərarı verilib. Noyabrın 3-də isə Malik Mustafayev özünü asaraq intihar edib.

«ƏLİ NAĞIYEVİN ƏLEYHİNƏ İFADƏ ALMAQ İSTƏYİRDİLƏR»

Əbülfət Məmmədov məhkəmədə deyib ki, dostu ölümündən öncə onunla görüşmüşdü:

***Buna da bax-'MTN işi': 'Eldar Mahmudovun oğlu Fransada şərab zavodu açır'

«Onda bildim ki, qardaşı Mətləbi tutublar, ona görə özünə də təzyiq edirlər. Dedi ki, «rəisim Elçin Əli müəllimin (Əli Nağıyev nəzərdə tutulur-red.) əleyhinə ondan ifadə almaq istəyir». Ölümündən bir gün əvvəl də görüşdük. Dedi ki, özünü yaxşı hiss eləmir, yaşamaq istəmir. Uzun müddət idi evdən də çıxmırdı. Ona təsəlli verib dedim ki, narahat olma, uzağı bir ilə çıxar. Dedi ki, silah-filan olmayıb, boş söhbətdir, başqa söhbətlər var. Ertəsi gün də intihar elədi».

E.Quliyev şahidin söylədiklərinə etiraz edib. Bildirib ki, heç Malik Mustafayevin rəisi olmayıb, o, başqa idarədə işləyib:

«Siz heç Əli Nağıyevi tanıyırsız? Mətləbdə Əli Nağıyev haqda nə məlumat ola bilərdi ki, mən onu almaq istəyim? Siz özünüz Malik Mustafayevin ölümündən sonra niyə istintaqa ifadə verib mənim adımı çəkməmisiz? Mətləb Mustafayev həbsdən çıxandan sonra peyda olmusuz. Bu müddətdə harada idiniz? Bəlkə sənə təzyiq ediblər, bəlkə başını kəsmək istəyiblər ki, susmusan? Sonradan könüllü şəkildə gedib prokurorluqda ifadə vermisən. Bu adam təzyiq altında ifadə verir və dedikləri də qərəzlidir».

«O QƏDƏR BAŞ KƏSMİSİZ, ANCAQ BU HAQDA DANIŞIRSIZ»

Şahid MTN generalına cavabında deyib ki, istintaqda özbaşına ifadə verməyib, müstəntiqin çağırışı əsasında gedib:

«O qədər baş kəsmisiz ki, ancaq baş kəsməkdən danışırsız. Əli müəllimə gəlincə, onu şəxsən tanımıram. Malikdən eşitmişəm ki, Əli müəllim MTN-də işləyib».

***Buna da bax-Çovdarov: 'Hər 4 jetondan birinin pulu Tağı Əhmədovun cibinə gedib'

E.Quliyevin məhkəmədə onun əleyhinə ifadə verənlərin xüsusi öyrədilmiş adamlar olduğunu deməsi prosesdə qalmaqala səbəb olub. Zərərçəkmişləri «dələduz» adlandıran MTN generalı onların prokurorluğun sifarişi ilə yalan danışdıqlarını bildirib: «Bunlar bığ altında yatan adamlardır...».

MTN-də şantaj olunaraq 120 min dollarının alındığını deyən zərərçəkmiş Maqsud Mahmudov generala etiraz edib: «Sənin kimilər MTN-i dağıtdılar».

Tərəflər bir-birini təhqir ediblər. Bu zaman Maqsud Mustafayev stəkandakı suyu MTN generalına atıb. Hakim zərərçəkmişi məhkəmə zalından çıxarıb.

Məhkəmə sentyabrın 22-də davam edəcək.

XATIRLATMA

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra nazirliyin general-mayoru Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Amma bu vəzifədə təxminən bir ay işləyəndən sonra o da həbs olundu. O, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə, hədə-qorxu ilə tələb etmə və başqa əməllərdə suçlanır. E.Quliyev onun tabeliyində işləmiş Azər Mehdiyevlə birlikdə mühakimə olunur.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Nazirliyin 20-dən artıq yüksəkçinli əməkdaşı saxlanıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG