Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:24

MTN generalının zərərçəkmişi üç ildən sonra bəraət aldı


Keçmiş MTN naziri Eldar Mahmudov
Keçmiş MTN naziri Eldar Mahmudov

Həbsdə olan MTN generalı, uzun illər nazirliyin Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyevin cinayət işində zərərçəkmiş var – Mətləb Mustafayev. General bu adamı silahla şərləyib qanunsuz həbs etməkdə, həmçinin onun MTN-in Situasiya Mərkəzinin rəis müavini olmuş qardaşı, polkovnik Malik Mustafayevin bu hadisədən sonra işdən çıxması və ardından intiharında suçlanır.

2014-cü ilin sentyabrında həbs olunmuş Mətləb Mustafayevə CM-nin 228.1 (qanunsuz silah saxlama) maddəsi ilə 2 il həbs cəzası verilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra Ali Məhkəmə Mətləb Mustafayevin işinə baxıb, qərarı ləğv edərək, işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

İTTİHAM SÜBUTA YETİRİLMƏYİB

Oktyabrın 25-də apellyasiya məhkəməsi o işə yenidən baxıb. Mustafayev deyib ki, onu MTN-in sifarişi ilə şərləyiblər, ardından qardaşı özünə qəsd etmək məcburiyyətində qalıb və beləcə, bütün ailələrini darmadağın ediblər.

***Buna da bax-MTN generalı məhkəmənin tez yekunlaşmasını istəyir, zərərçəkmiş isə...

Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyası 2015-ci il aprelin 4-də Nəsimi Rayon Məhkəməsində Mustafayev haqqında çıxarılmış hökmü ləğv edib. Təxminən üç il sonra ona bəraət verilib. Bəraət hökmündə də göstərilib ki, qanunsuz silah saxlama ittihamı sübuta yetirilməyib.

Mətləb Mustafayev Əmlak Məsələləri Dövlət Komitəsində işləyib. Həbs edilərkən iş yeri isə «Azərsu» olub. MTN generalının cinayət işində bu məsələyə aid hissədə yazılıb ki, digər qardaş Malik Mustafayev nümunəvi xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb, dövlət təltiflərinə layiq görülüb. Elçin Quliyev 2014-cü il sentyabrın 6-da onu öz otağına çağıraraq, 4 saata yaxın söhbət edib, ona qardaşı Mətləbin əməllərindən şikayətlənib. Deyib ki, Mətləb Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsindən çıxarılandan sonra müxtəlif dövlət orqanlarına, mətbuata şikayət məktubları göndərir. Ardınca da Malik Mustafayevə təklif edib ki, qardaşı Mətləb dövlət orqanlarında yüksək vəzifə tutan, sahibkarlıqla məşğul olan şəxslərin fəaliyyəti haqda onlara da məlumat versin.

***Buna da bax-Şahid: 'Ulu öndərin Cənubda dostu bir mən idim, bir də Xanış kişi'

DEYİR, ÖZÜNÜ QARDAŞINA GÖRƏ ÖLDÜRÜB

Bir neçə gün sonra isə Elçin Quliyev müavini İlqar Əliyev (həbsindən iki ay sonra, 2015-ci ilin dekabrında təcridxanada intihar edib) vasitəsi ilə Mətləb Mustafayevin özünü də MTN-ə çağırtdırıb.

İttihamda yazılıb ki, Elçin Quliyev hər iki qardaşı «cinayətkar» adlandırıb, ləyaqətlərini alçaldıb. Sentyabrın 13-də isə Malik Mustafayev MTN-dəki xidməti vəzifəsindən azad edilib.

Bundan dərhal sonra Elçin Quliyev Malik Mustafayevi yenidən xidməti otağına çağırıb və ona qardaşının evindən silah tapıldığını deyib. Amma müəyyən şərtlər daxilində ona kömək etməyin mümkün olduğunu da söyləyib. Şərt isə bu olub ki, Mətləb Mustafayev müəyyən məmurların sahibkarlıq fəaliyyəti, əmlakı barədə məlumat verməli və bu da videolentə alınmalıdır. Bundan sonra İlqar Əliyevin otağında qardaşları görüşdürüblər. Mətləb Mustafayev təklifdən imtina edib. Ardından onun barəsində həbs qərarı verilib.

31 il iş stajı olan MTN polkovniki Malik Mustafayev isə həmin il noyabrın 3-də yaşadığı evdə özünü asaraq intihar edib.

***Buna da bax-'MTN işi': 'Eldar Mahmudovun oğlu Fransada şərab zavodu açır'

Amma Elçin Quliyev Malik Mustafayevin işdə ona qarşı haqsızlıqlara görə intihar etməsi fikri ilə razılaşmır. MTN generalı öz məhkəməsində deyib ki, Malik Mustafayev qardaşı Mətləbə görə özünü öldürüb. Onun sözlərinə görə, Mətləb Mustafayev də qanunsuz silah saxladığına görə həbs olunmuşdu.

XATIRLATMA

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra nazirliyin general-mayoru Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Amma bu vəzifədə təxminən bir ay işləyəndən sonra o da həbs olundu. O, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə, hədə-qorxu ilə tələb etmə və başqa əməllərdə suçlanır. E.Quliyev onun tabeliyində işləmiş Azər Mehdiyevlə birlikdə mühakimə olunur.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG