Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:29

MTN işi: Generalın cəzası yüngülləşdirildi, bir nəfər isə azadlığa buraxıldı


Keçmiş MTN-nin, hazırda DTX-nin binası
Keçmiş MTN-nin, hazırda DTX-nin binası

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Nizami Şirinovun cəzası azaldılıb. Fevralın 1-də Bakı Apellyasiya Məhkəməsində İbrahim İbrahimlinin sədrlik etdiyi hakimlər kollegiyası buna qərar verib.

Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin Şirinova təyin etdiyi 8 il azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib.

Şirinovun rəhbərlik etdiyi qurumun tabeliyində idarə rəisi vəzifəsində çalışmış Elcan Abdullayev və keçmiş əməliyyat müvəkkili Nadir Nəzirov da onunla birlikdə mühakimə olunurdu. Apellyasiya məhkəməsi onlara münasibətdə də hökmə dəyişiklik edib. Abdullayevin cəzası 6 ildən 5 ilə endirilib. Bakı Hərbi Məhkəməsinin 4 il həbs cəzası kəsdiyi Nəzirov isə apellyasiya instansiyasında məhkəmə zalından azadlığa buraxılıb. Hakimlər belə nəticəyə gəlib ki, ona ittiham verilmiş epizodlar üzrə qanunda nəzərdə tutulmuş məsuliyyətə cəlbetmə müddəti keçib.

Bakı Hərbi Məhkəməsində bu işə baxılanda general Şirinovla birlikdə üç nəfər mühakimə olunur. Təqsirləndirilən şəxslərdən biri də keçmiş idarə rəisi Elman Tahirov idi. Bakı Hərbi Məhkəməsi hökm çıxaranda ona ittiham verilən epizod üzrə məsuliyyətə cəlbetmə müddətinin keçməsini əsas gətirərək, barəsində cinayət təqibinə xitam vermişdi.

Zərərçəkənlər

Bakı Hərbi Məhkəməsinin hökmündə Şirinovun general rütbəsinin, verilən başqa dövlət təltiflərinin (orden və medallar) alınması məsələsi də əksini tapıb. Həmçinin Şirinova məxsus bir sıra daşınmaz əmlakların müsadirə olunmasına qərar verilib.

General və keçmiş işçiləri adamlardan pul və əmlaklarını zorla almaq üçün onları qanunsuz saxlamaqda, hədə-qorxu gəlməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, rüşvət almaqda suçlanır.

Bu cinayət işində zərərçəkən qismində tanınanlar arasında Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifov da var. Yusifov deyir ki, general və işçiləri ondan hədə-qorxu ilə 315 min dollar alıblar.

Zərərçəkmişlərdən Rahib Ağayev isə Azərbaycan Ordusunun generalı Yaşar Aydəmirovun sürücüsü olub.

General və keçmiş işçiləri özlərini təqsirli bilmir, ittihamda yazılanları qəbul etmirlər.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında 5 general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Onların əksəriyyəti, o cümlədən generallar Akif Çovdarov, Sübahir Qurbanov və s. cəzalarının bir hissəsini çəkəndən sonra azadlığa buraxılıb.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2021-ci ilin aprelində daha iki MTN generalı – Nizami Şirinov və Mövlam Şıxəliyev, eləcə də onların tabeliyində çalışan şəxslər cinayət məsuliyyətinə cəlb olunub. 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmüylə Şıxəliyev haqqında 12 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Şıxəliyev hökmdən apellyasiya şikayəti verib. Hazırda onun da işinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG