Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:32

Eldar Mahmudovun da dindirilməsi tələb olundu


Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş general Natəvan Mürvətova. 21fev2017
Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş general Natəvan Mürvətova. 21fev2017

MTN generalları – nazirliyin Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçmiş rəisi Sübahir Qurbanov və Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş Natəvan Mürvətovanın məhkəməsində hələ ittihamlar araşdırılmır.

Di gəl, elə məhkəmənin hazırlıq iclasındaca keçmiş nazir Eldar Mahmudovun adı hallanıb, onun çağrılıb dindirilməsi tələb edilib.

Buna da bax:​ MTN-in ev dustağı olan qadın generalı: 'Rədd olun buradan!'

Adları çəkilən üç general, eləcə də onların tabeliyində işləmiş Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Proses Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.

MTN generalı Akif Çovdarov və işçilərinin məhkəməsində olduğu kimi, bu məhkəməyə də jurnalistlər buraxılmadığından, AzadlıqRadiosu məlumatı prosesi birbaşa izləyənlərdən alıb diqqətinizə yetirir.

Buna da bax:​ MTN-in 'dadını' görənlər içində Exchange işçiləri də var

General müayinə və müalicə istəyir?

Generalların işi üzrə məhkəmənin hazırlıq iclası fevralın 21-də davam edib. Məhkəmədə general Sübahir Qurbanovun vəkilləri onun səhhətində ciddi problemlər olduğunu deyərək, hakimlərdən müvəkkillərinin şəxsi vəsaitiylə dəvət olunan həkimlərin onu müayinə etməsinə şərait yaradılmasını istəyiblər.

Hakimlər dustağın saxlanmasının Penitensiar Xidmətə aid məsələ olduğunu vurğulayaraq, gərəkərsə, tibbi ekspertiza təyin edilə biləcəyini söyləyiblər. Bu səbəbdən vəsatət baxılmamış saxlanılıb.

Sübahir Qurbanovun vəkili Adil İsmayılov cinayət işinin yenidən araşdırılması üçün istintaqa qaytarılması haqda vəsatət qaldırıb. Vəkil bunu istintaq zamanı yol verilmiş çoxsaylı qanun pozuntuları ilə əsaslandırıb. Adil İsmayılovun sözlərinə görə, iş materiallarında eyni müstəntiqin eyni vaxtda iki ayrı-ayrı adamları dindirdiyi görünür. Sübahir Qurbanov həbs olunarkən, evindən götürülmüş qiymətli əşyalar 7 ay sonra depozitə qoyulub. Halbuki qanunvericilik buna cəmi 7 gün nəzərdə tutub.

Buna da bax:​ MTN generalları 'Rabitəçilər işi'nə gətirildi

Həmin vəsatət də təmin olunmayıb.

Ulu babasının evinə də həbs qoyulub?

Polkovnik Füzuli Əliyevin vəkili İlham Əsədov hüquqlarını müdafiə etdiyi şəxsin əmlakı barədə vəsatət qaldıraraq deyib ki, ona heç bir aidiyyəti olmayan əmlaka, hətta ulu babasının evinə də həbs qoyulub. Halbuki qanun cinayət yolu ilə əldə edilmiş, yaxud cinayət predmeti olan əmlakın üzərinə həbs qoyulmasına imkan verir.

Təqsirləndirilən şəxslərdən Fərhad Atayevin vəkili Qəzənfər Rzayev müvəkkilinin haqqında cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırıb. O deyib ki, MTN-də çalışanlar hərbçi statusuna malikdir, ona görə də işlərinə hərbi məhkəmə baxır. Hərbçilərsə rütbəcə özlərindən yüksək vəzifəlilərin əmrlərini yerinə yetirməyə borcludur. Yəni onlar MTN generallarının əməllərinə görə məsuliyyət daşımırlar.

Buna da bax:​ Z.Əsgərov: 'Eldar Mahmudov məsuliyyət daşıyır'

Vəkil eyni zamanda, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun məhkəməyə çağrılıb dindirilməsini istəyib.

Müdafiəçilər təqsirləndirilən şəxslər haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair də vəsatətlər qaldırıblar. Amma bu vəsatətlər təmin olunmayıb.

Hazırlıq iclasında Həbib Həsənovun sədrlik etdiyi hakimlər kollegiyasına etiraz verilsə də, həmin etiraz da baxılmamış saxlanılıb.

Cinayət işi mahiyyəti üzrə araşdırılması üçün məhkəmə baxışına verilib. Məhkəmə fevralın 28-nə təyin olunub.

Buna da bax:​ Generalların qudalığı “La Parfumery”nin sahibini xilas etdi

Xanım general danışmaq istəmir?

Məhkəmə iclası başa çatınca, təqsirləndirilən şəxslərdən həbsdə olmayan general Natəvan Mürvətova binadan çıxarkən jurnalistlərlə qarşılaşıb. Ötən məhkəmə iclasından sonra media nümayəndələrinə “Rədd olun!” deyib, kobudluq edən xanım general bu dəfə o davranışını əsaslandırmağa çalışıb. Deyib ki, jurnalistlər özlərini təqdim eləmədən ona yaxınlaşıb sual veriblər, ona görə əsəbiləşib. Natəvan Mürvətova müsahibə vermək istəmədiyini, haqqında yazılanların da doğru olmadığını bildirərək, çıxıb gedib.

Xatırlatma

Hakim önünə çıxarılan şəxslər mütəşəkkil dəstə yaradıb, 2004-2015-ci illərdə, özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə və başqa əməllərdə suçlanırlar.

Buna da bax:​ 'Eldar Mahmudov Gülağa Tənhanı da izlətdirib'

«MTN işi» üzrə bütövlükdə 162 nəfər zərərçəkmiş kimi tanınıb. Onların toplam 18 milyon 437 min manatlıq pul və daşınmaz əmlakının ələ keçirildiyi bildirilir.

Cinayət məsuliyyətinə cəlb olunan keçmiş MTN-çilərin 21 milyonluq daşınmaz əmlak, avtomobil və qızıl-zinət əşyalarının üzərinə həbs qoyulub.

XS
SM
MD
LG