Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:13

Ötən il muzdlu işçi sayında cəmi 3 min nəfər artım var


'45 yaşından yuxarı adamlara iş yoxdur'
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

'45 yaşından yuxarı adamlara iş yoxdur' (2022)

Dövlət Statistika Komitəsi (DSK) əmək bazarı ilə bağlı ötən ilin yekun göstəricilərini açıqlayıb. Ölkədə muzdla – rəsmi əmək müqaviləsi ilə işləyənlərin sayca elə də dəyişməməsi ən çox diqqət çəkən bilgilərləndir. 2022-ci illə müqayisədə 2023-cü ildə muzdlu işçi sayındakı artım cəmi üç min (0.2 faiz) nəfərdir. Bu, son illərdə muzdlu işçi sayındakı ən aşağı artım göstəricisidir. 2022-ci ildə ölkədə muzdlu işçi sayında 1.7 faizlik artım vardı.

Açıqlanan rəqəmlərin təhlili göstərir ki, muzdlu işçi sayında ciddi artım olmamasının əsas səbəbi Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Rəsmi bilgilərə görə, ötən ilin əvvəlində Naxçıvan Muxtar Respublikasında 110 min muzdlu vardı. İlin sonunda bu say 60 min nəfərə enib. Deməli, Naxçıvanda muzdla çalışanların sayı ötən il boyunca 50 min nəfər (45 faiz) azalıb. Bu azalmaların, demək olar, hamısı özəl sektorla bağlıdır. 2023-cü ildə Naxçıvanda özəl sektorda çalışanların 70 faizi işini itirib.

Naxçıvanla yanaşı, digər bir çox iqtisadi rayonda da işçi saylarında ya azalma baş verib, ya da artım çox cüzi olub. Məsələn, ötən il Mərkəzi Aran iqtisadi rayonunda muzdlu işçi sayı 1 faiz, Qazax-Tovuz iqtisadi rayonunda 0.9 faiz, Gəncə-Daşkəsən iqtisadi rayonunda 0.8 faiz, Qarabağ iqtisadi rayonunda 0.3 faiz azalıb. Bir çox rayonda iş yerlərinin sayca azalması ölkənin bölgələrində iqtisadi fəaliyyətlə bağlı çətinliklərin göstəricisidir. Bölgələrdə iş yeri sayının artması yerinə azalması hökumətin ölkədə balanslı iqtisadi inkişafa dair dediklərini sual altına alır. Üstəlik, bölgələrdə iş yerlərinin azalması ölkədə daxili və xarici miqrasiya axınlarını da sürətləndirir. Ötən il təkcə Abşeron yarımadasındakı muzdlu işçi sayı baxımından nisbətən yüksək artım qeydə alınıb. Abşeron-Xızı iqtisadi rayonunda muzdlu işçi sayı 5.9 faiz, Bakıda isə 5 faiz artıb.

MSK milyonları necə xərcləyir? – 'Elə də çox maaş vermirdilər'
Gözlə

No media source currently available

0:00 0:06:18 0:00

Maaşlar necə dəyişib?

Ötən il Azərbaycanda ortalama rəsmi əməkhaqqı 934 manat olub. Bu, 2022-ci illə müqayisədə 11.2 faiz artım deməkdir. DSK rəqəmlərindən görünür ki, Azərbaycanda özəl sektordakı əməkhaqqı dövlət sektoru ilə müqayisədə daha yüksəkdir. Özəl sektorda çalışanların orta aylıq maaşı 966 manat olduğu halda, dövlət sektorunda bu rəqəm 904 manatdır. Bu rəqəmlərə vergilər də daxildir və vergiləri çıxılsa, bəlli olur ki, Azərbaycanda özəl sektorda çalışan bir işçinin orta aylıq maaşı təxminən 860 manat, dövlət sektorunda çalışanınsa 755 manatdır. Unudulmasın ki orta aylıq əməkhaqqı deyərkən, ölkədəki bütün maaşların cəminin işçi sayına bölünməsindən alınan rəqəm nəzərdə tutulur. Bu hesablamaya yüksək əməkhaqqı alanlar da daxil olduğundan orta rəqəm nisbətən daha yüksək görünür. Ötən il açıqlanmışdı ki, Azərbaycanda median maaş 460 manatdır. Bu o deməkdir ki, ölkədə əmək müqaviləsi ilə çalışan 1.7 milyona yaxın insanın yarısının maaşı 460 manatdan (vergilər daxil olmaqla) da aşağıdır.

Regional bərabərsizliklər

Azərbaycanda iş yeri sayı və gəlir səviyyəsi baxımından regional bərabərsizliklər ötən il də davam edib. Açıqlanan rəqəmlərdən görünür ki, 2023-cü ilin sonunda ölkədəki 1 milyon 742 min iş yerinin 1 milyon 50 mini - 60 faizi təkcə Abşeron yarımadasında, 40 faizi isə ölkənin digər bütün rayon və şəhərlərində yerləşir. Başqa sözlə, Azərbaycanda rəsmi maaşı olan hər 10 nəfərdən altısı Bakı və ətraf ərazilərdə yaşayır. Bu qədər kəskin fərq Azərbaycanda regionların iqtisadi inkişafı baxımından uçurumun nə qədər dərin olduğunu göstərir.

Regionlarla yanaşı, özəl sektorun da əmək bazarında payı aşağıdır. Ölkədəki 1 milyon 742 min iş yerinin 52 faizi dövlətdən maaş alır. Başqa deyimlə, Azərbaycanda dövlət özəl sektordan daha çox insana maaş verir. Bu məqam Azərbaycanda özəl sektorun zəif inkişafının göstəricisidir. Bu məqam ölkədə iş yeri sayını da azaldır. İnkişaf etmiş ölkələrdə iqtisadi fəal əhalinin 80-90 faizi rəsmi əmək müqaviləsi ilə çalışdığı halda, Azərbaycanda bu göstərici 30 faiz civarındadır.

Əmək müqaviləsi ilə xidməti müqavilənin fərqi nədir?
Gözlə

No media source currently available

0:00 0:05:16 0:00

Maaş fərqləri

Əməkhaqqı məbləğinə görə də Azərbaycanda kəskin problemlər var. Ölkədə yalnız paytaxt Bakıda orta aylıq maaş dördrəqəmli həddə olub. Ötən ilin sonuna Bakı şəhərində rəsmi əməkhaqqı 1 min 183 manat civarında idi. Digər ərazilərdə ortalama aylıq maaş 650 manat ətrafında dəyişir. Öncəki illərdə olduğu kimi, ötən il də Azərbaycanda ən az orta aylıq əməkhaqqı Qax rayonunda qeydə alınıb – 503 manat. Balakən (529 manat) və Zaqatala (549 manat) da orta aylıq maaşın ən az olduğu bölgələr arasındadır. Bakıdan sonra orta aylıq əməkhaqqının daha yüksək olduğu rayon və şəhərlər isə Daşkəsən (940 manat), Şuşa (851 manat) və Sumqayıtdır (830 manat).

Regionlarla yanaşı, sahələr arasında da kəskin əməkhaqqı fərqləri gözə çarpır. Ötən il Azərbaycanda ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb – 3 min 347 manat. Bu sektorda orta maaş ölkə ortalamasından dörd dəfəyə yaxın yüksəkdir. Maliyyə (2 min 325 manat), informasiya və rabitə (1 min 513 manat), dövlət idarəetməsi (1 min 356 manat) və nəqliyyat ( 1 min 278 manat) kimi sahələrdə də orta aylıq maaş nisbətən daha yüksəkdir. Ən aşağı orta maaşın qeydə alındığı sahələrsə kənd təsərrüfatı (559 manat) və ticarətdir (631 manat).

XS
SM
MD
LG