Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:52

Məhkəmə Ə.Kərimli və xanımının internet şikayətinə baxmaqdan imtina etdi


AXCP sədri Əli Kərimli ilə müsahibə - Canlı yayımın təkrarı
Gözlə

No media source currently available

0:00 0:18:40 0:00

AXCP sədri Əli Kərimli ilə müsahibə - Canlı yayımın təkrarı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və həyat yoldaşı Samara Seyidovanın internet və telefon əlaqələrinin məhdudlaşdırılmasıyla əlaqədar şikayətinə məhkəmə baxmaqdan imtina edib. Nəsimi Rayon Məhkəməsi onların şikayətini geri qaytarıb.

Məhkəmənin hakimi Natavan Tağıyeva bu barədə qərardadında Mülki Prosessual Məcəllənin 149-cu (iddia ərizəsinin forması və məzmunu) maddəsinə istinad edib. İddia olunur ki, Ə.Kərimli və xanımının şikayəti bu maddənin tələblərinə cavab verməyib. Hakim qərardadda yazıb ki, iddia tələbi əsaslandırılmayıb: "İnternet rabitəsi xidmətinin cavabdehlər – "Azercell" MMC və "AzQTel" MMC tərəfindən dayandırılması barədə sənədlər iddia ərizəsinə əlavə edilməyib".

Ə.Kərimli isə hesab edir ki, şikayət yetərincə əsaslandırılmışdı. Bu barədə AzadlıqRadiosuna AXCP-dən bildirilib: "Bu cavab işə baxmamaq üçün bəhanədən başqa bir şey deyil. Əli Kərimli də bunu yaxşı bilir. Məhkəməyə verəndə də ədalətli nəticə gözləntisi yox idi, çünki Azərbaycandakı məhkəmələrin vəziyyəti hər kəsə məlumdur. Buna baxmayaraq, yenə də hüquqi müstəvidə mübarizəni davam etdirib, növbəti addımlar atılacaq".

"Azadlıqdan məhrumetmə vəziyyəti yaradıb"

Ə.Kərimli və xanımının istifadəsində olan mobil telefon nömrələri "Azercell" şirkətinə aiddir. Yaşadıqları mənzildə internet üçün isə "AzQTel" MMC-nin (SAZZ) xidmətindən istifadə ediblər. Ona görə də hər iki şirkətə qarşı iddia qaldırıblar. İddia ərizəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də üçüncü şəxs qismində prosesə cəlb olunması istənilib.

İddia ərizəsində bildirilir ki, aprelin 13-də axşam saat 22:30 radələrindən həm mənzildə, həm də hər ikisinin telefon nömrələrində internet xidməti dayanıb. Sonrakı günlərdə isə hər ikisinin internetlə yanaşı, telefon rabitələri də kəsilib.

"Xüsusi karantin rejimində informasiya blokadası öz nəticələrinə görə Əli Kərimli və Samara Seyidova üçün ev dustaqlığı, azadlıqdan məhrumetmə vəziyyəti yaradıb", - iddia ərizəsində vurğulanıb.

Ə.Kərimli bildirir ki, özünün və ailə üzvlərinin konstitusion hüquqları planlaşdırılmış qaydada tapdanıb.

Cavabdehlərdən "Azercell" şirkəti MeydanTV-yə açıqlamasında Ə.Kərimli və xanımının mobil telefonlarında rabitə və internetin məhdudlaşdırılmasıyla əlaqəsi olmadığını bildirib: ""Azercell Telekom" MMC öz fəaliyyətində telekommunikasiya haqqında qüvvədə olan qanunvericiliyi rəhbər tutmaqla, bütün müştəriləri ilə bərabər davranır və onların arasında siyasi baxışlarına görə fərq qoymur".

XS
SM
MD
LG