Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:43

Keçmiş icra başçısına 12 il həbs cəzası verildi


Cəlilabad rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalov Şiləvəngə kəndində səyyar görüş keçirir. 2019
Cəlilabad rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalov Şiləvəngə kəndində səyyar görüş keçirir. 2019

Cəlilabadın keçmiş icra başçısı Namiq Zeynalov 12 il həbsdə qalacaq. İyulun 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri bu hökmü çıxarıb.

Məhkəmə N.Zeynalovun özünə və yaxınlarına məxsus bir sıra əmlakın müsadirəsinə də qərar verib. Beləcə, keçmiş icra başçısına qarşı qaldırılan mülki iddialar təmin ediləcək. Cəlilabad rayon İcra Hakimiyyəti N.Zeynalova qarşı 3 milyon, DOST Mərkəzi isə 50 min manatlıq mülki iddia qaldırıb. Məhkəmə həmin iddiaları təmin edib. İddia olunur ki, yeyinti nəticəsində adları çəkilən dövlət orqanlarına bu qədər ziyan dəyib.

Hökmdən öncə keçmiş icra başçısı məhkəmədə son sözünü deyib: "Dövlət ittihamçısının tələbiylə razı deyiləm. Özümü qismən təqsirli bilirəm. Məhkəmədən də barəmdə humanist hökm çıxarılmasını xahiş edirəm".

Prokuror ona 13 il həbs cəzası verilməsini təklif etmişdi.

Keçmiş icra başçısı mənimsəmə, rüşvətalma, vəzifə saxtakarlığı kimi əməllərdə suçlanır.

N.Zeynalov 2020-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Cəlilabad rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda həbs olunub. O, icra başçısı vəzifəsinə 2018-ci ilin fevralında təyin edilmişdi. N.Zeynalov daha öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti rəisinin müavini vəzifəsində çalışıb.

Xatırlatma

Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında başlanıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçılarını DTX əməkdaşları həbs edib. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında da davam edib.

Həbs olunanlardan yalnız Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun işi üzrə istintaq bitməyib. İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin işi isə hələ məhkəmədədir. Prokuror ona 13 il həbs cəzası istəyib. Digərləri haqqında hökm çıxarılıb.

XS
SM
MD
LG