Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:26

'Sabunçu polisində ləyaqəti alçaldan, tərbiyəsiz hərəkətlər elədilər'


Elçin Qasımov
Elçin Qasımov

“Mənə “bandotdel”də (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir vaxtlar el arasında yayılan adı – red.) olmazın işgəncələr verib Taleh Bağırzadənin (Taleh Bağırov nəzərdə tutulur – red.) və Əli Kərimlinin əleyhinə ifadələr almaq istəyirdilər. Məsləhət verib deyirdilər ki, “körpə uşaqların var, Taleh Bağırzadənin sizə silah payladığı haqda ifadə ver, qısa müddətdən sonra çıx get uşaqlarının yanına”. Dedim, axı Talehin də körpə uşaqları var, olmayan şeyi necə danışıb onun üzünə durum? Bir gün dedilər ki, “bilirsən də, sizi Əli Kərimli tutdurub, onun əleyhinə ifadə verməlisən”. Dedim ki, o adamı bir dəfə - AXCP-nin qurultayında görmüşəm, salamlaşmışam, onun haqqında nə ifadə verə bilərəm, axı? Allah çox böyükdür, şükür ki, ağlasığmaz işgəncələrə dözdüm, heç kimin əleyhinə ifadə vermədim”.

“Müsəlman Birliyi” Hərəkatı İdarə Heyətinin sədri Elçin Qasımovun məhkəmədəki ifadəsində belə deyilir. O, yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi”ndə ikinci qrupun mühakiməsində dindirilib. Bu qrupda Elçin Qasımovla yanaşı, daha 11 nəfər hakim önünə çıxarılıb. İşə Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ Nardaran məhbusu səfirliklərə müraciət etdi

“O silahlar bizdə olsaydı, gedib Qarabağı alardıq”

Elçin Qasımov deyir ki, hakim önünə çıxarılanların hamısı günahsız, onlara verilən ittihamlarsa qondarmadır: “Guya biz “Müsəlman Birliyi Hərəkatı” adlı qanunsuz təşkilat yaratmışıq, bu təşkilat konstitusiyaya zidd fəaliyyət göstərib, şəriət dövləti yaratmaq istəmişik. Allaha and olsun, hamısı yalandır. Bunları yazırlar, amma heç bir sübut da ortaya qoymurlar. Bizim üzərimizə fantastik silah-sursat qoyublar. O silahların müəyyən hissəsi bizdə olsaydı, gedib Qarabağı alardıq”.

Hərəkat 2015-ci ilin yanvarında təsis olunandan sonra onun dövlət qeydiyyatına alınması üçün iki dəfə Ədliyyə Nazirliyinə müraciət edildiyini, nazirliyin sorğuya rəsmi cavabda da bunu təsdiqlədiyini söyləyən Elçin Qasımov öz həbsinə də toxunub və bildirib ki, 2015-ci il noyabrın 5-də saat 19-20 radələrində qayıdarkən, yaşadığı evin yaxınlığında polislər onu gözlədiyini görüb: “Birini tanıyırdım, 14-cü bölmənin əməkdaşı idi. Dedi ki, “rəis səni görmək istəyir”. Mən də sakitcə maşına oturdum, getdik. Məni bölməyə yox, Sabunçu Rayon Polis İdarəsinə apardılar. Ora çatan kimi, heç bir söz demədən, 10-12 nəfər üstümə tökülüşdü, döyməyə başladı. Soruşdum ki, neyləmişəm, hansı cinayəti törətmişəm? Dedilər ki, “bizə mane olursan, başlamısınız ki, ədalətli cəmiyyət istəyirik, ədalətli cəmiyyət qurmağa çalışırıq, siz kimsiniz ki, ədalətli cəmiyyətdən danışırsınız?” Elə davranırdılar, sanki tamam başqa millətin nümayəndələriydi, mən də düşmənəm. Təxminən yarım saat mənə ağlasığmaz işgəncələr verdilər”.

Buna da bax: 'Nardaran-2 işi': 'Bu, dana satıb işə düzələnlərin hazırladığı ittihamdır'

Elçin Qasımovun sözlərinə görə, ertəsi gün inzibati protokol tərtib olunub. Orada yazıblar ki, o, məsciddən çıxıb söyüş söyəndə iki polis əməkdaşı onu intizama dəvət edib, amma tabe olmadığından, tutulub gətirilib. Məhkəmənin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.

Noyabrın 27-də - Nardarandakı qanlı olayların ertəsi günü prokurorluq protest verərək, inzibati həbslə bağlı qərarın ləğvini və Elçin Qasımov haqqında cinayət işi başlanmasını istəyib: “Ayın 27-də verilmiş protestdə hələ noyabrın 28-də dindiriləcək polisin ifadəsinə istinad olunub. Prokurorluq yazır ki, guya mən noyabrın 5-də saat 22.00 radələrində Sabunçu Rayon Polis İdarəsinin qarşısında polis əməkdaşlarına silah və ya silah qismində əşya ilə xəsarət yetirmişəm. Saxtakarlıq olar, bu qədər də yox da. İnzibati həbs qərarında yazılıb ki, mən saat 20 radələrində artıq polis idarəsinə gətirilmişəm. O zaman mən saat 22-də idarənin qarşısında necə ola bilərdim? Bu necə ölkədir, qanunlara bu nə hörmətsizlikdir? Bizim işimiz üzrə istintaq və məhkəmə proseslərində qanunlar ayaq altına atılıb”.

Buna da bax:​ Taleh Bağırovun tərəfdarı yoxa çıxıb

“Sanki təcridxanaya Ben Ladeni gətirmişdilər”

Ardınca cinayət işi başlanıb, ilkin istintaq dövrü üçün üçaylıq həbs-qətimkan tədbiri seçilib: “Məni məhkəmədən Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına gətirdilər. Orada polis dedi ki, “gözün aydın, Hacı Talehi və Hacı Zülfüqarı öldürmüşük. Dedim ki, hamı öləcək, əsas odur, bu həyatı şərəflə, ləyaqətlə başa vurasan”. Oradan da məni Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına gətirdilər. Bizi elə təqdim eləmişdilər ki, sanki təcridxanaya Ben Ladeni gətirmişdilər. Təcridxanada “karantin”in gəzinti sahəsi var, yeri asfalt, üstü də açıqdır. Orada yerə skamya bərkidilib. Təsəvvür edin, soyuq noyabrda açıq havada əllərimi skamyaya qandalladılar, gecədən səhərəcən nazik paltarda o vəziyyətdə saxladılar”.

Dekabrın 4-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını deyən Elçin Qasımov orada on gün boyunca hər gün işgəncələrə məruz qaldığını bildirib: “İşgəncənin müxtəlif növləri var, orada elə işgəncələr verirdilər ki, bu haqda danışıb ürək bulandırmaq istəmirəm. Şükür ki, Allah kömək oldu, heç kimin əleyhinə ifadə vermədim. Bircə, atamın həbsilə məni hədələyib, evimizdən tapıldığı iddia olunan silahla bağlı ifadə verdim ki, guya zibillikdən tapmışam.

Buna da bax:​ Deputat: 'Yolunu azanlar nəticə çıxarsınlar'

Guya dekabrın 3-də bizim evimizdən döşəyin altından qumbara, “Makarov” tapançası, “Hacı Talehin müraciəti” adlı kitabça çıxıb”.

Elçin Qasımovun sözlərinə görə, “Hacı Talehin müraciəti” kitabçası, ümumiyyətlə, mövcud olmayıb. Onu sonradan hüquq-mühafizə orqanlarının özü düzüb-qoşub: “Orada Taleh Bağırzadənin adından yazılıb ki, “Elçin Qasımov və Elman Ağazadəyə qarşı zülmə son qoyulsun”. Elman Ağazadə Taleh Bağırzadədən sonra tutulub. O, əvvəlcədən həmin kitabçada ona qarşı zülmə son qoyulmasını necə tələb edə bilərdi? Əgər o kitabça mənim həbsimdən sonra hazırlanıbsa, mənə qarşı olanlara etiraz bildirilirsə, onda mənim evimdə nə gəzirdi? Silahları da, kitabçanı da özləri qoyub, özləri də götürüblər”.

Buna da bax: Taleh Bağırovun tərəfdarı hələ tapılmayıb

“Polis İdarəsində bütün yeri bizim bədənimizlə sildilər”

Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü Ağa-Əli Yəhyayev də ifadə verərək deyib ki, Elçin Qasımovun həbsilə əlaqədar noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısına gəlib, orada həbs olunub. İttihamların şər-böhtan olduğunu söyləyən Yəhyayev məruz qaldığı işgəncələrdən də danışıb: “Paltarlarımızı cırıb, lüt vəziyyətdə bizi polis idarəsinə apardılar. Azərbaycanda görünməmiş haqsızlığı bizə elədilər. Sabunçu Rayon Polis İdarəsində bütün yeri bizim bədənimizlə sildilər. Ləyaqəti alçaldan, tərbiyəsiz hərəkətlər elədilər. Bədənimdə elə yer yox idi ki, “tok” verməsinlər. Kişiliyi olmayan insanlar bizim kişiliyimizə toxunmaq istədilər. Ermənidən betər alçaqlıq etdilər. Öz mahiyyətlərinə uyğun rəftar elədilər”.

Hətta ömürlük həbsin də onları əqidəsindən döndərməyəcəyini deyən Ağa-Əli Yəhyayevin fikrincə, Azərbaycanda hakimiyyət xalqla dindarlar arasında uçurum yaratmaq istəyir: “Bizdə nə silah-sursat, nə də kitabça olub. Bizim silahımız danışdıqlarımızdır. O kitabça da öz beyinlərinin məhsuludur. Biz heç vaxt dövlətçiliyə qarşı çıxmamışıq”.

Buna da bax:​ 'Nardaran işi'ndə hökmlər alqışlarla qarşılandı [video]

Xatırlatma

Elçin Qasımov və onunla birlikdə hakim önünə çıxarılanlar terrorçuluğa çağırış, hakimiyyət nümayəndəsinin tələblərinə tabe olmama, kütləvi iğtişaşların təşkili, silah-sursat saxlama və başqa əməllərdə suçlanırlar.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov 2015-ci ilin noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və onunla birlikdə mühakimə olunan 17 nəfərin məhkəməsi yanvarın 25-də yekunlaşıb. İlahiyyatçıya 20 il həbs cəzası kəsilib.

XS
SM
MD
LG