Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:39

'Kitabçada mənim adımdan 'oğru İlham Əliyev' yazıblar'


Nardaran məhbusları
Nardaran məhbusları

Noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” Hərəkatının sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.

Həkim «Facebook» sosial şəbəkəsində şərh yazdığına görə dindirilib. Səbəb onun AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Azərbaycanda seçkinin saxtalaşdırılması barədə «Facebook» statusuna şərh yazmasıdır.

Ürəyindən 6 dəfə əməliyyat olunmuş, özü də ürək həkimi olan Hüseynbala Mehdiyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib. Bu barədə o, noyabrın 14-də Fuad Qəhrəmanlı, «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov də daxil olmaqla, 18 nəfərin mühakimə olunduğu «Nardaran işi» üzrə məhkəmədə danışıb.

F.Qəhrəmanlını indiyədək real həyatda görmədiyini, ancaq onu ləyaqətli, cəsarətli, vətənpərvər biri kimi tanıdığını deyən H.Mehdiyev qeyd edib ki, «bandotdel»dən çıxandan sonra «Facebook»da şərh yazmağı da, yazıları bəyənməyi də tərgidib.

«BİRDƏFƏLİK DESİNLƏR Kİ, YAZMAYIN»

«Azərbaycanda hər şeyin seçki yolu ilə olmasını istəyirəm. Bu, mənim arzumdur. Hesab edirəm ki, nə olursa olsun, mütləq seçkiyə getmək lazımdır, başqa yolu yoxdur. Amma ağlıma gəlməzdi ki, bir «comment»ə görə «banditizm»ə çağırarlar. Elə birdəfəlik elan eləsinlər ki, «comment» yazmayın, biz də yazmazdıq. Məni o idarədən çağırandan sonra gedib məsələnin mahiyyətini bilənə qədər nə qədər stress keçirdim», – şahid həkim deyib.

Onun istintaqa ifadəsində F.Qəhrəmanlının əleyhinə fikirlər yer alıb, amma o, ifadəni təsdiqləməyib. Bildirib ki, həmin vaxt üstündə eynəyi olmadığından müstəntiqin nə yazdığını oxuya bilməyib: «Müstəntiqlə səmimi söhbət elədik. Həkim olduğumu biləndə elə daha çox xəstəliklərdən danışdıq. Hətta müəyyən məsələlərə görə ona dedim ki, sən evlənməlisən».

F.Qəhrəmanlı bu cür mövqeyinə görə H.Mehdiyevə təşəkkür edib: «Bütün bu baş verənlər ittihamın nə qədər absurd olduğunu göstərir. Əgər bir şərhə görə insanlar «bandotdel»ə aparılırsa, görün o ölkədə söz azadlığı nə gündədir. Bu hakimiyyətin mahiyyəti şər üzərində qurulub, ona görə də söz azadlığından ermənidən daha çox qorxur. Amma hakimiyyətin zorakılığı cəmiyyəti mənəvi deqradasiyaya uğratmaq gücündə deyil».

Taleh Bağırzadə
Taleh Bağırzadə

«O QƏDƏR SƏHVLƏR BURAXIBLAR Kİ...»

Bugünkü məhkəmə iclasında dindirilən Xaqani Dadaşovun ifadəsində «Nardaran işi» üzrə şahidlərin polisə aparılıb saxlanması haqda ötən iclaslarda vəkillərin qaldırdığı məsələ bir daha təsdiqlənib. Şahid deyib ki, bir müddət öncə onu Sabunçu rayonu 42-ci polis bölməsinə çağırıblar. Bu iş üzrə dindiriləcək başqa şahidlər də olub. Oktyabrın 26-da onları ifadə vermək üçün məhkəməyə gətiriblər. Amma üç nəfər dindiriləndən sonra məhkəmə təxirə salınıb və onlara növbə çatmayıb. Yenidən məhkəmədən qaytarıb polisə aparıblar. Bir müddət orada saxlanıldıqdan sonra çıxıb gediblər.

X.Dadaşov balıq satmaqla ailəsini dolandırır. Deyir ki, keçən il noyabrın 26-da Nardaranda əməliyyat keçirilən vaxt da adəti üzrə şəhərə balıq satmağa getmişdi.

Dadaşovun istintaqa ifadəsində yazılıb ki, «Taleh Bağırov hamını silaha sarılıb, dövlətə qarşı çıxmağa çağırırdı, dini dövlət qurmaq istəyirdi, Nardaranda onun qaldığı Əbülfəz Bünyadova məxsus evdə «Molotov kokteyli» hazırlanıb, silahlar paylanıb». X.Dadaşov bu ifadəni təsdiqləməyib və belə fikirlər söyləmədiyini vurğulayıb. Əlavə edib ki, o, istintaqdakı ifadəni oxumadan imzalayıb.

«İstintaqda o qədər səhvlər buraxıblar ki, özləri özlərini ifşa edirlər. Guya mən islam dövləti qurub, onun prezidenti olmaq istəmişəm. Bunlar hələ onu qanmır ki, İslam xilafətinin xəlifəsi olur, prezidenti yox. Qanıb yazırlarsa, bilmirəm ki, məqsədləri nədir. İkincisi, biz öz prezidentimizi 2013-cü ildə seçmişik - Cəmil Həsənlini. 2018-ci ilə qədər də bizim üçün prezident odu»,Taleh Bağırov bildirib.

Məhkəmə Mehriban Əliyevanın təhqir olunub-olunmamasını aydınlaşdıracaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cinayət işinin materiallarına əlavə olunmuş "Taleh Bağırzadənin müraciəti" adlı kitabçaya rəy vermiş əməkdaşı Mahir Qəniyev şahid kimi dindirilmək üçün məhkəməyə çağrılıb. Amma təqsirləndirilən şəxslər onun dindirilməsinə etiraz ediblər.

Buna da bax:​ 'Nardaran işi'ndə şahidlər yenidən polisə aparılır

"İstintaq elə bil pambıq planı doldurur"

"İstintaq elə bil pambıq planı doldurur. Ekspert kimi rəy vermiş adam şahid statusunda dindirilə bilməz. Bu adam nəyə şahidlik edib? Onun şahid statusuna xitam verilməlidir", - deyə Fuad Qəhrəmanlı etirazını bildirib.

Hakimlər təqsirləndirilən şəxslərin etirazını nəzərə alaraq, Mahir Qəniyevin şahid statusuna xitam verib və o, dindirilmədən yola salınıb.

"Cürətləri çatmırsa, mənim adımdan istifadə eləməsinlər"

Taleh Bağırov isə o kitabçanın onların həbsindən sonra hazırlandığını vurğulayıb. Qeyd edib ki, kitabçada Nardaran hadisələrindən bəhs olunması da bunu sübut edir: "Özləri hazırlayıb, işin materiallarına əlavə eləyiblər. Məsələ burasındadır ki, o kitabçada mənim adımdan "oğru İlham Əliyev" ifadəsini yazıblar. Mən belə bir ifadə işlətməmişəm. İstədiyim sözü deməyə mənim cəsarətim çatır, mənim adımdan nəsə yazmaq lazım deyil. Güman ki, o kitabçanı "bandotdel"in işçiləri hazırlayıb. Bəlkə Ramil Usubov demək istədiyi sözü işçiləri vasitəsilə mənim adımdan yazdırır? Cürətləri yoxdursa, mənim adımdan yazmasınlar".

Buna da bax:​ 'Nardaran işi' - daha 12 nəfərin məhkəməsi gözlənir

“Qərar... müvafiq orqanlara göndəriləcək”

Təqsirləndirilən şəxslər BMCMİ-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ünvanına təhqirlər səsləndirmiş polislərin cəzalandırılması barədə ötən məhkəmə iclaslarında qaldırdıqları vəsatətin aqibəti ilə maraqlanıblar. Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, bu barədə müvafiq orqanlara rəsmi qərar göndəriləcək: "Dövlət rəhbərliyi və birinci xanım barədə təhqirlərlə əlaqədar məhkəmənin sonunda qərar çıxarılıb müvafiq orqanlara göndəriləcək".

XATIRLATMA

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, altı şəxs həlak olub. Rəsmi bilgilərə görə, "Müsəlman Birliyi" Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T. Bağırov və onunla saxlananlar qətldə və bir çox başqa ağır cinayətlərdə suçlanırlar. Təqsirləndirilən bu ittihamları rədd edir, ifadələrin işgəncə altında alındığını bildirirlər.

Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları "Nardaran işi"ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

Buna da bax:

Nardaran şahidi: "Birdəfəlik desinlər ki, "comment" yazmayın"
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

XS
SM
MD
LG