Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:02

Nardaran işində hakimdən narazıdırlar


Nardaran məhbusları
Nardaran məhbusları

Nardaran hadisələrinə görə təqsirləndirilərək məhkəmə qarşısına çıxarılan şəxslər işə baxan hakimdən narazıdılar.

Təqsirləndirilənlər “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərdir.

Buna da bax:​ 'Nardaran işi' - daha 12 nəfərin məhkəməsi gözlənir

Nardaran işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyilə, Mahmud Ağalarov və Eldar Mikayılovdan ibarət hakimlər kollegiyası baxır. Təqsirləndirilən şəxslərdən Abbas Hüseynov Əlövsət Abbasovun bu işdən uzaqlaşdırılması üçün məhkəməyə yazılı etiraz verib. O, etirazında hakimin prosesi qərəzli apardığını, təqsirləndirilən şəxslərə fikirlərini ifadə etməyə yetərincə imkan yaratmadığını göstərib. Qeyd edib ki, ötən məhkəmə iclaslarının birində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Emin Babayev dindirilərkən onun yalanını ifşa etməkdən ötrü müdafiə tərəfinin verdiyi sualların qarşısı alınıb, proses yarımçıq dayandırılıb və Ə. Abbasov təqsirləndirilən şəxsləri "hamınız cəzalanacaqsız" deyərək hədələyib.

“QƏRƏZLİ YANAŞMAYA SÜBUT YOXDUR”

Noyabrın 23-də keçirilən məhkəmə iclasında A. Hüseynovun etirazı müzakirəyə çıxarılıb. Digər təqsirləndirilənlər də etirazı dəstəkləyiblər. Vəkillər də etirazın təmin olunmasını istəyiblər.

Buna da bax: Nardaran işi: 'Şalvarımı aşağı çəkəndə, dözmədim'

Amma dövlət ittihamçısı Nəsir Bayramov etirazı əsassız hesab edib. Deyib ki, təqsirləndirilən şəxslərə sözlərini deməyə yetərincə şərait yaradılır, onların heç bir hüququ məhdudlaşdırılmır.

Məhkəmə tərkibindəki digər iki hakim etirazı müzakirə etməkdən ötrü müşavirəyə gedib. Təxminən saat yarım çəkən müşavirədən sonra etirazın baxılmamış saxlanıldığı açıqlanıb. Deyiblər ki, Əlövsət Abbasovun bu işə qərəzli yanaşdığını təsdiqləyən heç bir sübut yoxdur.

Bu gün həmçinin bəlli olub ki, Nardaran işi üzrə istintaqda dindirilmiş şahidlərin bir qisminə məhkəmədə ifadə vermək üçün çağırışlar göndərilsə də, onlar gəlmirlər. Bu səbəbdən məhkəmə noyabrın 29-na qədər təxirə salınıb.

Buna da bax:​ 'Nardaran işi'ndə 'başıpapaqlı' atmacası

Təqsirləndirilən şəxslərdən Fuad Qəhrəmanlı hesab edir ki, məhkəmə prosesi süni şəkildə uzadılır. O, məhkəmənin bu cür səbəblərlə uzun müddət ertələnməsinə etiraz edib.

XATIRLATMA

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilən bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Buna da bax: Nardaran işi: ‘İşgəncələrin bircə faizi Zahid Oruca verilsəydi...’

Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

Buna da bax:

Nardaran işi: 'Qəbirlərlə işiniz olmasın'
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

XS
SM
MD
LG