Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:28

NATO nüvə qadağanı müqaviləsinə qarşıdır


NATO-nun Brüsseldəki baş qərargahı
NATO-nun Brüsseldəki baş qərargahı

NATO Nüvə Silahının Qadağanı Müqaviləsinə və ya ingiliscə qısa adı NPT olan sənədə qarşı olduğunu bildirib.

Şimal alyansının 15 dekabr tarixli bəyanatında deyilir ki, “bu müqavilə hazırda yaranmış beynəlxalq təhlükəsizlik atmosferini əks etdirmir, nüvə silahının yayılmamasının və tərksilahının hazırkı arxitekturası ilə ziddiyyət təşkil edir”.

Sözü gedən müqavilə 2021-ci ilin yanvarından qüvvəyə minməlidir.

Ötən oktyabrın sonlarında Nüvə Silahının Ləğvi üzrə Beynəlxalq Təşkilat (ICAN) bildirmişdi ki, NPT 50 dövlət tərəfindən ratifikasiya olunub və 2021-ci il, yanvarın 22-də qüvvəyə minməlidir.

Nüvə silahı olan bircə ölkə də bu sənədi imzalamayıb

RIA Novosti xəbər agentliyi xatırladır ki, Rusiya da “nüvə klubunun üzvü olan başqa ölkələr kimi” bu sənədi imzalamayıb.

NATO bəyanatında da başlıca olaraq bu məqam vurğulanır.

Bəyanatda deyilir ki, “biz ən son məqsəd olaraq nüvə silahı olmayan dünyaya tərəfdar olmaqda davam edirik...buna baxmayaraq NPT müqaviləsinin onun şərtlərinin yerinə yetirildiyinin yoxlanması üçün dəqiq mexanizmi yoxdur”.

Bəyanatda daha sonra qeyd olunur:

“Digər tərəfdən bu qadağan nüvə silahına malik bircə ölkə tərəfindən də imzalanmayıb və ona görə də bircə nüvə silahının da ləğv olunması ilə nəticələnməyəcək”.

Bununla belə, NATO-nun bəyanatında bildirilir ki, “NPT nüvə tərksilahına gedən yeganə etibarlı çığırdır”.

NATO nüvə alyansı olaraq qalacaq

Bəyanatda qeyd olunur ki, hazırkı şəraitdə NATO reallıqları nəzərə almalıdır:

“NATO müdafiə alyansıdır. NATO-nun nüvə qabiliyyətinin təməl məqsədi sülhü qoruyub saxlamaq, toqquşmaların qarşısını almaq və təcavüzu çəkindirməkdir. Lakin dövlətlərin nüvə silahlarına dair beynəlxalq razılaşmalara məhəl qoymadığı bir vaxtda NATO-nun nüvə silahının olmamaması dünyada təhlükəsiz şərait yarada bilməz. Odur ki, nüvə silahları qaldıqca NATO nüvə alyansı olaraq qalacaq”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da NPT-ni “nüvə tərksilahının zorla qəbul etdirilməsinə çalışan hazırlıqsız sənəd” adlandırıb.

Zaxarova deyib ki, Rusiya bu müqavilənin nüvə tərksilahına hər hansı konkret töhfə verəcəyinə inanmır.

“Nüvə klubuna” və ya nüvə silahına malik olan ölkələrin siyahısına əvvəllər yalnız ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin daxil olsa da, sonrakı illərdə Hindistan, İsrail, Pakistan və Şimali Koreya da nüvə silahı əldə edə bilib.

XS
SM
MD
LG