Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:37

Qarabağ məsələsində Bakının NATO-dan umduqları


NATO-nun bayrağı
NATO-nun bayrağı
Ekspertlərin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində hazırda NATO-dan nəsə ummağa dəyməz

Həm NATO, həm də Azərbaycan rəsmiləri bu qurumla Bakının əməkdaşlığının səviyyəsindən razılıq bildirir, ancaq eyni zamanda irəlidə görüləcək işlərin çoxluğundan danışırlar. Azərbaycan-NATO tərəfdaşlığını izləyən ekspertlərsə bu qənaətdədir ki, bu əlaqələr daha da inkişaf etdirilə bilər. Amma hazırkı məqamda həmin beynəlxalq qurumdan Dağlıq Qarabağ münaqişəsinin həllində nəsə ummaq düzgün deyil. Münasibətlərin səviyyəsi buna imkan vermir.


NATO baş katibinin müavini, qurumun Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons deyir ki, ümumilikdə Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində görülmüş işlər uğurludur. Bəzi sahələrdə NATO irəliləyiş görmək istəyir və bu planın növbəti mərhələsinə hazırlıq gedir. "Fərdi Tərəfdaşlıq Proqramı daim yenilənməli olan canlı bir sənəddir. Yəni gələn il biz daha yaxşı işləməliyik. Əgər mən desəydim ki, biz bu işdən tamamilə razıyıq, onda Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində işləri davam etdirməyə ehtiyac olmazdı. İndi biz bu proqramı gələn il üçün hazırlamalıyıq, biz daim bu əməkdaşlığı yeniləşdirməliyik".


Robert Simmonsun sözlərinə görə, Cənubi Qafqazdakı bütün münaqişələr NATO-nu narahat edir və tərəflərin razılığa gələcəyinə ümid bəsləyir.

NATO-nun Qarabağ münaqişəsinə münasibəti baxımından bəzi ekspertlər düşünür ki, NATO Ermənistanı təcavüzkar dövlət kimi tanımalıdır.

Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyevin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində NATO-dan bir kömək ummağa dəyməz. Çünki bu qurum Azərbaycanla Ermənistana eyni münasibətdədir, hətta Ermənistanla əlaqələr daha güclüdür.


Ancaq Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini müsbət qiymətləndirir. O ki qaldı bu qurumun Ermənistana qarşı konkret mövqe bildirməməsinə, Araz Əzimov deyir ki, bu məsələ cənab Simmonsun məsuliyyəti xaricindədir.


Xarici məsələlər üzrə ekspert Rahim Hacıyevin fikrincə isə, NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həllinə qarışmamasının daha dərin səbəbləri var. Belə ki, Azərbaycan öz problemlərinin həllində beynəlxalq aləmdən çox şey umur, ancaq öz üzərinə düşən vəzifələrin nədən ibarət olduğunu elə də yaxşı başa düşmür. Bunun üçün Azərbaycan NATO-yla daha sıx inteqrasiya haqqında düşünməlidir, lazımi islahatlar aparmalıdır: "Məsələn, ordu NATO standartlarına uyğunlaşdırılmalıdır. Bu ölkənin hərbi doktrinası yoxdur, NATO bilmir ki, Azərbaycan hansı istiqamətdə inkişaf edəcək".


Rahim Hacıyev deyir ki, NATO həm də siyasi blokdur. Bu quruma demokratik cəhətdən inkişaf etmiş ölkələr daxildir. Ötən parlament seçkisindən sonra isə NATO rəsmisi seçkinin demokratik keçmədiyini dedi. Azərbaycan bu bəyanatdan nəticə çıxarmalıydı.

NATO rəsmisi Robert Simmons Azərbaycanın ordu quruculuğunda yeniliklərə də münasibət bildirdi. Dedi ki, ayı-ayrı ordu hissələrində inkişaf var, Müdafiə Nazirliyi bu işi davam etdirir və proses daha da yaxşılaşdırıla bilər.


XS
SM
MD
LG