Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:41

Gələn il Dövlət Neft Fondunun gəliri yarıbayarı azala bilər


Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Neft erası bitir, yoxsulluq başlayır? (2022)

Hesablama Palatası Dövlət Neft Fondunun (DNF) gələnilki büdcəsi barədə rəyini yayımlayıb. Büdcə göstəricilərinə görə, gələn il DNF-yə 12 milyard 73 milyon manatın daxil olması, 12 milyard 900 milyon manatınsa xərclənməsi nəzərdə tutulur. Açıqlanan göstəricilərdən aydın olur ki, DNF-nin gələnilki gəlirləri bu ilin gözlənilən gəlirləri ilə müqayisədə (18.8 milyard manat) xeyli az olacaq.

Dövlət Neft Fondunun gözlənilən builki gəlirləri ilin əvvəlində fondun təsdiqlənmiş büdcəsindəki gəlirlərdən iki dəfə çox olacaq. Fonda daxil olması gözlənilən gəlirlərin ilkin proqnozdan iki dəfə çox olmasının səbəbi xam neft qiymətlərinin gözləniləndən çox olması, eləcə də fondun idarəetməsində olan vəsaitin gəlirlilik faizinin yüksəlməsidir. Nəzərə almaq lazımdır ki, gözlənilən gəlirlərdəki artım "Azəri"-"Çıraq"-"Günəşli" yataqları üzrə neft hasilatının azaldığı, "Şahdəniz" qaz yatağında isə olduğu kimi qaldığı bir şəraitdə baş verib. 2023-cü ildə neftin orta mədaxil qiymətinin 60 dollar olması proqnozlaşdırılsa da, ilin ilk doqquz ayında bu göstərici 78.6 dollar olub.

Fondun gəlir və xərcləri necə formalaşacaq?

Dövlət Neft Fondunun büdcə sənədindən aydın olur ki, gələn il fondun büdcəsinə (Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər formasında) 8 milyard 146 milyon manatın daxil olması gözlənilir. Bu, fondun toplam gəlirlərinin təxminən 70 faizi deməkdir. Büdcəyə daxil olması proqnozlaşdırılan daha 3 milyard 132 milyon manatınsa DNF vəsaitlərinin idarəedilməsi hesabına qarşılanması nəzərdə tutulur. Daha 767 milyon manatsa bonus ödənişləri şəklində fondun büdcəsinə daxil olacaq.

Fondun xərclərinin əsas hissəsi büdcəyə transfertlə bağlıdır. Artıq uzun illərdir ki, Azərbaycan dövlət büdcəsinin ən böyük gəlir maddəsi Dövlət Neft Fondundan köçürülən vəsaitdir. Gələn il DNF dövlət büdcəsinə 12 milyard 781 milyon manat köçürməyi proqnozlaşdırır. Bu o deməkdir ki, Azərbaycanın 2024-cü il büdcəsinin gəlirlərinin təxminən 35 faizi birbaşa neft fondunun vəsaitləri hesabına təmin ediləcək. Enerji şirkətlərinin ödədiyi vergilər də nəzərə alınsa, dövlət büdcəsində neft –qaz sektoru gəlirlərinin payı 50 faizə yaxındır. Ancaq o da var ki, əgər neft qiymətləri gələn il də gözləniləndən (60 dollar) çox yüksək olarsa, neft fondunun büdcəyə transfertləri azala bilər.

Dövlət Neft Fondunun büdcəsində xərc maddəsi kimi nəzərdə tutulan digər istiqamət Azərbaycan vətəndaşlarının xaricdə təhsil proqramlarının maliyyələşdirilməsidir. Gələn il DNF xaricdə təhsil alanlara 81 milyon manat sərf edəcək. Fondun xərclərinin daha 38 milyon manatı isə qurumun saxlanılmasına gedəcək.

Artıq qaz qiymətləri də proqnozlaşdırılır

Son iki ildə təbii qazın bahalaşması Azərbaycanın ixracında təbii qazın payını artırıb. Məsələn, bu ilin ilk 10 ayında Azərbaycanın ixracında xam neftin payı 47 faiz, təbii qazın payı 42 faizdir. Halbuki bir neçə il öncəyədək bu nisbət 70-20 şəklində idi. Təbii qaz gəlirlərinin ixracda pay artımı artıq bu məhsulun da orta qiymətinin proqnozlaşdırılmasına yol açıb. Azərbaycanda indiyədək büdcə göstəriciləri hazırlanarkən bir barel neftin proqnoz qiyməti açıqlanır və növbəti ilin büdcəsi həmin proqnoz təməlində hazırlanırdı. Bu baxımdan, Hesablama Palatasının Dövlət Neft Fondunun büdcəsinə dair rəyində artıq təbii qaz qiymətləri ilə bağlı proqnozun da yer alması diqqət çəkir. Həmin açıqlamadan görünür ki, büdcə hazırlanarkən gələn il təbii qazın min kubmetrinin qiyməti 511 dollardan hesablanıb. Başqa deyimlə, artıq Azərbaycan iqtisadiyyatının durumu və gələcəyi barədə fikir sahibi olmaq üçün tək neftin qiymətlərinə deyil, təbii qazın da qiymətlərinə baxmaq gərəkəcək.

Gələn il neft qiymətləri necə olacaq?

Azərbaycan iqtisadiyyatının təməlini enerji sektoru təşkil etdiyindən qarşıdakı il neft qiymətləri ilə bağlı proqnozların necə olması önəm daşıyır. İndiyədək bir neçə beynəlxalq təşkilat 2024-cü ildə neft qiymətləri ilə bağlı proqnozunu açıqlayıb. Açıqlanan proqnozlar içərisində ən yüksək proqnoz "Goldman Sachs"a məxsusdur. İnvestisiya bankının sentyabrda yayımladığı proqnozda gələn il xam neftin bir barelinin orta qiymətinin 100 dollar olması proqnozlaşdırılıb. Gələn il neft qiymətləri ilə bağlı ən aşağı proqnozu isə Beynəlxalq Valyuta Fondu (BVF) verib. BVF oktyabrda yayımladığı proqnozda gələn il xam neft qiymətlərinin 79.9 dollar olmasını proqnozlaşdırıb. Dünya Bankının proqnozu 81 dollar, Avropa Mərkəzi Bankının proqnozu 81.8 dollar, ABŞ enerji informasiya agentliyinin proqnozu 94.9 dollardır. Gələn ilin dövlət büdcəsi hazırlanarkən Azərbaycan neftinin bir barelinin orta qiyməti 60 dollardan hesablanıb.

XS
SM
MD
LG