Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:56

Ömrügödək büdcə


Şerif. Karikatura
Şerif. Karikatura

►Hökumət bu ilin dövlət büdcəsini dəyişməyə hazırlaşır

Nazirlər Kabineti sərəncam verir və hər il yanvarın 3-cü ongünlüyündə növbəti ilin dövlət büdcəsinin tərtibi başlanır.

Uzun çək-çevirdən sonra oktyabrın 15-dək Milli Məclisə təqdim edilir.

“Bunu nədən xatırladırsınız” sualının tək cavabı var: Büdcə hazırlamağa yetərli zaman ayrılır ki, proqnozlar da yetərincə düzgün olsun.

İndi məlum olur ki, hökumət təxminən 2,5 ay öncə (7 dekabr 2015-ci il) təsdiqlədiyi büdcəni yenə dəyişməyə hazırlaşır.

Təsdiqlənmiş variantda neftin qiyməti 50 dollardan və 1 dollar=1 man. 5 qəpik məzənnəsinə dayanaraq hesablanmışdı. Gəlirlər 14 milyard 566 milyon manat və ya 13 milyard 800 milyon dollar səviyyəsində proqnozlaşdırılmışdı.

Yeni variantda neftin qiyməti 25 dollardan hesablanacaq və 1 dollar= 1 man. 55 qəpik məzənnəsi əsas götürüləcək. Gəlirlərin məbləği 16 milyard 822 milyon manat və ya 10 milyard 800 milyon dollar proqnoz edilir.

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Gəlir manatla ifadədə artır, dollar ifadəsində azalır”

İqtisadiyyat eksperti Rövşən Ağayev deyir ki, dəyişikliklə dövlət büdcəsinin gəlirləri manat ifadəsində 2.2 milyard artır, dollar ifadəsində isə 3 milyard azalır:

“Artan 2.2 milyard manatın 408 millyon manatı Vergilər Nazirliyinin, 220 milyon manatı Gömrük Komitəsinin hesabına təmin ediləcək. Medianın yaydığı məlumatda rast gəlməsəm də, aydındır ki, artımın yerdə qalan 1.6 milyard manatı Dövlət Neft Fondundan (DNF) transfertlər hesabına təmin olunacaq. Nəticədə büdcənin köhnə variantında fondun öhdəliyi kimi müəyyənləşdirilən 6 milyard manat 7.6 milyard manata çatdırılacaq”.

Rövşən Ağayev
Rövşən Ağayev

“DNF-nin xərcləri 10 milyard manata yaxınlaşacaq”

Ekspert deyir ki, büdcəyə transfertin artımı da nəzərə alınsa, DNF-nin xərcləri 10 milyard manata yaxınlaşacaq:

“Bu isə yeni məzənnə ilə 6.3 milyard dollara bərabərdir. Göründüyü kimi, icmal büdcənin yeni variantında DNF-nin kəsiri, azı, 2.8 milyard dollara çatacaq. Dekabrda təsdiqlənən büdcə ssenarisində fondun kəsirini örtməyə 1.4 milyard dollar yetərli idi”.

Başqa bir ekspertin - Rəşad Həsənovun fikrincə, büdcənin qısa müddət sonra yenidən layihələndrilməsi, ilk növbədə, proqnozlaşdırmada zəiflikdən və eyni zamanda neftin bahalaşacağına inamdan qaynaqlanır:

“2015-ci ilin büdcəsi hazırlanarkən də bu hal müşahidə edildi. Neftin 1 barrelinin qiyməti 45-50 dollar olduğu halda hökumət 90 dollarla büdcə formalaşdırdı. Hazırda büdcə dəyişikliyi devalvasiya, neftin qiyməti və prezidentin sosial istiqamətli fərmanlarının icrasına imkan yaradılması səbəbindən həyata keçirilir”.

“Vergi və gömrük hesabına...”

Ekspert bildirir ki, iqtisadi durğunluğun yaşandığı indiki halda vergi yığımlarının 2015-ci ildəki icraya uyğun proqnozlaşdırılması real deyil:

“Görünür, vergi ödəyicilərinin yükünü ağırlaşdırmaq nəzərdə tutulub. Bu, iqtisadi fəallığı daha da azalda bilər. Leqal dövriyənin əhatəcə genişləndirilməsi 2-ci versiya ola bilər. Amma bu istiqamətdə ciddi səylər görünmür. Gömrük daxilolmaları da, yeni layihəyə görə, 14 faizədək artırılıb. Yanvar ayının məlumatlarından yola çıxsaq, bu il idxalın həcmi xeyli azalacaq. Səbəb - ölkədaxili alıcılığın azalması olacaq. Məhz bu məqam gömrük öhdəliklərini kölgə altına alır”.

“DNF öz ehtiyatlarından istifadəyə məcbur olacaq”

R.Həsənov qeyd edir ki, DNF gəlir artımında əsas mənbə olacaq:

“Fondun transfert öhdəliyi 1.6 milyard manat artırılaraq, 7.6 milyarda yüksəldilir. Beynəlxalq təşkilatların proqnozlarından yola çıxsaq, ilboyu neftin orta qiyməti təxminən 33-37 dollar civarında olacaq. Bu isə, ən yaxşı halda, fonda 3.2-3.5 milyard daxilolma deməkdir. Fondsa bügünkü məzənnə ilə büdcəyə 4.7 milyard dollar xərcləməlidir, bu da 2015-ci ildə olduğu kimi, ehtiyatlardan yararlanmaq deməkdir”.

Buna da bax...

XS
SM
MD
LG