Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:43

Deputat: 'Neft Fondundan köçürmələr azaldılmalıdır'


Neft Fondunun binası, arxiv foto
Neft Fondunun binası, arxiv foto

2014-2015-ci illərdə neftin qiyməti kəskin düşəndə Azərbaycan hökuməti təmsilçiləri bəyan etdilər ki, hazırda prioritet qeyri-neft sektorudur. Hətta onlardan “ artıq, nefti unudun” kimi ifadələr işlədənlər də oldu. Amma 2020-ci ilin dövlət büfcəsi layihəsinə nəzər yetirdikdə bəlli olur ki, Dövlət Neft Fondundan köçürmələr yenə artıb. Ölkəyə gələn pulun yenə də təqribən 90 faizinin birbaşa və dolayısı neftlə qazin payına düşdüyü bildirilir. O, zaman belə bir sual yaranır. Son 4-5 ildə qeyri-neft sektorunun inkişafına nə mane olub?
Deputat Vahid Əhmədov xatırladır ki, hələ 2008-ci ildə Prezident “Gülüstan” sarayında regionların iqtisadi inkişaf proqramı ilə bağlı tədbirdə hökumətin qarşısında iki məsələ qoymuşdu:

“Birinci, ərzaq təhlükəsizliyinin təmin olunması, ikinci, qeyri-neft sektorunun inkişafı”.

Vahid Əhmədov, 18 oktyabr 2011
Vahid Əhmədov, 18 oktyabr 2011

İqtisadçı vurğulayıb ki, ötən dövrdə kifayət qədər bu sahəyə vəsait ayrılıb. Təkcə Sahibkarlığa Kömək Fondu təxminən 3 milyard manata yaxın vəsait ayırıb, başqa proqramlar da gerçəkləşib. Deputat qeyd edir ki, qeyri-neft sektorunda müəyyən qədər irəliləyiş də olub, bəzi illər 7, 8, yaxud 2 faiz. Amma Vahid Əhmədov hesab edir ki, ümumi yanaşdıqda qeyri-neft sektorundakı durum qənaətbəxş deyil:

"Əgər, qeyri-neft sektorunun inkişafından danışılırsa, onun strukturuna baxılmalıdır. Elə struktur yaradılmalı və elə sahələrə dəstək lazımdır ki, bunlar dövlət büdcəsinə gəlir versin”


“Çünki dövlət büdcəsinin 50 faizdən çoxu Dövlət Neft Fondunun transferti hesabına formalaşır. Ona görə də qeyri-neft sektoruna diqqət artırılmalıdır. Əgər, qeyri-neft sektorunun inkişafından danışılırsa, onun strukturuna baxılmalıdır. Elə struktur yaradılmalı və elə sahələrə dəstək lazımdır ki, bunlar dövlət büdcəsinə gəlir versin”.

"...Çox təəssüf ki, İqtisadi İnkişaf Nazirliyi bu sahədə addım da atmayıb”

Deputat hətta barədə prezidentə yazdığı məktub yazdığını deyir:

“Mən prezidentə məktub yazmışam, o da üstünə dərkənar qoyub, ötən əsrdə neft-maşınqayırması öndə gedən sahələrdən biri idi, 6 xarici ölkəyə məhsul göndərmişik, SSRİ-nin 75 faizinə. Amma bu gün həmin sahələr yoxdur, olan da bərbad durumdadır. Məktubumda ölkənin şimal və cənub zonasında zavodlar açmaq və insanları işlə təmin etmək vurğulanırdı. Çox təəssüf ki, İqtisadi İnkişaf Nazirliyi bu sahədə addım da atmayıb”.

Real vəziyyəti bilmək üçün...

Rövşən Ağayev, 14 dekabr 2010
Rövşən Ağayev, 14 dekabr 2010

İqtisadçı Rövşən Ağayev də deyir ki, bu sahədə real vəziyyəti bilmək üçün ixracın strukturuna və idxaldan asılılıq səviyyəsinə baxmaq lazımdır:

“Mən idxalla ixracın strukturunu ciddi şəkildə izləyirəm. 2014-cü ildə Azərbaycanda qeyri-neft ixracı 1.5 milyard dollara yaxın idi, bu gün də təxminən 1.3-1.5 milyard ətrafındadır. 5 ildə nəsə dəyişməyib. Yəni qeyri-neft ixrac potensialı artmayıb. İdxaldan asılılıq məsələsinə də baxsaq, yenə də bizim əsas məhsullardan asılılıq qalır, istər geyim, istər qida olsun. Söylədiklərim göstərir ki, nə hədəflər doğru müəyyənləşib, nə də bu istiqamətdə ciddi işlər görülüb. Yeri gəlmişkən, maraqlı bir detalı xaatırlayım, əsasən qeyri-neft sektoruna bağlı sahibkarlardan bugünlərdə sorğu və müsahibələr götürürdük. Hamısı qeyd edirdi ki, hökumət islahatlar barədə danışsa da, qeyri-neft sektoruna vacib şərtlər yoxdur".

İqtisadçı hesab edir ki, xüsusən də kənardan xammal asılılığının güclü olması, xammala qoyulan yüksək vergilər qeyri-neft istehsalçılarını hələ rəqabət qabiliyyətli məhsul istehsal etməyə imkan vermir. Bundan başqa orta, ali, peşə təhsil sistemi qeyri-neft sektoru üçün yüksək kadrlara təminat vermir:

"Kadr olmayan iqtisadiyyatda heç vaxt mürəkkəb texnoloji istehsal alınmır, onu insanlar yaradır. Adi səhiyyəni götürək, diaqnostika üçün çoxlu bahalı texniki ləvazimatlar gətirilir, amma həkimlər ondan istifadə edə bilmirsə, o, diaqnostikanın nəticələrini oxuyub düzgün müalicə təyin edə bilməyəcəklər..."


"Kadr olmayan iqtisadiyyatda heç vaxt mürəkkəb texnoloji istehsal alınmır, onu insanlar yaradır. Adi səhiyyəni götürək, diaqnostika üçün çoxlu bahalı texniki ləvazimatlar gətirilir, amma həkimlər ondan istifadə edə bilmirsə, o, diaqnostikanın nəticələrini oxuyub düzgün müalicə təyin edə bilməyəcəklər. İstehsal da belədir, nə qədər yüksək və mürəkkəb texnoloji aparat gətirilsə, potensiallı kadr yoxdursa, deməli, qeyri-neft sektorundan gözlənilən nəticəni əldə olunmayacaq. Yəni iqtisadiyyatda liberal azadlıq, dəyərlər oturuşmayacağı və belə yanaşması olan hökumət olmayacaqsa, o zaman imitasiya xarakterli addımlar görəcəyik, amma nəticələrin dəyişmədiyini də görəcəyik”.

Deputat Vahid Əhmədov gələn ilin büdcəsində Dövlət Neft Fondundan köçürmələrin bu ilkinə nisbətən 400 milyon artmasını yaxşı hal saymır.

“Dövlət Neft Fondundan transfertlər azaldılmalıdır. Çünki Dövlət Neft Fondu gələcək nəsillər üçün lazımdır. O zaman Dövlət Neft Fondundan istifadə etmək olar ki, neftin qiymətində ciddi problemlər yaransın. Bu gün neftin qiyməti 70 dollara yaxındır. Buna baxmayaraq qeyri-neft sektorunun inkişafından yüksək gəlirlər əldə edə bilmirik”.

“Hökumət ötən illərdə özü üçün göstərici müəyyənlədirməliydi”

İqtisadçı Rövşən Ağayev də Dövlət Neft Fondundan büdcəyə köçürmələrin artırılmasını doğru saymır. Onun fikrincə, hökumət ötən illərdə özü üçün göstərici müəyyənlədirməliydi:

“Tutaq ki, büdcədə neftin payını 60-65 faizdən 40 faizə endirmək. Əgər hökumət 2015-ci ildə belə göstərici müəyyənləşdirsəydi ki, neftin payını büdcədə yaxın 5 ildə 40 faizə endirəcək, Neft Fondundan da transferti 20-25 faizdən də qalxmasına imkan verilməyəcək, o zaman bəyanatların arxasında ciddi iş dayandığını görmək olardı. Amma fərqli mənzərəni görürük, 2014-2015-ci illərdə neftin büdcədə payı 60-65 faiz idisə, bu gün də ona yaxın göstəricidir. Deməli, bu sahədə ciddi irəliləyiş olmayıb”.

Xatırlatma

Dövlət Statistika Komitəsi bildirir ki, 2019-cu ilin yanvar-avqust aylarında ölkədə 50875,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3, neft-qaz sektorunda isə 1,6 faiz artıb.
Qurumun düz 5 il bundan əvvəl açıqladığı məlumatda da yazılıb ki, 2014-cü ilin yanvar-avqust aylarında ölkədə 39,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib. “Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 55,9 faizdən 57,3 faizədək yüksəlmişdir”
Onda 1 dollar 78 qəpiyə, indi isə 1 manat 70 qəpiyə bərabərdir.

XS
SM
MD
LG