Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:54

Neftin qiyməti hakimiyyətləri xalqların ayağına gətirir?


“Müharibə cahangirlərinin və quldurların bütün dünyaya qızılca səpkisi kimi yayıldığı bir vaxtda George Bernard Reynolds İran səhrasında neft axtarırdı. Britaniyalı geoloq 7 ildir ki, qazırdı, amma heç nə tapa bilmirdi. Axırda onun maliyyəçiləri bezdilər və dedilər ki, “həvəsdir - bəsdir”. İşçilərin haqq-hesabını vermək, avadanlığı söküb evə getmək vaxtı idi. Amma Reynolds inadla qazırdı. Və nəhayət 1908-ci il mayın 26-da neft fontan vurdu. Bu, Yaxın Şərqin ilk böyük nefti idi. Lakin son böyük neft deyildi. Neft tezliklə bütün regionun iqtisadiyyatlarını dəyişəcək, hakim ailələri varlandıracaq, xarici təsirləri cəlb edəcəkdi…”

The Economist neft qiymətlərinə həsr edilmiş məqaləsini belə bir tarixi ekskursla açır.

Məqalədə deyilir ki, bir əsr sonra daha bir dəyişiklik gəlməkdədir. Dünya boyunca ölkələr təmiz enerjilərin axtarışına çıxıblar. Düzdür, ola bilsin, neftə tələbatın pik nöqtəsinə çatmasına illər qalıb, amma COVID-19 pandemiyası həmin o gələcəyi Yaxın Şərq və Şimali Afrikaya daha tez dadızdırdı:

“İqtisadiyyatlar karantinə girdikcə həmin o qara şeyin qiyməti kəskin düşdü. Regionun neft ixracatçıları bu il 2019-cu ildə qazandıqlarının yarısını qazanacaqlar. BVF bildirir ki, bu il iqtisadiyyatlar 7, 3 faiz tənəzzül edəcək. Hətta virusun yayılması səngiyəndən sonra da neft anbarlarının aşıb-daşması çox güman qiymətləri hələ bir müddət artmağa qoymayacaq”.

The Economist yazır ki, belə bir şəraitdə ərəb dövlətləri yeni vəziyyətə uyğunlaşmalı olacaqlar:

“Elə götürək Əlcəzairi. Hökumətin büdcəni balansda saxlaması üçün neftin qiyməti 1 barrel üçün 100 dollar olmalıdır. Amma Brent neftinin qiyməti hazırda 40 dollar civarındadır. Odur ki, Əlcəzair may ayında büdcəni yarıbayarı kəsəcəyini bildirmişdi”.

Məcmuə yazır ki, İraqdakı vəziyyət də ürəkaçan deyil. Hətta Oman və Küveyt kimi sabit neft ixracatçıları da indi qazandıqlarından daha çox xərcləməyə məcburdurlar. Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı isə aylardır ki, ehtiyat kisəsindən yeməklə məşğuldur.

Bütün region təsirlənəcək

Məqalədə deyilir ki, neft qiymətlərinin aşağı olması bütün regionu təsirləndirəcək. Məsələn Misir çox az neft ixrac edir. Amma onun 2 milyon yarımdan çox vətəndaşı zəngin neft ölkələrində işləyir.

Onların ailələrinə göndərdikləri pullar ÜDM-in 9 faizini təşkil edir. İndi onların işsiz qalması Misirin də iztirab çəkməsinə səbəb olacaq. Eyni fikri İordaniya, Livan və Fələstin əraziləri barədə də demək olar.

Bu ölkələr də zəngin neft ölkələrinə arxalanırlar. İordaniya və Livan ixracatının üçdə biri zəngin neft ölkələrinə gedir. Əvəzində bu ölkələrin zəngin turistləri İordaniya və Livana gəlirlər. Küveytlilər, səudlar və əmirliklərdən gələnlər Livandakı turislərin üçdə birini təşkil edir.

The Economist yazır ki, insafən bəzi ərəb ölkələri neftsiz iqtisadiyyata keçid barədə düşünürlər. Amma problem onların bu keçidi çox yavaş sürətlə etməsidir.

Onlardan bəziləri həddən artıq şişirdilmiş bürokratiyalarını, subsidiyalarını ixtisar edirlər. Səudiyyə Ərəbistanı ƏDV-ni üç dəfə artırıb. Amma problem budur ki, dövlət sektoru bu regionun əsas iş verənidir.

“Qeyri-neftdən” danışıb yenə də neftə güvənənlər

The Economist yazır ki, diversifikasiya haqqında çoxlu söz-söhbətə baxmayaraq Körfəz iqtisadiyyatları neftə güvənməkdə davam edir.

Müəllifin firkincə hazırkı şərait həm də canlı, davamlı iqtisadiyyatların qurulmasına, seçkili hökumətlərin bərqərar edilməsinə imkanlar aça bilərdi:

“Səudlar soruşurlar ki, vəliəhd şahzadə vergiləri qaldırmaq əvəzinə özünün 550 milyon dollarlıq yaxtasını niyə satmır ki?”

Məqalədə deyilir ki, region boyunca qəzəb artır. Ötən əsr ərzində ərəblərə qəddar liderlər rəhbərlik ediblər, ölkənin sərvətini qamarlayıblar:

“İndi isə bu rəhbərlər xalqdan qurbanlar istəyir, əvəzində onların söz sahibi olmasını yaxına qoymurlar. Bu, həyəcanların və qəddar zülmün davam edəcəyini göstərir. Əgər ərəb hakimlər vətəndaşlardan dəstək gözləyirlərsə, onda əvvəlcə onların razılığını qazanmağa çalışmalıdırlar”.

XS
SM
MD
LG