Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:36

Məhkəmə keçmiş NİDA üzvünə təzminat haqda hökm verib


Məmməd Əzizov
Məmməd Əzizov

Bakı Apellyasiya Məhkəməsi NİDA hərəkatının keçmiş üzvü Məmməd Əzizova mənəvi ziyana görə pul təzminatı ödənilməsi haqqında qərar qəbul edib.

Bu barədə Turana onun vəkili Fariz Namazlı bildirib.

Vəkilin sözlərinə görə, Əzizovun cinayət təqibini və həbsini qanunsuz hesab edən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra 2022-ci ildə Azərbaycan Ali Məhkəməsinin Plenumu ona bəraət verib.

Fariz Namazlı qeyd edib ki, məhkəməyə müraciət edərək 100 min manat təzminat tələb ediblər, ancaq Nəsimi Rayon Məhkəməsi 36 min manat təzminat təyin edib:

"Biz bununla razılaşmadıq və apellyasiya şikayəti verdik, belə ki, bu iş üzrə digər şəxslərə 66 min manat təzminat təyin edilmişdi".

Apellyasiya Məhkəməsi şikayəti qismən təmin edib və son nəticədə Əzizova 66 700 manat təzminat təyin edilib.

Bir müddət əvvəl Nəsimi Rayon Məhkəməsi NİDA-nın daha bir üzvünə - Əzizov və digər fəallarla eyni iş üzrə həbs edilmiş Şahin Novruzluya 20 min manat məbləğində təzminat təyin edib. Bundan başqa, məhkəmə Novruzluya onun saxlanılması zamanı mərhum atasına məxsus olmasına və işlə əlaqəsi olmamasına baxmayaraq, evlərindən müsadirə edilmiş 94 min manatın qaytarılması barədə hökm çıxarıb.

Lakin Maliyyə Nazirliyi dövlət tərəfindən cavabdeh qismində apellyasiya şikayəti verib və işə iyulun 18-də baxılacaq.

Xatırlatma

Məmməd Əzizov 2014-cü ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən kütləvi iğtişaşlar təşkil etmə, qanunsuz narkotik və silah dövriyyəsi ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Həmin vaxt Novruzlu 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2014-cü ilin oktyabrında o, əfv olunub.

Əzizov 2016-cı ildə əfv olunub. Sonradan AİHM hər iki fəalın hüquqlarının pozulduğu qənaətinə gəlib.

XS
SM
MD
LG