Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:01

İcra başçısının keçmiş müavini: 'Bildim ki, pula görə çağırırlar, hazırlıqlı getmişdim...'


Vəzifəni rüşvətlə alanlarla bağlı hansı tədbirlər görülür?
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Vəzifəni rüşvətlə alanlarla bağlı hansı tədbirlər görülür?

10 il Kəlbəcərin icra başçısının müavini işləmiş Novruz Çıraqovu keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov haqqında cinayət işinə görə dindiriblər. Çünki o, icra başçısının müavini vəzifəsindən azad ediləndən bir müddət sonra Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər şöbəsinin müdiri təyin edilib.

O, etiraf edib ki, şöbə müdiri olduğu 4 il ərzində (2016-2020) nazirlikdən iki dəfə yoxlama gəlib. Vəzifədə qalmaqdan ötrü hər ikisində də pul verib.

“Bildim ki, pula görədir, bu dəfə 10 min verdim”

“35 il dövlət qulluğunda işləmişəm. Yoxlama gəldi, təftişdən sonra məni nazirliyə çağırdılər. Bilirdim ki, nəyə görə çağırıblar, hazırlıqlı getdim. İstədilər, 8 min manat verdim. Qorxdum ki, işdən çıxararlar. İkinci dəfə 2018-ci ilin yanvarında yenə yoxlamadan sonra çağırdılar. Bildim ki, pula görədir, bu dəfə 10 min verdim...” – Çıraqov oktyabrın 24-də sabiq nazirin məhkəməsində dindirilərkən danışıb.

O, 4 il ərzində vəzifədə qalmaqdan ötrü 18 min manat pul verdiyini deyir, amma bunu kəlbəcərlilərin qonaqpərvərliyi kimi təqdim edir:

“Biz kəlbəcərlilərin qonaqpərvərliyi var, biz qonaqpərvərliyimizi edirik...”

Dövlət Sosial Müdafiə Fondunun Ağdam şöbəsinin müdiri işləmiş Əvəz Sadıqov da rəhbərlik etdiyi şöbədə yoxlamalar nəticəsində üzə çıxan nöqsanlara görə 10 min manat pul verdiyini iddia edir. Onun sözlərinə görə, bilirdi ki, pul verilməsə, işdən çıxarılacaq. Amma pul veriləndən sonra sadəcə, töhmətlə qurtulub.

Bundan öncəki korrupsiya işlərində də bəzi məmurların vəzifədə qalmaq, yaxud vəzifəni “almaq” üçün rüşvət verdiklərini dilə gətirdikləri hallar olub. Ancaq bununla bağlı hansısa hüquqi addımın atıldığı bəlli deyil.

“DTX-ya çağıranda bildim ki, 16 min manat mənimsəmə olub”

Keçmiş nazirlə bağlı cinayət işində paytaxtın Nərimanov rayonunun icra başçısının müavini olmuş İlqar Mirzəyevin də adı keçir.

Onun sürücüsü Qurban Kazımovun adına açılan “Şirvan-S” şirkəti vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində evlərin tikintisi zamanı yeyinti olduğu iddia edilir. Kazımov isə deyir ki, şirkətin fəaliyyətindən xəbəri olmayıb. Şirkəti isə onun adına sürücüsü olduğu məmurun oğlu Nicat Mirzəyev açıb.

Kazımovun sözlərinə görə, Nicat Mirzəyev özü polis orqanlarında vəzifədə çalışırdı:

“Nicat Mirzəyev gəlib mənə dedi ki, tikinti işlərilə məşğuldur, adıma şirkət təsis eləmək istəyir. Mən də razılaşdım. Həmin şirkət vasitəsilə evlər tikilib. Nicat xəstəliyə tutulub, vəfat elədi. Məni Səlim Müslümovun işinə görə DTX-ya çağıranda bildim ki, 16 min manat mənimsəmə olub. Gəlib İlqar müəllimə dedim, pulu verdi, aparıb ödədim”.

'Bellingcat' güllələnmə videosu ilə bağlı araşdırmasını açıqladı
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Ucuz başa gələn evlər neçəyə rəsmiləşdirilib

Söhbət Qarabağ müharibəsində həlak olanların ailələri, yaralananlar üçün nazirliyin tikdirdiyi evlərdən gedir.

Ümumiyyətlə, Müslümovun məhkəməsində başqa şahidlər də ifadələrində deyiblər ki, sözü gedən evlər nazirliyə sənədlərdə yazılan qiymətlərdən xeyli ucuz başa gəlirdi. Məsələn, Mingəçevirdə 35 min manata alınan evi 46 min 500 manata rəsmiləşdiriblər. Bunu da evi satan Abbas Ələsgərov oktyabrın 24-də məhkəmədə deyib.

Xeyli vaxtdır ki, məhkəmə iclaslarında nazirlikdə pul alınması, tenderlərdə qalib elan edilmək üçün rüşvət toplanması, evlərin təmir-tikintisində yeyintiyə yol verilməsi haqda iddialar səslənir. Məhkəmədə iştirak edən keçmiş nazir isə bu deyilənlərin heç birinə reaksiya vermir. O, korrupsiya iddialarını nə təsdiq, nə də təkzib edir.

Xatırlatma

1961-ci il təvəllüdlü Səlim Müslümov 27 milyon manatlıq yeyinti və rüşvətdə suçlanır. Ona CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.

2018-ci ildə nazir vəzifəsindən azad edilən Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, Səbail rayon Məhkəməsinin qərarıyla onun barəsində həbs qərarı çıxarılıb.

DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb. O, ev dustaqlığına buraxılarkən səhhətindəki problemlər əsas gətirilib. Lakin yayılan məlumatlara görə, yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödəməsi onun həbsdən çıxmasında rol oynayıb.

Müslümov büdcə vəsaitlərinin yeyintisində ittiham olunduğuna görə onun işi üzrə məhkəmədə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Müslümov nazir olduğu dövrdə bu qurumun Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev (Əjdər Ol) da onunla birlikdə həbs olunmuşdu. Lakin Əjdər Olun haqqındakı cinayət işi sonradan ayrılaraq, məhkəməyə göndərildi. O, 8 il 3 ay azadlıqdan məhrum edilib.

Cəbiyev özünü qismən təqsirli bilirdi. O, bir sıra hallarda qanunsuzluqlara yol verildiyini etiraf etsə də, deyir ki, əldə olunan vəsait büdcədə nəzərdə tutulmayan xərclərə yönəldilib.

XS
SM
MD
LG