Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:54

Xonçalı Novruz gəlir...


...Biri varmış, biri yoxmuş, Göyçayın Qarabaqqal kəndində Zərqələm adında bir gözəl varmış, aya deyirmiş sən çıxma, mən çıxım, günə deyirmiş sən çıxma, mən çıxım. Günlərin bir günündə bir bayram axşamı həyət-bacanı dib-dəhnədən yığışdırandan, bayram biş-düşünə anasına kömək edəndən sonra Zərqələm hamıdan xəlvət duzlu kökə yeyib yatır ki, görüm məni nə tale gözləyir. Bilirsiz də, bizdə belə inanc var axı... Hə, Zərqələm yuxuda görür ki...

Ayağımı kandardan içəri qoymamış bayram paxlavasının ətri məni vurdu... Eee mən də söz danışdım, Azərbaycan ailəsi ola, bayram axşamı ola, şəkərbura, paxlava olmaya. Firəngiz nənə dedi ki, gəlinlərinə etibar eləmir, nə qədər ki, canında can var, bayram şirniyyatını özü bişirəcək.

Gəlin demişkən, Nəsirovlar ailəsi böyükdür, Firəngiz nənənin hər iki oğlu ailə qurandan sonra da bu evdə yaşayırlar. İndi bu üç otaqlı mənzildə səkkiz nəfər qalır.


Firəngiz xala deyir ki, o, olan yerdə heç kim heç kimin xətrinə dəyə bilməz, onun gəlinləri həyalı gəlinlərdir.

Bu böyük ailədə Novruz bayramının ayrı təntənəsi olur. Firəngiz xala deyir ki, bir də görürsən baldızları, qayınları, onların uşaqları da yığışıb gəldilər bir yerdə şəkərbura, paxlava, qatlama, fəsəli bişirməyə. Hə bax buna deyərlər bayram.


Bu yerdə Firəngiz xalanın böyük oğlu Fəxrəddin də gəldi. Firəngiz xala deyir ki, bu cavanlar belədir, Fəxrəddindən olsa, bayram axşamı da işləyər, amma mən qoymuram. Firəngiz xalanın kiçik oğlu Fuad isə bu gün gecə növbəsindədir.


Bu gün evə tez gələn Fəxrəddin deyir ki, belə gərgin işləməsə mümkün deyil, bayramda bazarda qiymətlər kəlləçarxa çıxır.

Göyçay demişkən, Firəngiz xalanın böyük gəlini Zərqələm Göyçaydandır. Deyir, Novruz bayramı onunçün xüsusi əzizdir. Sən demə, Göyçaydan Bakıya gəlin köçəcəyi onun Novruz falına çıxıbmış. Zərqələm: «Duzlu çörək yedim, yuxuda gördüm, Bakıda avtomatdan su içirəm».


Firəngiz xalagildə oturanda qulağım qapıdaydı ki, bu diqəqə kimsə papaq atacaq. Amma deyəsən, əbəs yerə, Fəxrəddinlə Zərqələm dedilər ki, indi elə bil uşaqlar tənbəlləşib, əvvəlki kimi papaqatmaya əvvəlki maraq yoxdur...


Firəngiz xalagillə sağollaşıb həyətə düşəndə məlum oldu ki, bayaqdan gözə dəyməyən evin böyük uşaqları həyətdə ocaq qalayırmışlar.

Yadımdan çıxmamış sizə bir şeyi deyim. Firəngiz xala mənə dedi ki, indi Novruzu şəhərin mərkəzində keçirmək sizə adi görünür, amma vaxt var idi, biz belə el şənliklərinə həsrət idik. 70 illik Sovet imperiyası dövründə kimin hünəri var idi, Novruz bayramının adını çöldə-bayırda dilinə gətirsin.


Amma Sovet Azərbaycanının 70 illik tarixində bircə dəfə el yığılıb Novruzu ürəyi istədiyi kimi bir yerdə qeyd eləyə bildi. 30 illik qadağadan sonra hər şey necə baş verdi?


...Həmin gün elə bil Bakının havası da bir başqaydı, Bakı sevinirdi...
...Zarafat deyil, 30-ci illərin qadağasından sonra ilk dəfəydi ki, Novruz bayramı dövlət səviyyəsində qeyd olunurdu. Mərkəzi Komitə Sovet Azərbaycanına bu milli bayramını elliklə qeyd eləməyə, paytaxtın küçələrində keçirməyə icazə vermişdi.


O vaxt Bərdədən Bakıya ali məktəbə oxumağa gələn Mirağa dayı 1966-cı ilin baharını belə xatırlayır. Deyir, elə bilirdik ki, Azərbaycan müstəqlliyini yenidən qazanıb...


66-cı ildə Siyasi Büronun üzvü olan Şıxəli Qurbanov Azərbaycanda milli bayramın – Novruzun dövlət səviyyəsində qeyd edilməsini Moskva ilə razılaşdıra bilmişdi. Rayon partiya təşkilatlarına göstəriş verilmişdi ki, bahar bayramı tədbirlərinə hazırlaşsınlar.


...Həmin il - 1966-cı ilin yazında meydanlara azərbaycanlılara tanış olmayan təzə bayram obrazı gəldi – adına «Bahar qız» dedilər. Mirağa kişi deyir ki, o vaxt ağıllı adamlar yaxşı başa düşürdülər ki, Şıxəli Qurbanov bu bayramın qeyd olunmasına icazə almaq üçün «Bahar qız»ı «Sinequruçka»ya-«Qar qızı»na uyğunlaşdırıb...


Amma 66-cı ilin bayram əhvalı uzun sürmədi. O dövrün şahidlərindən biri Nəsirr Ağayev deyir ki, Şıxəli Qurbanov müəmmalı şəkildə vəfat edəndən sonra imperiyanın bir parçası olan Azərbaycanda Novruz şamı öləziməyə başladı...


O vaxtlar Nəsir müəllim də cavan oğlan imiş. Deyir, Azərbaycanda bu milli bayramı bərpa edən şəxsin - Şıxəli Qurbanovun qəbrini ziyarət edənləri dövlət təqib edirdi: «Biz səməni aparırdıq onun qəbrinin üstünə, bizi «DTK»-ya aparırdılar».


1966-cı ilin Novruzu Sovet Azərbaycanının tarixində ən təntənəli bayram oldu. Azərbaycanda yaşayanlar bu bayramı bir də 23 il sonra ölkədə milli azadlıq hərəkatı başlayanda-1989-cu ildən sonra bir yerdə qeyd eləyə bildilər, 1989-cu ildə Mərkəzi Komitə bu bayramın təntənəli qeyd olunması barədə sərəncam verdi.

...Amma Sovet dövrünün qadağaları bu qədim bayrama olan sevgini xalqın ürəyindən çıxara bilmədi. Ürək dolusu keçirə bilməsələr də, insanlar bu adətləri hafizələrdə yaşatdılar.


Günlərin bir günü bir bayram axşamında yolunuz Səməd Vurğunun yurdundan-Qazaxın Yuxarı Salahlı kəndindən düşsə, ehtiyatlı olun. Bir də gördüz, bütün kənd böyüklü-kiçikli sinəsində saz, əlində zurna-balaban yığışıb yolunuzu kəsdi...


Qarabağ elatında Novruz bayramlarının ayrı ləzzəti var imiş. At minib, cıdıra çıxan kim, hünər göstərib gözləllərin könlünə köz salan kim...Bu elatda Ağdamda keçirilən bayramlar təntənəsiylə xüsusi fərqlənirmiş.


Babadağın ətəyində qədim bir dağ kəndi var. Qubanın Yefli kəndi. Qədimdən bu yerlərdə Novruz bayramında günəşə qurban kəsərmişlər ki, yeni il ruzili-bərəkətli olsun. Bu yerlərdə bayram axşamı xonçaya mütləq alma qoyarmışlar. Lənkəranda isə xonçalara indinin özündə də balıq qoyurlar.


Qədimdə Naxçıvanda bayram axşamı ərgən qızlara papaq atarmışlar. Yıxılmadısa, götürüb onu ərə verərmişlər. Düzdür, indi Naxçıvanda daha belə eləmirlər, amma qədim adətlərdən «Xangüldü» oyununu indinin özündə də keçirirlər.


Çərşənbə axşamı çeşmə başında, gözüm bir alagöz xanıma düşdü...Göyçə mahalından olan Mais əmi də çeşmənin başında Dədə Ələsgərin gördüyü gözəlləri görüb.


Qədim neft Bakısında Novruz tonqalı əvəzinə neft yandırarmışlar. Firəngiz xala deyir ki, o vaxt Bakıda bayram adətləri indikindən maraqlı olarmış.


Folklorşünas alim Azad Nəbiyev deyir ki, Novruzda bişirilən səməni halvası «Jenşen»dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır.


XS
SM
MD
LG