Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:02

ABŞ Dövlət katibi Azərbaycan və Ermənistan nazirlərini görüşdürüb


Nyu Yorkda üçtərəfli görüş
Nyu Yorkda üçtərəfli görüş

Bugün, sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb. Görüş Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin iştirakı ilə gerçəkləşib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər mümkün qısa müddət ərzində “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin” yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

“Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər” - məlumatda əlavə edilib.

Bu, Blinkenin onlarla üç ayda ABŞ ərazisində ikinci üçtərəfli görüşüdür. Üç diplomat sonuncu dəfə bu il iyulun 10-da Vaşinqtonda keçirilən NATO sammiti zamanı bir araya gəlmişdilər.

ABŞ irəliləyişi yüksək qiymətləndirir

ABŞ Dövlət Departamenti öz növbəsində sentyabrın 26-da bildirib ki, Dövlət katibi Antoni Blinken Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin davamlı və ləyaqətli sülh yolunda əldə etdikləri irəliləyişi yüksək qiymətləndirib. Habelə hər iki ölkəni razılığın əldə olunması istiqamətində daha da irəliləyiş əldə etməyə çağırıb.

Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib: "Dövlət katibi sülh sazişinin regiona artan sabitlik və rifah gətirəcəyini vurğuladı".

+++

Son zamanlar tərəflər illərlə çəkən danışıqlarda (danışıqlar həm Avropa İttifaqının, həm Rusiyanın vasitəçiliyi ilə, həm də birbaşa aparılıb) sülh müqaviləsi layihəsinin bəndlərinin böyük hissəsinin razılaşdırıldığını bildirsələr də, bir neçə məsələdə hələ də ortaq məxrəcə gəlmədiklərini açıqlayıblar.

Azərbaycan Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasını tələb edir. Ermənistan isə Konstitusiya dəyişikliyi ilə bağlı referendumu yalnız 2027-ci ildə keçirə biləcəyini bildirir və sülh müqaviləsini razılaşdırılmış bəndlər üzrə imzalamağı təklif edir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Bakı ötən il Qarabağda keçirilən əməliyyatları "lokal antiterror tədbirləri", Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib. Ondan sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG