Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:00

ABŞ prezidentinin oğlu Donaldın Twitter hesabı məhdudlaşdırılıb


Oğul Donald Trump
Oğul Donald Trump

Twitter bildirir ki, ABŞ prezidenti Donald Trump-ın böyük oğlu Donald Trump-ın hesabını məhdudlaşdırıb və onun platformanın COVID-19 dezinformasiya siyasətini pozan tvitlərindən biri silinib.

Twitter malyariya xəstəliyinə qarşı işlədilən hidroksixlorokin dərmanı barədə iyulun 28-də postlanmış tviti “yanıldıcı” kimi qiymətləndirib.

“Amerikanın səsi” radiosunun yazdığına görə oğul Trump-ın müşaviri Andrew Surabian bu hadisəyə acıqlı bir tvitlə reaksiya verib.

Bu tvitdə müşavir yazıb ki, “texnologiya nəhəngi Twitter Amerikada ifadə azadlığına ən böyük hədədir”.

O Business Insider nəşrinə müsahibəsində əlavə edib ki, Twitter-in hərəkəti “şirkətin respublikaçı səslərə qarşı seçki prosesinə müdaxilə etməsinin” göstəricisidir.

Twitter sözçüsünün dediyinə görə, oğul Trump-ın hesabı bağlanmayıb və əksinə, “Twitter ona müraciət edib ki, bizim qaydalarımıza zidd olan tviti silsin və buna görə də onun hesabına 12 saatlıq limit qoyulub”.

Twitter hesabına limit qoyulması o deməkdir ki, oğul Trump-ın hesabı platformada görünür və o burada istədiyi axtarışı edə bilər.

Lakin o, sözü gedən 12 saat müddətində tvit və retvit edə və ya mikrobloq yaza bilməz.

Ata Trump-ın da Twitter-lə arası yaxşı deyil

Twitter bundan əvvəl may ayında ABŞ prezidenti Donald Trump-ın bir sıra tvitlərinə “faktlarla tutuşdurulmalıdır” yarlığı qoymuşdu. Bu, əslində tvitdəki məlumatın doğru olmadığı demək idi.

Bundan qəzəblənən Trump az sonra sosial şəbəkələrin tənzimlənməsinə dair fərman imzalamışdı.

Bu fərmanın əsasında KİV-in ləyaqəti haqqında 1996-cı il tarixlu qanununun 230-cu maddəsinə düzəliş edilə bilər.

Bu maddədə sosial şəbəkələrin “naşir” yox, sadəcə “platforma” olduğu bildirilir. Bu həmin platformaları cinayət məsuliyyətindən qoruyur.

Fərman habelə sosial şəbəkə administratorlarının moderasiya hüquqlarını məhdudlaşdırır.

Prezidentin sözlərinə görə, bu fərman ABŞ-da söz və ifadə azadlığını müdafiə etmək məqsədi güdür, beləki sosial platformaları senzura etmək və ya materialı silmək kimi “nəzarətsiz hakimiyyətdən” məhrum edir.

Twitter şirkəti Trump-ın fərmanını “mürtəce və siyasiləşmiş” adlandırıb.

Facebook isə bəyan etmişdi ki, sosial şəbəkələrin hər bir şey üçün məsuliyyət daşıması platformanı senzuraya məcbur etmək deməkdir.

Google şirkəti də bu fərmanı tənqid etmişdi.

XS
SM
MD
LG