Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:31

Obama niyə 'İslam terrorçuluğu' ifadəsini işlətmir


ABŞ prezidenti Barack Obama
ABŞ prezidenti Barack Obama

ABŞ Prezidenti Barack Obama terrorçuluqla bağlı ritorikasına görə çoxlu tənqidlə üzləşir. Çərşənbə günü “CNN” telekanalında oğlunu müharibədə itirmiş Tina Houchins ondan bu barədə soruşub.

AMERİKA MÜSƏLMANLARI KİMLƏRDİR?

"Nə üçün siz hələ də "İslam terrorçusu" ifadəsini işlətməkdən imtina edirsiniz?" Tina Houchins sual edib.

"Şübhə yoxdur ki, - mən özüm də dəfələrlə bunu demişəm - "Al-Qaeda"“İŞİD” kimi terrorçu təşkilatlar İslamı təhrif edib, İslam pərdəsindən barbarlıq və qətllərə bəhanə kimi istifadə etməyə çalışıblar", deyə prezident cavab verib.

"Bunlar uşaqları öldürmüş, müsəlmanları öldürmüş, qadınları qul kimi əsir götürmüş insanlardır. Onların etdiklərinin heç birinə hər hansı şəkildə bəraət qazandıracaq dini səbəb yoxdur. Ancaq mən bu məsələlərdən danışarkən ona görə ehtiyatlı olmağa çalışıram ki, biz bu qatilləri bütün dünyada, o cümlədən bu ölkədə yaşayan bir milyard ...müsəlmanın içərisinə qatmamamalıyıq", deyə o qeyd edib. Prezident vurğulayıb ki, Amerikada müsəlmanlar "əsgər, polis zabiti, yanğınsöndürən, müəllim, qonşular və dostlardır".

Buna da bax: Obamadan tarixi çıxış

“BU GÜLMƏLİDİR”

Prezident "İslam terrorçusu" ifadəsini hansısa bir xristian qatilin öz əməllərini din pərdəsi altında törətməsi ilə müqayisə edib.

"Əgər ətrafda insanları öldürmək və partlatmaqla məşğul olan hər hansı bir qurum "biz xristianlığın ordusuyuq" desəydi, bir xristian olaraq, mən onlara dinimdən istifadə etməyə icazə verməzdim. Onlar deyirlər ki, "Məsih naminə öldürürlər”, bu gülüncdür", – Obama deyib.

"Mənim dinim bunu təbliğ eləmir. Bu adamları adları ilə çağırın – onlar qatil və terrorçudurlar", deyə o əlavə edib.

TƏHLÜKƏLİ HƏDD

Obama həmçinin deyib ki, "prezident, yaxud prezident olmaq niyyətində olanların bu cür danışması adi hal alırsa", bu ifadədən istifadə artıq bir təhlükəyə çevrilir.

Bu zaman proqramın aparıcısı müdaxilə edərək "Siz ki, açıq-aydın respublikaçı namizəd Donald Trump barədə danışırdınız", söyləyib.

"Xeyr, danışmırdım. Bu, təkcə respublikaçıların namizədinə xas deyil. Baxın, mən ehtiyatlı olmağa çalışıram. Mən tərəftutma siyasətini buraya qatmaq istəmirəm. Məncə, bir sıra ictimai fiqurların şərhləri təhlükəlidir. Çünki bu, amerikalı olaraq, bizi bölməyə başlayır", deyə Obama cavab verib.

İyunda baş vermiş Orlando hücumundan sonra Donald Trump "radikal İslam terrorçuluğu" ifadəsini işlətmişdi. Onun prezident Obama-nı və Demokratlar partiyasının namizədi Hillary Clinton-u bu ifadəni işlətməməkdə ittiham etməsi geniş müzakirəyə səbəb olmuşdu.

XS
SM
MD
LG