Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:34

Ombudsman aparatı: 'Mehman Hüseynov... futbol oynayır'


Mehman Hüseynov məhkəməyə gətirilir
Mehman Hüseynov məhkəməyə gətirilir

“Mehman Hüseynov təəssüflər olsun ki, tibbi rejimə əməl etmir. Həkimlərin tövsiyələrinə baxmayaraq, hər gün futbol oynayır”.

Həbsdəki bloqqer Mehman Hüseynovun əməliyyat edilməsinə yardım edilməsindən ötrü vəkillərinin göndərdiyi müraciətə Ombudsman aparatı belə cavab verib.

Bu haqda AzadlıqRadiosu-na vəkil Elçin Sadıqov məlumat verib.

Buna da bax:​ Mehman Hüseynov əməliyyat olunmaq istəyir

Vəkil deyir ki, M.Hüseynova şəxsiyyət vəsiqəsi verilməsinə, əməliyyat olunmasına yardım göstərilməsindən ötrü Ombudsman Elmira Süleymanovaya üz tutublar.

Şəxsiyyət vəsiqəsi məsələsi artıq, həllini tapıb. “M.Hüseynovun müraciətləri nəzərə alınaraq şəxsiyyət vəsiqəsi məsələsi həll edilib. 14 Saylı Cəzaçəkmə müəssisəsində M.Hüseynova şəxsiyyət vəsiqəsi təqdim olunub”, – Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının imzaladığı məktubda deyilir.

Həbsdəki bloqqerin müalicə və əməliyyat olunmasına gəlincə, aparat rəhbəri vurğulayır ki, Milli Preventiv Mexanizm çərçivəsində həyata keçirilən başçəkmələr zamanı M.Hüseynov da qəbul edilib:

Buna da bax: Həbsdəki bloqqerə şəxsiyyət vəsiqəsi verilir

“O, səhhəti ilə bağlı məsələləri Milli Preventiv Qrupun üzvlərinə çatdırıb. Yerində tibbi-sanitar hissənin rəisinə müvafiq tapşırıqlar verilib”.

Aparat rəhbəri qeyd edir ki, mütəxəssislərin rəylərinin icrası davam etdirilməlidir. Ancaq M.Hüseynov onları intizamsız yerinə yetirir.

“Mehman Hüseynovun cərrahi əməliyyat edilməsi barədə müraciət də araşdırılıb. Mütəxəssislər hazırda M.Hüseynovda cərrahi müdaxiləyə zərurət olmadığını qeyd edərək müvafiq təyinat veriblər”, - məktubda vurğulanır.

Buna da bax:​ Mehman Hüseynov müayinə olunub

14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Mehman Hüseynov dünən, iyunun 15-də təkrarən venoz damarlarında ağrıların artdığını, cərrahi müdaxiləyə ehtiyacının olduğunu vəkili vasitəsilə açıqlayıb.

Onun son illər şəxsiyyət vəsiqəsi də yox idi. Bloqqerin bildirməsinə görə, hüquq mühafizə orqanları sənədlərini ondan alsalar da geri qaytarmamışdılar. Yalnız bu günlər ona cəzaçəkmə müəssisəsində şəxsiyyət vəsiqəsi təqdim edilib.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədərisə onun yanvarın 9-da oğurlandığı güman edilirdi.

Buna da bax:​ 'Azərbaycanda bədəl ödəyən jurnalistləri unuda bilmərik'

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi rayon Məhkəməsinin qərarı ilə M. Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Buna da bax: Ombudsman bloqqerlə bağlı nazirə müraciət edib

Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət etmişdi. Səbail rayon və Bakı apellyasiya məhkəmələri də müdafiə tərəfinin istəyini geri çevirmişdi.

XS
SM
MD
LG