Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:35

‘Sonsuzluğa qədər’ buster doza?


Buster doza, illüstrativ foto
Buster doza, illüstrativ foto

İlkin laboratoriya testi Pfizer vaksininin üçüncü dozasının Omikronu neytrallaşdıran anticismləri 25 dəfə artırdığını üzə çıxarıb

Pfizer peyvəndinin iki dozası koronavirusun Omikron ştammından hospitalizasiyaya qarşı 70%-lik qoruma yaradır. Bunu Cənubi Afrikada ilk real məlumatlar əsasında aparılmış araşdırma üzə çıxarıb.

Ən böyük özəl tibb mərkəzi olan “Discovery Health”in apardığı araşdırma haqda “The Financial Times” yazır.

Hospitalizasiya 29 faiz az olub

Cənubi Afrikada Omikronun ilk dalğası zamanı xəstəliyin ağırlaşması halları əvvəlki ştammlara nisbətən zəif olub. Belə ki, noyabrın 15-dən bəri Covid-19 testi pozitiv çıxmış yetkin yaşlıların hospitalizasiyasında 29 faiz azalma qeydə alınıb.

Cənubi Afrika Tibbi Araşdırmalar Şurasının prezidenti Qlenda Qrey deyib ki, öncəki yoluxma dalğaları üstəgəl vaksinasiyanın genişlənməsi ölüm və hospitalizasiya hallarını azalda bilərdi.

Narahatlıq yaradan bir məsələ uşaqlar arasında koronavirusa yoluxmaların artmasıdır. Ancaq araşdırma yoluxmaların başqa bir səbəbdən xəstəxanaya gedərkən üzə çıxdığını göstərib. Covid simptomları olan uşaqların çoxu üç günə sağalıblar.

Buster doza necə işləyir

“The Financial Times” digər məqaləsində peyvəndlərin buster dozalarının Omikrona qarşı əlavə qoruma yaratmasının səbəblərindən yazır.

Oksford Universitetinin bazar ertəsi açıqladığı dataya görə, virusu neytrallaşdıran anticismlər Omikrona Deltayla müqayisədə daha az təsir göstərir. Bu, həm universitetin AstraZeneca ilə hazırladığı vaksinin iki dozasına, həm də BioNTech/Pfizer vaksininə aiddir.

Covid-19 vaksinlərinin buster dozaları bədənin immun sistemini virusun tac çıxıntısındakı zülal mutasiyası ilə tanış edir. Virus bədəndəki hüceyrələrə məhz bu çıxıntı ilə yapışır. Yəni, buster dozalar immin sisteminin real virusu daha yaxşı tanıyaraq ona reaksiya verməsini asanlaşdırır. Busterlər anticismlərin və immun sisteminin virusa reaksiyasını gücləndirən T-hüceyrələrin sayını artırır.

“Bu zaman siz təkrar yoluxanda belə onu yüngül keçirirsiz: özünüzü o qədər də pis hiss etmir, virusu başqalarına ötürmürsüz”, – London İmperial Kollecindən Çarlz Banqham deyib.

Bəs niyə buster dozalar Omikrona qarşı iki dozadan daha yaxşı qoruyur?

Mövcud Covid-19 vaksinləri ilk dəfə Çinin Vuhan şəhərində aşkarlanmış orijinal Sars-Cov-2 ştammından qorumaq üçün yaradılıb. Üçüncü doza isə immun sistemini elə gücləndirir ki, hətta virusun mutasiya etmiş formalarına qarşı belə güclü anticism ordusu peyda olur.

70-75 faizə qədər effekt

İlkin laboratoriya testi Pfizer vaksininin üçüncü dozasının Omikronu neytrallaşdıran anticismləri 25 dəfə artırdığını üzə çıxarıb. Bu, orijinal Vuhan ştammına qarşı yaranan müdafiə ilə eyni səviyyə deməkdir.

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi agentliyi isə “real dünya” datası isə Pfizer və Moderna vaksinlərinin buster dozalarının bu ştamma qarşı vaksinin effektini 70-75 faizə qaldırdığını göstərib.

Buster dozanın vurulandan yeddi gün sonra, hətta bəzən daha tez anticismlərin səviyyəsini yüksəltməyə başladığı bildirilir.

Görəsən, hər il Covid busterləri vurdurmalı olacağıq? Qəzet bununla bağlı elmi konsensusun olmadığını yazır. Çünki bu virus da qrip virusu kimi daim təkamül edir. İndilik Covid-19 daha çox mutasiya edərək ştammlar yaratdığından vaksinlərin də effekti azalır.

Bəzi ekspertlərsə Omikronun necə mürəkkəb mutasiya olmasına istinad edərək buster dozaların “sonsuzluğa qədər” gərəkə biləcəyini proqnozlaşdırır.

“Bu daha çox Sars-Cov-2-ni hansı sürətlə nəzarətə alacağımızdan asılıdır. Virus Afrikada vaksinasiya aşağı olan yerlərdə mutasiya edir və biz də bu mutasiyaların nazını çəkməliyik”, – Dublin Triniti Kollecindən Kinqzton Milz deyib.

XS
SM
MD
LG