Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:29

Omikron: qorxmalı, yoxsa qorxmamalı?


Omikronun aşkar edilməsi dünya boyunca müəyyən panikaya səbəb olub

İlk dəfə Botsvana və Cənubi Afrika Respublikasında aşkar edilmiş Omikron koronavirusun yeni variantıdır və çox sayda mutasiyaya malik olması səhiyyə rəsmilərinin və alimlərin narahatlığına səbəb olub. Çünki nəzəri baxımdan mutasiyaların çoxluğu ştammın daha yoluxucu və vaksinlərə daha müqavimətli olmasından xəbər verə bilər.

The New York Times yazır ki, virusun yeni variantı Avropada Britaniya, İtaliya, Belçika və Niderland da daxil 20 ölkədə aşkar olunub.

Narahat olmalıyıqmı?

Omikronun aşkar edilməsi dünya boyunca müəyyən panikaya səbəb olub. Bir sıra Avropa ölkələri və ABŞ Afrikanın cənubundakı ölkələrdən təyyarə reyslərini qadağan ediblər, İsrail, Yaponiya və Mərakeş kimi bəzi ölkələr turist qəbulunu dayandırıblar.

Lakin səhiyyyə rəsmiləri bildirirlər ki, Omikronun Delta kimi əvvəlki variantlardan daha təhlükəli olmasını göstərən faktlar hələki yoxdur.

Delta variantı daha yoluxucu olsa da və vaksin olunmayanlarda bir qədər ağır simptomlar törətsə də, ümumilikdə özündən əvvəlki ştamlardan əhəmiyyətli dərəcədə ölümcül deyil.

Omikrona gəldikdə isə, onun daha yoluxucu və daha patogen olması barədə hələki dəqiq məlumatlar yoxdur.

Əksinə, ilkin məlumatlara görə Omikron daha yüngül simptomlarla yoluxur. Amma bu müşahidələr Cənubi Afrikada tələbələr arasında aparılıb, gənclər isə koronavirusa yoluxmanı onsuz da yaşlılardan daha yüngül keçirirlər.

Həkimlər bildirirlər ki, Omikrona yoluxanlarda sadəcə yorğunluq, boğaz qıcıqlanması və yüngül öskürək olur. Bu da qeyd olunur ki, bu ştamm qoxu və dadbilməyə təsir göstərmir.

Vaksin istehsalçıları nə deyir?

Lakin Regeneron biotexnoloji şirkəti mövcud vaksinlərin Omikrona qarşı daha az effektli olacağının istisna edilmədiyini bildirib. Bu isə o deməkdir ki, çox populyar və geniş istifadə olunan monoklonal anticism preparatlarını təkmilləşdirməyə ehtiyac ola bilər.

Lakin viroloqlar deyirlər ki, yeni ştamm barədə qəti hökm vermək üçün iki və daha çox həftə gözləmək lazım gələcək.

Başqa bir təsəlli də var. Vaksin istehsalçıları məhsullarını yeni ştamma uyğun olaraq “redaktə” edə biləcəklərini deyiblər.

Daha bir rahatlıq verən məsələ budur ki, Omikronu laboratoriya şəraitində daha asan aşkar etmək mümkündür.

Elə isə alimlər niyə narahatdırlar?

Koronavirus insanların orqanizmində özünü nüsxələyib artdıqca yeni mutasiyalar qazanır. Bu mutasiyalardan bir çoxu virusa əlavə güc verməyə də bilər. Amma virusu daha təhlükəli edən mutasiyaların da baş verməsi mümkündür.

Botsvanadakı pasientlərin bəzilərində 50-dək mutasiyası olan Omikron ştammı aşkar olunub.

İnsan orqanizmindəki anticismlər koronavirusun əsas yoluxma orqanı olan tac çıxıntılarını hədəfləyir. Lakin əgər bu çıxıntıların zülalında 30-dan çox mutasiya varsa, anticismlər “çaşıb qala”, xəstəliyin öhdəsindən gəlməyə bilərlər.

Amma xatırlatmağa dəyər ki, bundan əvvəl tapılmış Beta və Mu variantlarının da vaskinlərdən yan keçə bilməsi deyilirdi, lakin bu, təhlükə yaratmadı, çünki bu ştamların yoluxulucuğu çox zəif idi.

Vaksinlər kömək edəcəkmi?

Vaksinlərin Omikrondan müəyyən dərəcədə müdafiə verəcəyi gözlənilir. Bunu da unutmaq olmaz ki, vaksinlər insan orqanizmində təkcə anticismləri yox, başqa immunitet hüceyrələrini də oyadır. Təcrübə göstərir ki, mutasiyalar orqanizmin bu xüsusiyyətini sıradan çıxara bilmir.

Mövcud vaksinlərin təsiri 6 ay müddətində azaldığına görə ekspertlər üçüncü, gücləndirici və ya buster dozanın vurulmasına çağırırlar.

Alimlər bunu da deyirlər ki, vaksinli-vaksinsiz, əlavə profilaktik tədbirlər – maska və fiziki məsafə virus qarşısında müdafiəni artıra bilər.

Moderna, Pfizer-BioNTech və Johnson & Johnson kimi əczaçılıq şirkətləri Omikron virusunu diqqətlə öyrəndiklərini və tezliklə mövcud vaksinlərə “düzəliş” verəcəklərini bildiriblər. Bu da yaxşı xəbərdir.

Mövcud peyvəndlər COVID-19-un yeni növünə də təsir edə bilir
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Birdən birə niyə əlifbanın 15-ci hərfi

Dünya Səhiyyə Təşkilatı (DST) lap əvvəldən koronavirusun yeni ştamlarını Yunan əlifbasının hərfləri ilə adlandırır. Bu, adları yaddaqalan və sadə edir: Alfa, Beta, Qamma, Delta və s. Məsələn, Alfa ilk dəfə Britaniyada, Beta isə Cənubi Afrikada qeydə alınıb.

Lakin məlumatlı və diqqətli adamlar fikir veriblər ki, son variantı adlandırarkən iki növbəti hərf - Nu və Xi-dən istifadə olunmayıb.

DST bildirir ki, Nu səslənməsinə görə ingiliscədəki nyu (yeni) sözünü xatırladır, Xi (yunanca Ksi) isə yazılışına görə çox geniş yayılmış soyadına bənzəyir. Üstəlik Çin prezidenti Si Tsinpinin (ingiliscə Xi Jinping) də soyadı belədir.

DST sözçüsü bildirir ki, çaşqınlıq yaratmamaq, habelə heç kimin mədəni, milli, regional və etnik heysiyyətinə toxunmamaq məqsədilə sözü gedən iki hərfdən imtina edilib.

Mən tam vaksinliyəm, Omikrondan qorxmalıyammı?

Məsələ burasındadır ki, dünyanın heç də bütün ölkələri vaksinlərlə bərabər təchiz olunmayıb.

İnkişaf etmiş ölkələrdə vaksinlənmə yüksək səviyyədə aparılıbsa və əhalinin əksər hissəsi peyvənd olunubsa da, yoxsul ölkələrdə vaksinlənmə faizi olduqca aşağıdır.

Bu isə o deməkdir ki, vaksinlənməmiş insanlar qaldıqca hətta peyvənd olunanların da virusa yoluxması şansı qalır.

Ələlxüsus da Omikronun təkrar yoluxma xüsusiyyətinin olduğu deyilir.

Ona görə də vaksinlənməyə baxmayaraq yoluxmaya qarşı maska və məsafə kimi qaydaları gözləmək lazım gəlir.

XS
SM
MD
LG