Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:52

'Onlayn Ata'


Keşişlər uşaqların SMS-lə göndərdiyi sualları cavablandırırlar.
Keşişlər uşaqların SMS-lə göndərdiyi sualları cavablandırırlar.

Bu ayın əvvəlində Rusiyanın mərkəzi hissəsində yerləşən Ulyanovsk şəhərində yüzlərlə məktəbli rus pravoslav kilsəsinin gənclərlə iş proqramının altıncı ildönümünü qeyd etməyə toplaşmışdı.

«Allahla yaşamaq daha asandır. Ümid edirəm, hamınız bunu anlayacaqsınız. Bunu nə qədər tez anlasanız, o qədər yaxşıdır», – Ulyanovsk vilayətinin Təhsil və Elm Nazirliyinin departament rəhbəri Olga Solntseva uşaqlara deyib.

«Onlayn Ata» adlı internet və sosial media layihəsi çərçivəsində pravoslav keşişlər uşaqların göndərdiyi suallara cavab verirlər.

YALNIZ 17% DÜŞÜNÜR Kİ...

SSRİ-nin dağılmasından əsrin 1/4-i qədər vaxt keçib. Bu müddət ərzində ruslar din və pravoslav kilsəsinin rolu məsələsində yekdil bir qərara gələ bilməyiblər. Bir tərəfdən, ölkə konstitusiyası Rusiyanın dünyəvi dövlət, kilsə ilə dövlətin bir-birindən ayrı olduğunu təsbit edir. Digər tərəfdənsə, prezident Vladimir Putin «ənənəvi rus dəyərləri» fikrini qabardaraq kilsəni rus kimliyinin mərkəzinə yerləşdirməyə çalışıb. O və digər hökumət rəsmiləri kilsə nümayəndələri ilə yaxın şəxsi və ictimai münasibət sərgiləyiblər.

Rusların əksər hissəsi özünü pravoslav xristian hesab edir. Ancaq özəlliklə gənclər arasında əhalinin çox az hissəsi müntəzəm olaraq kilsəyə gedir və pravoslav ayinləri icra edir.

Müstəqil «Levada» Mərkəzinin 2016-cı ildə keçirdiyi rəy sorğusuna görə, rusların 34%-i dinin həyatlarında mühüm və ya çox mühüm rol oynadığını deyib. Respondentlərin 21%-i isə pravoslav dindarların cəmiyyətdəki digər insanlar üzərində «qanuni üstünlüyə» malik olmalı olduğu fikri ilə razılaşıblar.

Ulyanovskda «Onlayn Ata» toplantısı
Ulyanovskda «Onlayn Ata» toplantısı

Rəyi soruşulanların yalnız 17%-i kilsənin hökumətin siyasətinə həddindən çox təsir etdiyi qənaətində olduğunu bildirib. 19% məktəblərdə dinə yer olmadığını deyib. Qeyd edək ki, 1991-ci ildə bu göstərici cəmi 10% idi. Respondentlərin 13%-i məktəblərdə istəyən hər kəsə «Allah qanunu»nun keçilməli olduğunu deyib. 1991-ci ildə bu göstərici 20% idi.

200 MİNDƏN ÇOX SORĞUNU CAVABLANDIRIBLAR

«Onlayn Ata» layihəsi kilsənin uşaqları cəlb etmək cəhdidir. Təşkilatçıların sözlərinə görə, son altı il ərzində keşişlər bu proqramın köməyi ilə 200 mindən çox sorğuya cavab veriblər. Ancaq verilən cavablar dar çərçivəni əhatələyib: kilsəyə get, ayinləri icra et, dinin əmrlərinə tabe ol, dua et və Allahın iradəsinə təslim ol. Patriarx Kirill layihəni bəyənərək daha çox keşişi bu təşəbbüsə qatılmağa çağırıb.

İki il bundan öncə isə onlayn layihənin real versiyası işə salınıb. Proqram vasitəsilə keşişlər Ulyanovsk vilayətində onlarla məktəbi ziyarət ediblər. «Onlayn Ata» Ulyanovskun regional və bələdiyyə hökumətləri tərəfindən fəal təbliğ olunur, hər iki səviyyədə mədəniyyət və təhsil departamentləri ilə birgə layihələr icra edir.

«Onlayn Ata» layihəsi kilsənin uşaqları cəlb etmək cəhdidir
«Onlayn Ata» layihəsi kilsənin uşaqları cəlb etmək cəhdidir

Bu layihənin Ulyanovsk şəhər Təhsil İdarəsinin keçmiş rəhbəri Lyudmila Solomenko-ya aid olduğu bildirilir. 2012-ci ildə vəzifəsindən getməmişdən öncə onun kilsəyə bağlı olduğu, hətta öz kabinetini pravoslav ikonaları ilə bəzədiyi bəllidir. Vəzifədə olduğu müddətdə məktəblərə müntəzəm olaraq uşaqları pravoslav sərgilərinə və yerli kilsələrə ekskursiyaya aparmaq təlimatı verilirdi. Bundan başqa, Solomenko bəzi məktəblərə biliklə assosiasiya olunan ikonaların nüsxələrini sərgiləməyi tapşırmışdı.

370 MİN RUBL QRANT

2015-ci və 2016-cı illərdə layihə hökumətdən 370 min rubl birbaşa qrant alıb. Onun reklamları hökumətin bilbordlarında göstərilir, videoları isə yerli administrasiyanın YouTube kanalında paylaşılır.

Arxiyepiskop Dmitry Savelyov AzadlıqRadiosuna deyib ki, «Onlayn Ata» tədbirlərində ayinlər icra edilmədiyi müddətdə heç bir qanun pozuntusundan söhbət gedə bilməz.

«Məktəblərdə ibadət qadağandır. Ancaq keşiş, molla, yaxud hər hansı bir siyasi partiyanın fəalı sinfə gələ bilər. Bu, qadağan deyil...», – deyə o bildirib.

Ulyanovsklu hüquqşünas Nadezhda Semyonova isə deyir ki, pravoslav kilsəsinə digər dinlərdən daha çox güzəştlər etmək Rusiya Konstitusiyasının 14-cü maddəsinə ziddir.

XS
SM
MD
LG