Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:49

Macarıstan baş nazirinə ‘diktator səlahiyyətinin’ verilməsi pislənir


Viktor Orban
Viktor Orban

ABŞ Konqresinin iki üzvü Macarıstanda sağ təmayüllü baş nazir Viktor Orbana koronavirus pandemiyası ilə bağlı daha böyük səlahiyyətlər verən qanunun qəbulunu tənqid edib.

Millət vəkilləri – Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin sədri Eliot Engel və Senatın Xarici İşlər Komitəsinin rəhbəri senator Jim Risch deyiblər ki, NATO və Avropa İttifaqının üzvü olan bir ölkədə Orbana “diktator səlahiyyətləri” verən bu qanun “hakimiyyətin qəsbi” kimi olduqca narahatedici hadisədir.

Engel əlavə edib ki, Orbanın “öz xalqının iztirablarından şəxsi mənafeyi üçün istifadə etməsi” xüsusilə yolverilməzdir.

Konqresmen bildirib ki, NATO və Aİ üzvü olan bir ölkədə belə bir hadisə baş verməməliydi:

“Mən cənab Orbanı bu cəhddən əl çəkməyə və diqqətini macar xalqının sağlamlığı naminə COVID virusuna qarşı mübarizəyə yönəltməyə çağırıram”.

Engel və Risch narahatlıqla qeyd ediblər ki, qanun Orbana səlahiyyətlərin hansı müddətə verildiyinə aydınlıq gətirmir.

“Konstitusiyanın kilidlənməsi”

Orbanın millətçi-populist Fidesz partiyası artıq bir onillikdir ki, ölkənin siyasi həyatına hakimdir.

Partiya parlamentdə üçdə iki nisbətində çoxluğa malikdir.

Martın 30-da parlamentdə 137 leyhinə, 53 əleyhinə nisbətində qəbul edilmiş qanun martın 11-də pandemiya ilə bağlı elan edilmiş fövqəladə vəziyyətin qeyri-müəyyən müddətdə davam etməsinə imkan yaradır.

Praqadakı Nyu York Universitetinin müəllimi, beynəlxalq qanunlar üzrə ekspert Tamas Lattmann AzadlıqRadiosuna deyib ki, sözü gedən qanunun qəbulu faktiki olaraq “konstitusiyanın kilidlənməsi” deməkdir.

Ekspertin sözlərinə görə, fövqəladə vəziyyət nəvaxtsa qurtaracaq, amma bu şəraitdə qəbul edilmiş qanunvericilik aktları daim qüvvədə qalacaq.

Macarıstanın siyasi partiyaları, Helsinki Komitəsi və başqa təşkilatlar qanuna onun qüvvədən düşəcəyi tarixin əlavə olunmasını tələb ediblər.

Müstəqil media və məhkəmələrə son qoyulub

2010-cu ildən bəri baş nazir olan 56 yaşlı Orban bu illər ərzində Macarıstanın müstəqil mediasına və məhkəmələrinə əslində son qoyub.

O bundan başqa ölkədə QHT-lərin fəaliyyətini məhdudlaşdırıb.

Qanunun tərəfdarları bildirirlər ki, hökumətə əlavə səlahiyyətlərin verilməsi pandemiyaya qarşı mübarizənin gücləndirilməsi üçün lazımdır.

Hazırda Macarıstanda 447 nəfər koronavirusa yoluxub, bunlardan 15 nəfəri vəfat edib.

Hakimiyyətdən olan millət vəkilləri deyirlər ki, bu qanuna müddət qoyula bilməz, beləki pandemiyanın nə vaxt başa çatacağı bəlli deyil.

XS
SM
MD
LG