Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:18

Japarovun sələflərindən fərqi. Gələn il Orta Asiyada nələri izləməli


Avropa Bankı: Azərbaycandan keçən "Transxəzər" dəhlizinə tələbat xeyli artıb
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

Avropa Bankı: Azərbaycandan keçən "Transxəzər" dəhlizinə tələbat xeyli artıb

Başa çatmaqda olan 2022-ci il Orta Asiya üçün o qədər də sakit keçməyib. Bu il regionda etirazların yatırılmasından tutmuş sərhəd toqquşmalarına qədər ürəkaçan olmayan hadisələr qeydə alınıb.

Bu il regionda baş verən beş əsas hadisədən birincisi inflyasiyanın təsiri nəticəsində sosial gərginliyin artmasıdır.

Ən böyük təhlükə

2022-ci il Qazaxıstan üçün hökumət əleyhinə misli görünməmiş etirazlar və hökumətin onları amasızlıqla yatırması ilə başladı. Azı 238 nəfər həyatını itirdi. Etirazlar Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın başçılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunlarını ölkəyə çağırmasından sonra yatırıldı.

Öncə yanacaq qiymətlərinin artırılmasına etiraz olaraq başlayan və tezliklə ölkənin hər yerinə yayılan nümayişlər sürətlə korrupsiya və nepotizmə qarşı qəzəb ifadəsinə çevrilməyə başladı.

Müşahidəçilər deyirlər ki, Orta Asiya hökumətləri real və uydurma opponentləri təqib etsələr də, onlar üçün ən böyük təhlükə ərzaq qiymətlərinin artmasıdır.

Koronavirus, pandemiyanın doğurduğu təchizat məsələləri, habelə Ukraynadakı müharibə regionda yaşayış xərclərinin artmasına səbəb olub.

İnflyasiya

Noyabrda Qazaxıstanda illik inflyasiya 19,6%-ə, ərzaq qiymətlərindəki artımsa 24%-ə çatmışdı.

İqtisadi təhlilçi Tulegen Askarov deyir ki, bu rəqəmlər təkcə Qazaxıstanı deyil, ərzaq idxal etmək üçün ondan asılı qonşu ölkələri də narahat edir.

"Hazırda sosial gərginliyin ən mühüm mənbəyi inflyasiyadır”, – Askarov deyir.

Xalqın alıcılıq qabiliyyətinin azalması hökumətlərin köhnəlmiş enerji sistemlərini yeniləmək və təmir etmək üçün hərəkət imkanlarını daraldır.

Ekspertlər regiondakı aşağı tariflərin enerji sektoruna investisiyaları geri atdığını deyirlər. Ancaq bu il Qazaxıstanda baş verənlərdən sonra hökumətin riskə gedib qiymətləri artırıb-artırmayacağını izləmək lazımdır.

Rusiyanın nəzarəti

Ötən il həm də Qırğızıstanla Tacikistan arasında sərhəd toqquşmaları ilə yadda qalıb. Sentyabrda bu toqquşmalarda 100 nəfərədək insan həyatını itirib.

Hər iki ölkədə hərbi bazaları olan Rusiya illər ərzində onların münasibətlərinə də nəzarət edib. Ancaq oktyabrda Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanda qırğızıstanlı həmkarı Sadır Japarov və Tacikistan lideri Emoməli Rəhmonla görüşərək münaqişənin həllinə kömək etməyə çalışıb. Moskvanın bu davamlı sərhəd toqquşmalarına həll yolu tapmağa qadir, yaxud maraqlı olub-olmaması çox da aydın deyil.

Qırğızıstanlı siyasi təhlilçi Medet Tyulegenov deyir ki, Kremlin başının Ukraynadakı dəhşətli müharibəyə qarışmasını nəzərə alsaq, onun SSRİ-nin ilk dövrlərinə gedib çıxan bu məsələlərin həllində ciddi rol oynayacağı ehtimalı çox azdır.

"Rusiyanın postsovet məkanındakı müxtəlif münaqişələrdə iştirakı …onun qarşılıqlı etimadsızlığı həll etmək və ölkələri birləşdirmək baxımından effektiv tərəf olmadığını göstərir”, – Tyulegenov vurğulayır.

Siyasi təhlilçi qarşıdan gələn ildə də sərhəddə yeni böyük eskalasiyanın baş verəcəyi ehtimalının “az olmadığını” deyir.

Rusiyayla pisləşən münasibətlər

Rusiya ilə sərhədi olan yeganə Orta Asiya ölkəsi Qazaxıstanın bu il Moskvayla münasibətləri pisləşib. Qazaxıstanın Qərbin sanksiyalarından çəkindiyi üçün Belarusa qoşularaq Kremlin Ukraynaya qarşı müharibəsini dəstəkləməməsi şimal qonşusunu qəzəbləndirib.

Rusiya siyasətçiləri və ictimai xadimləri Astananın neytrallığını qoruyub saxlamasına silsilə təhqir və hədələrlə cavab veriblər. Qazaxıstana hücumla bağlı hədələr də səsləndirilib.

Moskva Qazaxıstanın Rusiyadan keçərək qazax neftini Aİ-yə daşıyan boru xəttinə çıxışını da kəsib. Müşahidəçilər Moskvanın bu addımını yetərincə loyallıq göstərməyən müttəfiqini cəzalandırmaq cəhdi kimi qiymətləndirirlər.

Moskvadan asılılıq

Təhlilçi Dimaş Aljanov AzadlıqRadiosuna bildirib ki, Qazaxıstanın öz ordusunu və təhlükəsizlik xidmətini modernləşdirə bilməməsi onun hələ də təhlükəsizlik ehtiyacları üçün Moskvadan asılı qalması deməkdir.

Orta Asiyanın ən təcrid olunmuş və avtoritar ölkəsi Türkmənistanda Prezident Qurbanqulu Berdiməhəmmədov martda hakimiyyətdən geri çəkilərək prezidentliyi oğlu Sərdara verib.

Tacikistanda da buna bənzər ötürmə baş verə bilər. Emoməli Rəhmonun hakimiyyəti oğlu Rustam Emoməliyə ötürməyə hazırlaşması haqda şayiələr artmaqdadır.

Elitanın 70 yaşlı Rəhmona “Ümummilli lider” adı verməsi onun formal olaraq hakimiyyətdən getdikdən sonra da idarəçiliyə ciddi təsir edəcəyini düşünməyə əsas verir.

Potensial gərginlik

Türkmənistanda ata Berdiməhəmmədov hələ də prezident rolunu oynamaqdadır.

“PACE Global Strategies” təşkilatının baş məsləhətçisi Dierdra Taynen (Deirdre Tynan) deyir ki, hakimiyyətin bu cür atadan oğula ötürülməsi davamlılıq yarada bildiyi kimi gərginliyə də yol aça bilər.

"Yeni, daha gənc liderlərə miras qalan güc strukturları onlara atalarına göstərdikləri loyallığı göstərməyə bilərlər və burada risklər çoxdur”, – o söyləyir.

İyulda Özbəkistan təhlükəsizlik qüvvələri ölkənin muxtar Karakalpakstan bölgəsinə təsir edə biləcək konstitusiya dəyişikliyinə qarşı etirazları amansızlıqla yatırdılar. Rəsmi məlumatlara görə, 21 nəfər həyatını itirdi.

Tacikistanda isə hökumət mayda Dağlıq Bədəxşan bölgəsindəki etirazları yatıran zaman azı 16 nəfərin ölümünə səbəb oldu. Ancaq hadisələri yaxından görənlər ölənlərn sayının daha çox olduğunu deyir.

Qırğızıstan

Qırğızıstanda oktyabrda Özbəkistanla sərhəd razılaşmasına etiraz etdiyi üçün həbs olunan 26 aktivist və siyasətçidən azı 17-si aclıq edir.

2005, 2010 və 2020-ci illərdə baş verən inqilabları nəzərə alsaq, bu ölkəni qarşıda nə gözlədiyini izləmək çox maraqlıdır.

Təhlilçi Emil Curayev deyir ki, Japarov hökuməti qısamüddətli perspektivdə ayaqda qalacaq. Onun sözlərinə görə, hazırkı hökumət bəzi sələflərindən fərqlidir.

Curayev ilk növbədə hazırkı hökumətin "kənd yerlərində yaşayan vətəndaşların daha güclü səfərbər dəstəyinə malik olduğunu” vurğulayıb. Onun sözlərinə görə, kəndlilər ənənəvi olaraq hökumətə qarşı üsyanlarda mərkəzi rol oynayıblar. “Ancaq zaman keçdikcə bu dəstək get-gedə azalıb”, – Curayev söyləyir.

XS
SM
MD
LG