Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:36

Orta Asiya mediası Rusiyanın Ukraynadakı müharibəsi haqda susur


Mərkəzi Asiyada dövlət mediasında Ukraynadan döyüş səhnələri göstərilmir.
Mərkəzi Asiyada dövlət mediasında Ukraynadan döyüş səhnələri göstərilmir.

SSRİ-də hökumətin xalqdan gizlətməyə çalışdığı informasiyanı filtrləmək qabiliyyətini əks etdirən belə bir lətifə var idi: Əgər "Pravda" qəzeti Napoleonun vaxtında mövcud olsaydı, heç kim Fransa ordusunun Vaterloo döyüşündə məğlub olduğu haqda eşitməzdi.

Müasir dövrdə Orta Asiyada "Pravda"nın pis xəbərləri gizlətmək qabiliyyətinə ən yaxın şey Türkmənistanın dövlət mediasıdır. Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücuma başlamasından bəri Türkmənistanın dövlət mediası bu münaqişə haqda heç bir mənalı məlumat verməyib.

AzadlıqRadiosunun əməkdaşları Kris Riklton və Yelnur Alimovanın hazırladığı reportajda deyilir ki, ümumən, Orta Asiyanın hər yerində dövlət mediası bu dağıdıcı münaqişə haqda minimal məlumat verməyə çalışır. Hərçənd yerli əhali münaqişənin dağıdıcı təsirlərini yaxından hiss edir – ən azı ölən əsgərlərin cəsədlərinin Orta Asiyaya qayıtması sayəsində.

Bir çox müstəqil media qurumları isə, əksinə, artıq iki il yarımdan çoxdur ki, davam edən bu münaqişəni əsas mövzulardan biri kimi daim gündəmdə saxlayır.

Ukraynadakı müharibənin işıqlandırılması çox zaman Rusiyanın qəzəbinə tuş gəlir. Bir müddət bu mövzunu işıqlandırmağa çalışan dövlət media qurumlarının artıq bunu etməməsi də bununla bağlıdır.

Qazaxıstan

Orta Asiya rəsmiləri Ukrayna məsələsinə çox ehtiyatla yanaşsalar da, Qazaxıstan cəsarətli rəsmi bəyanatlar ortaya qoyub. Qazaxıstan Rusiyanın müharibə zamanı zəbt etdiyi əraziləri onun ərazisi kimi tanımayıb.

Orta Asiyanın ən iri ölkəsi olan Qazaxıstan, eyni zamanda, regionun Rusiya ilə quru sərhədi olan yeganə dövlətidir. Bu, həm də dünyada ən uzun kəsintisiz quru sərhədidir.

2022-ci ildə 200 mindən artıq Rusiya vətəndaşı Moskvanın hərbi səfərbərliyindən qaçaraq Qazaxıstana keçib. Həm müharibə, həm də bir çox dövlətlərin Rusiyaya qarşı sanksiya tətbiq etməsi Qazaxıstan iqtisadiyyatını taqətdən salıb.

Ancaq televiziyada yayımlanan xəbərlərə qalsa, bu münaqişənin Qazaxıstana heç bir aidiyyəti yoxdur.

Təkcə son həftələr ərzində "Qazaqstan" dövlət kanalının tamaşaçıları ölkələrindən 14 min kilometr aralıda yerləşən Boliviya meşələrindəki yanğınlar, Puerto-Rikodakı elektrik kəsintiləri və Konqoda meymun çiçəyinin yayılması haqda xəbərlər eşidiblər.

Ancaq onlar Ukraynanın avqustda Rusiyanın Kursk vilayətinə qəfil hücumu, yaxud Rusiyanın Ukraynanın mülki infrastrukturuna müntəzəm dron və raket hücumları haqda xəbərləri görməyiblər.

Ukraynadakı qazax diaspor üzvləri tərəfindən Buça şəhərində "Yenilməz Yurt" təşəbbüsü çərçivəsində qurulan alaçıq
Ukraynadakı qazax diaspor üzvləri tərəfindən Buça şəhərində "Yenilməz Yurt" təşəbbüsü çərçivəsində qurulan alaçıq

Alaçıqların yaratdığı əks-səda

Faktiki olaraq, Qazaxıstanın dövlət mediası 2023-cü ilin ilk aylarından bəri müharibə haqda çox az məlumat verib. Ancaq təəccüblü olsa da, bəzi dövlət kanalları qazax biznesmenlərinin Ukraynada humanitar yardım kimi alaçıqlar qurması haqda xəbəri işıqlandırıblar.

Ukraynanın azı dörd şəhərində qurulan bu alaçıqlar, deyəsən, Rusiyanın xətrinə dəyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü açıq şəkildə izahat tələb edəndə onun qazax həmkarı bildirib ki, burada "izah etməli bir şey yoxdur". O bu alaçıqların qurulmasını "özəl təşəbbüs" adlandırıb.

Bunun ardınca Ukraynada baş verənlərin işıqlandırılmasında kəskin azalma müşahidə edilməyə başlayıb.

AzadlıqRadiosunun qazax xidməti "Xabar" dövlət media qurumuna dövlət kanallarının Ukraynada baş verənlərin işıqlandırılmaması tələbi ilə üzləşib-üzləşmədiyi haqda sual verib. Qurumun nümayəndəsi bu iddianı rədd edərək münaqişə zonasından gələn xəbərlərin səhihliyini yoxlamağın çətin olduğunu iddia edib.

Münaqişəni görməzdən gələn media

Qonşu Özbəkistanda dövlət televiziyası münaqişəni yerli-dibli görməzdən gəlib. Dövlət media qurumlarının saytlarındakı axtarış bölməsində "Ukrayna" yazdığınız zaman müharibənin ilk ilinə aid məlumatlardan başqa heç bir nəticə çıxmır. Tacikistanda da eyni hal müşahidə olunur.

Qırğızıstanın dövlət KTRK kanalı bu qaydadan kənara çıxaraq BBC-nin müharibə haqda müntəzəm kiçik xəbərlərini yayımlayır.

Kanalın öz xəbərlərinə gəlincə isə, "onlar müharibə ilə bağlı əsas etibarilə yalnız göz yumulması mümkün olmayan halları işıqlandırırlar. Bu halda belə məlumat çox kasad, … və neytral olur", – qırğız media eksperti Adil Turdukulov AzadlıqRadiosuna deyib.

Özəl media qurumları

Orta Asiyanın özəl media qurumları isə Ukrayna müharibəsini fərqli dərəcələrdə işıqlandırır. Ölkə hökumətinə yaxın media qurumları yalnız geosiyasi gedişata fokuslanır. Kraudfandinq və donor dəstəyi ilə maliyyələşən media qurumları isə Ukrayna ordusunun cəbhə xəttindən hazırlanan reportajları da yayır.

Müharibə başlayanda Qırğızıstanın özəl 24.kg xəbər agentliyinin redaktoru olan Mahinur Niyazova deyir ki, o zaman agentliyin siyasəti həm Rusiya, həm də Qərb mediasının, habelə rəsmi mənbələrin xəbərlərini vermək, xəbərlərin verildiyi icmalları gündə bir neçə dəfə yeniləməkdən ibarət idi.

Ancaq bu, fəalların təzyiqinə səbəb olub. Onlar xəbər icmallarında Moskvanın "xüsusi hərbi əməliyyat" ifadəsinin işlədilməsinə qarşı çıxıblar. Niyazovanın sözlərinə görə, Rusiya səfirliyindən də xəbərlərin çox ukraynayönlü olması ilə bağlı şikayət zəngləri gəlirmiş.

kg.24-ün ofisi Qırğızıstan hökuməti tərəfindən möhürlənib.
kg.24-ün ofisi Qırğızıstan hökuməti tərəfindən möhürlənib.

Batalyon komandiri ilə müsahibədən sonra...

Yanvarda 24.kg-nın Bişkekdəki ofisinə reyd təşkil edilib və ofis möhürlənib. Quruma qarşı "müharibə təbliğatı" iddiası ilə cinayət işi açılıb. Cinayət işinin açılması agentliyin 2023-cü ilin avqustunda Ukrayna ordusunun tərəfində vuruşan "Türk Turan" batalyonunun komandiri, Qırğızıstan vətəndaşı Almaz Kudabek-uuludan müsahibə alması ilə bağlıdır.

Bu işdə Rusiyanın hansı rolu oynadığı aydın deyil. Çünki cinayət işinin açılması prezident Sadır Japarovu tənqid edən qırğız media qurumlarının kütləvi təqib olunması ilə eyni vaxta düşmüşdü.

Ancaq Rusiyanın dövlət mediaya nəzarət qurumu "Roskomnadzor" müsahibənin dərc edilməsindən az sonra 24.kg-ni Rusiya ərazisində bloklamış və bu qərarını agentliyin müharibənin ilk illərində dərc etdiyi icmallarla əsaslandırmışdı.

24.kg-nın sahiblərinin dəyişməsi və Niyazova da daxil olmaqla əməkdaşlarının işdən çıxmasından sonra Qırğızıstan prokurorluğu cinayət işinin artıq araşdırılmadığını elan edib.

"Roskomnadzor" müharibəyə dair xəbərləri silməkdən imtina edən qazax və tacik özəl media qurumlarının saytlarını da öz ərazisində bloklayıb.

Hələlik, özbək media qurumlarının eyni aqibəti yaşaması müşahidə olunmayıb. Hərçənd bir neçə nüfuzlu özəl sayt müharibəni işıqlandırır. Üstəlik, onlar müharibəni Moskvanın baxış bucağından işıqlandırmırlar.

"Türkmənistan hələ də xeyli dərəcədə SSRİ-dir"

"Rusiya müharibəyə qarşı olduqca həssasdır. O, söz seçiminə qarşı çox həssasdır. Bunu hamı bilir. Ancaq iş superavtoritar Türkmənistanın media məkanına gələndə "Roskomnadzor" rahat dincələ bilər", – Niderlandda fəaliyyət göstərən Turkmen.News-un baş redaktoru Ruslan Matiyev deyir.

Özünü diplomatik baxımdan neytral kimi təqdim edən Türkmənistanın dövlət mediası hər hansı beynəlxalq münaqişə, o cümlədən Ukrayna müharibəsi haqda heç nə demir. Müharibənin ilk günlərində minlərlə türkmən tələbə Ukraynada ilişib qalmışdı.

Müharibə haqda türkmən dilində xəbərləri yalnız Matiyevin Turkmen.News saytı, AzadlıqRadiosunun türkmən xidməti və Vyanada fəaliyyət göstərən "Chronicles of Turkmenistan" saytından oxumaq mümkündür.

"Bir çox avtoritar ölkələrdə [qeyri-dövlət] mediası müəyyən qədər dövlətdən asılı ola bilir. Ancaq Türkmənistanda bu asılılıq tam asılılıqdır. Bu mənada Türkmənistan hələ də xeyli dərəcədə SSRİ-dir", – Matiyev deyir.

XS
SM
MD
LG