Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:06

Özbəkistanda hicaba və saqqala qarşı mübarizə kampaniyası davam edir


Daşkənd bazarında hicablı qadın (Arxiv fotosu)
Daşkənd bazarında hicablı qadın (Arxiv fotosu)

Özbəkistan hakimiyyəti dinə qarşı mübarizə kampaniyasını davam etdirir.

AzadlıqRadiosunun Özbək xidməti – Ozodlik yazır ki, ölkə boyunca kişiləri saqqallarını qırxmağa, qadınları isə hicablarını açmağa məcbur edirlər.

Ozodlik bildirir ki, onun redaksiyasına daxil olmuş videoda Əndicandakı Bank Kollecində hicablı qızlardan hicablarını açmaları və baş örtüyünü arxadan düyünləmələrinin tələb olunduğu görünür.

Bu tələbi yerinə yetirməyənləri dərsə buraxmırlar.

Ozodlik yazır ki, bu, ilk belə hadisə deyil. Bundan əvvəl Buxara Mühəndis-Texnologiya İnstitutunun üçüncü kurs tələbəsi Fatima Abdulloh Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qızı Səidəyə müraciət edərək hicablı tələbələri müdafiə etməsini rica etmişdi.

Eyni halların Çirçik Dövlət Pedaqoji Universitetində də baş verdiyi bildirilir.

Universitetin rəhbərliyi Özbək dili və ədəbiyyatı fakültəsinin üçüncü kurs tələbəsi Karomat Mukimovaya yataqxanada yer verilməsi üçün ondan hicabını açmasını tələb edib.

Zangiyat və Yangiyul rayonlarında isə hicablı qadınların yaşadıqları evlərə reydlər keçirilib. Evlərə soxulan maskalı şəxslər axtarış aparırlar.

Saqqala görə 15 sutka

Saqqal saxlayan kişilərin təqiblərə məruz qalması barədə Facebook istifadəçiləri xəbər verirlər.

Alixontura Şokircan oğlu yazır ki, Daşkəndin Sergel rayonunun bazarında 10-dək saqqalı kişi saxlanıb. Onların 15 sutkalığa həbs olunduqları xəbər verilir.

Başqa bir Facebook istifadəçisi isə yazır ki, Daşkəndin Mirzo Uluqbek və Almazar rayonlarında da buna bənzər reydlər keçirilib. Orada hüquq-mühafizə əməkdaşları zor tətbiq edərək dörd kişinin saqqalını qırxıblar. Onlardan biri müqavimət göstərməyə cəhd etdiyinə görə 15 sutkalıq həbs alıb.

Ozodlik yazır ki, Daşkənd prokurorluğu iqtisadi cinayətlərə qarşı mübarizə departamenti, Daşkənd şəhər vergi idarəsi və dövlət sanitar epidemioloji xidmətinin sentyabrın 11-12-də keçirdiyi reydlər zamanı dindarlarını istifadə etdikləri onlarca kafe bağlanıb.

Bu kafelərin sahiblərini sanitariya normalarının pozulmasında ittiham etsələr də, əsas səbəbin kafe işçiləri olan kişi və qadınların saqqal saxlaması və hicablı olmasının olduğu deyilir.

'Prezident gedib Şuşada, Laçında villa tikdirir' - Bakının 'Şanxay'ı dağılır
Gözlə

No media source currently available

0:00 0:07:54 0:00

“Dini radikalizmin artmasından” narahatlıq

Bu da xəbər verilir ki, hakimiyyət orqanları dinə qarşı mübarizə kampaniyasının gedişində Daşkənddə İslam ədəbiyyatı, ətriyyat və geyim satan mağazaları nəzarətə götürüb.

Ozodlik yazır ki, bu mağazaların sahiblərindən dükanların İslam adlarının dəyişdirilməsi və ərəb dilində olan lövhələrin yığışdırılması tələb olunub.

Ozodlik yazır ki, saqqal və hicaba qarşı kampaniya Özbəkistan parlamenti ictimai yerlərdə davranışa dair qanuna dəyişikliklər etdikdən sonra başlanıb.

Bu dəyişikliklərə görə Özbəkistan vətəndaşlarına, dini təşkilatlarda işləyənlər istisna olunmaqla ictimai yerlərdə dini geyim qadağan edilir.

Ozodlik qeyd edir ki, bundan əvvəl baş nazir Abdulla Aripov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Abdusalom Azizovun iştirakı ilə keçirilmiş hökumət müşavirəsində “ölkədə dini radikalizmin artmasından” narahatlıq ifadə olunmuşdu.

XS
SM
MD
LG