Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:57

Mirziyoyevin hakimiyyətini uzadacaq referendum keçiriləcək


Özbəkistan prezidenti Şavkat Mirziyoyev
Özbəkistan prezidenti Şavkat Mirziyoyev

Özbəkistan parlamenti ölkə konstitusiyasına dəyişiklik və düzəlişlərin təsbiti üçün referendum keçirilməsinə dair qərar qəbul edib.

Yeni konstitusiya ölkənin indiki prezidenti Şavkat Mirziyoyevə üçüncü müddətə seçilmək imkanı verəcək.

Özbəkistan parlamentinin aşağı palatasındakı 132 millət vəkili bu qərarı martın 10-da keçirilən sessiyada qəbul edib.

2 deputat bitərəf qalıb, üç deputat isə səsvermədə iştirak etməyib.

Qərara görə referendum aprelin 30-a təyin edilib.

Mirziyoyevin də müddətləri “sıfırlanacaq”

Təklif edilən dəyişikliklərdən biri ilə Mirziyoyevin indiyə qədər olan prezidentlik müddətləri “sıfırlanacaq” və o daha iki müddətə seçilmək imkanı əldə edəcək.

Bundan əvvəl belə metoddan Rusiyada istifadə olunub. Orada yeni qanun prezident Vladimir Putinin əvvəlki prezidentliklərini “sıfırlayaraq” ona 2036-cı ilədək hakimiyyətdə qalmaq imkanı verib.

Dəyişiklik layihəsi habelə bir prezidentlik müddətinin indiki kimi 5 il yox, 7 il olmasını nəzərdə tutur.

Mirziyoyevin hazırkı prezidentlik müddəti 2026-cı ildə başa çatmalıdır.

Deputatlar deyirlər ki, düzəlişlər ölkə konstitusiyasındakı maddələrin sayını 128-dən 155-ə çatdıracaq.

Konstitusiyanın 65 faizinə düzəliş edildiyindən onun “Yeni Konstitusiya” adlanması təklif olunub.

Konstitusiyanın yeni redaksiyası Özbəkistanı “sosial rifah dövləti” elan edəcək və dövlətin vətəndaşlara münasibətdə öhdəliklərini artıracaq.

Üç referendum, eyni motiv

Konstitusiyaya düzəlişlər edilməsi təşəbbüsünü prezident Şavkat Mirziyoyev ötən yay qaldırıb.

O vaxt konstitusiyanın yeni redaksiyasında Qaraqalpaqıstan Respublikasının Özbəkistandan ayrılmaq hüququ ləğv edilməli idi.

Bunun ardınca, iyulun 1-də muxtar respublikada etiraz aksiyaları başlamışdı. Aksiyaçılar Özbəkistan Konstitusiyasına düzəliş təkliflərinə qarşı çıxış edirdilər.

Etirazların ardınca baş vermiş iğtişaşlarda azı 21 nəfər öldükdən 4 gün sonra Özbəkistan prezidenti sözü gedən təklifi geri götürməli olmuşdu.

Buna baxmayaraq onlarca aksiyaçı iğtişaşları qızışdırmaq ittihamı ilə həbs və məhkum edilib.

Aprelin 30-da keçiriləcək ümumxalq səsverməsi müstəqil Özbəkistanın tarixində üçüncü referendum olacaq.

1995 və 2002-ci ildə keçirilən iki referendum mərhum prezident İslam Karimova heç bir seçki keçirilmədən əlavə olaraq iki prezidentlik müddəti vermişdi.

XS
SM
MD
LG