Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:41

Pakistanda Çinin günəş panellərinə maraq yeni borc böhranı törədə bilər


Pakistanın Hayber-Paxtunxva əyalətində işçilər Çin istehsalı olan günəş panelləri quraşdırır.
Pakistanın Hayber-Paxtunxva əyalətində işçilər Çin istehsalı olan günəş panelləri quraşdırır.

Dünya liderləri yaşıl enerjiyə qlobal keçid planını hazırlamaq üçün Bakıda COP29-a toplaşıb. Siyasətçilər yaşıl keçidin gətirə biləcəyi görünməyən əngəlləri çözməyə məcburdurlar. AzadlıqRadiosunun əməkdaşları Daud XattakReyd Stendiş bunun səbəblərindən yazırlar.

Belə ssenarilərdən biri Pakistanda baş verir. Elektrik enerjisinin bahalaşması Pakistanın dövlət elektrik şəbəkəsini Güney Asiyada ən bahalılardan birinə çevirib. Sıxıntı keçirən siravi vətəndaş və iş adamları çıxış yolunu Çin istehsalı olan günəş panellərində görürlər.

"Elektrik enerjisinin dövlət qiymətləri tükədicilər üçün əlçatmazdır, imkanı olan hər kəs indi günəş enerjisinə keçməyə çalışır", - xırda biznesi olan Nasar Xan AzadlıqRadiosuna belə deyib.

Çindən 1.4 milyard dollar dəyərində günəş panelləri alan Pakistan bu göstəriciyə görə dünyada Çinin üçüncü ən böyük alıcısıdır. Ancaq bu, ölkənin 9 milyard dollardan çox borcu olan enerji sektoruna risklər yaradır. Elektrik enerjisi istehlakının azalması isə yeni büdcə böhranı doğura bilər.

240 milyon əhalisi olan ölkənin hər yerində günəş panelləri sayının çoxalması artan dövlət elektrik enerjisi tariflərinin təsirini azaltmalıydı. Bu, çevrənin qorunması və daha təmiz enerji istehsalı üçün yaxşı xəbər sayıla bilər. Amma dövlət şəbəkəsi enerjisinə tələbatın enməsi büdcə gəlirlərinin azalması deməkdir, axı.

Ölkənin cənub-şərqində, Sind əyalətində baş nazirin məsləhətçisi olmuş iqtisadçı Kayzer Benqali deyir ki, Çin panellərindən geniş istifadə dövriyyə borcuna, yəni bir dövlət şirkətindən digərinə ödənilməmiş borcların yığılmasına səbəb ola bilər.

"Əgər insanlar su xərclərini ödəmirlərsə, o zaman su şirkəti elektrik şirkətinin pulunu ödəyə bilməz. O da, öz növbəsində, qazdan istifadə etdiyindən qaz şirkətinə ödəniş edə bilmir və s.", - Benqalinin AzadlıqRadiosuna dediyi sözlərdir.

İnişillə müqayisədə ötən il elektrik enerjisinin qiyməti artdığından istehlak 10 faiz azalıb. Rəsmi İslamabad Beynəlxalq Valyuta Fondundan (IMF) alınan krediti qaytarmaq üçün elektrik enerjisinin qiymətini bahalaşdırmalıdır. Buna basqı var.

Pakistanlılar muxtar elektrik təchizatı üçün səy göstərir

Pakistanlılar bacardıqları qədər uyğunlaşmağa çalışırlar. Bir iş var ki, istifadə edilən günəş panellərinin dəqiq sayı və çeşidi bilinmir. Bəzi ailələr öz ehtiyacları üçün sadə qurğulara üstünlük verir, digərləri artıq enerjini milli şəbəkəyə satmaq üçün panellərə daha çox pul yatırır.

Quraşdırıcıların fikrincə, ölkədə enerji böhranı və hökumətin onu həll edə bilməməsi üzündən, panellərə tələbat önəmli dərəcədə artıb.

Kəraçidə elektrik enerjisinin bahalaşmasına qarşı nümayiş.
Kəraçidə elektrik enerjisinin bahalaşmasına qarşı nümayiş.

"Fərdi və sənaye istehlakçıları yüksək tariflərdən və elektrik enerjisinin tez-tez kəsilməsindən beziblər", - Svabi rayonundan olan Abrar Xan AzadlıqRadiosuna belə deyib.

Pakistanın enerji böhranının kökləri ötən əsrin ortasına gedib çıxır. Ancaq bu böhran hökumət elektrik stansiyalarının tikintisi üçün xarici sərmayəçilərə cəlbedici sazişlər təklif edəndən güclənib. Həmin sərmayəçilər hökumətdən dollarla indeksləşən geri ödəmələr və hətta istehlak olunmamış enerji üçün ödənişlər kimi əlverişli şərtlər əldə ediblər.

Yatırılan sərmayələr daha çox kömür və qazla çalışan elektrik stansiyalarına yönəldilib. Bununla da elektrik enerjisinin qiyməti, əsasən, dünya mədən yanacaq bazarındakı dəyişikliklərlə əlaqələndirilib. Təkcə son üç ildə Pakistanın enerji tarifləri iki dəfədən çox artıb.

Sənaye iş adamları Hindistan və Banqladeşdəki zavodlarla müqayisədə ölkədə elektrik enerjisi qiymətinin iki dəfə çox olmasından şikayətlənir. Bəzi zavodlar fəaliyyətini dayandırmalı olub.

"Mənim biznesim də içində olmaqla, bir çox biznes yalnız bu günəş enerjisi sistemlərindən istifadəyə görə batmayıb", - işadamı İсaz Baça AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, günəş enerjisinə keçəndən bəri aylıq xərcləri 7 min 300 dollardan 4 min 300 dollara enib.

Kəraçidəki bazar 2023-cü ilin yanvarında ölkənin çox hissəsini elektriksiz qoyan qəzadan sonra qaranlığa qərq olub.
Kəraçidəki bazar 2023-cü ilin yanvarında ölkənin çox hissəsini elektriksiz qoyan qəzadan sonra qaranlığa qərq olub.

Bəlirsizliyin aradan qaldırılması

2017-ci ildən bu yana vətəndaşlar günəş panellərindən alınan elektrik enerjisini yenidən milli şəbəkəyə sata bilirlər. Ancaq hökumət bu ilin martında iqtisadiyyatı sabitləşdirməyə çalışaraq Beynəlxalq Valyuta Fondunun (IMF) tələblərinə cavab verməkdən ötrü bu siyasətə son qoymaq istədiyini bildirib.

Federal hökumətin təlaşlansa da, ölkə əhalisinin yarıdan çoxunun yaşadığı Pəncab və 50 milyondan çox əhalisi olan Sind əyalətlərinin hökumətləri aztəminatlı ailələrə pulsuz və ya subsidiyalarla günəş panelləri təklif edir.

Federal hökumət büdcəyə olan borcların qaytarılması üçün yenidən danışıqlar aparır. Rəsmi İslamabad ümid edir ki, elektrik şəbəkəsini sabitləşdirə və mədən yanacaqlarından asılılığı azalda biləcək.

Sentyabr ayında Pakistanın energetika naziri Avais Leqari "The Financial Times" qəzetinə bildirib ki, hökumət enerji sektorunun borcu ilə bağlı Çin və daxili investorlarla danışıqlar aparır və bəzi şirkətlərin özəlləşdirilməsi imkanlarını araşdırır.

Bununla belə, nazir günəş panellərinə səngiməyən maraqdan və onlardan geniş istifadənin dövlət enerji sistemini gələcəkdə "əlçatmaz" edə biləcəyindən rahatsızlığını da dilə gətirib.

XS
SM
MD
LG