Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:29

Palata qadağanı məhdudiyyətə çevirib


Manat
Manat

-

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) xarici valyutada istehlak kreditləşməsinə qadağanı məhdudiyyətlə əvəzləyib. Bu gündən - mayın 6-dan etibarən banklar xarici valyutada istehlak kreditləri verməyə başlayacaqlar. Ancaq belə kreditlərdən hər kəs deyil, yalnız xarici valyutada gəlirləri olan və banklarda xarici valyutada əmanət saxlayan şəxslər yararlana biləcəklər.

HƏM DOLLARLA, HƏM DƏ MANATLA KREDİTƏ MƏHDUDİYYƏT VAR

Xarici valyutada ipoteka kreditlərini yasaqlayan MBNP manatla istehlak kreditlərinin verilmə şərtlərini də sərtləşdirib. İndən belə borcalanların gəlir həcminə görə, borc yükünün gəlirə və kredit məbləğinin təminata nisbəti əmsallaşdırılıb nəzərə alınacaq. Bu əmsallar kredit götürmək istəyənlərin imkanlarını daha da məhdudlaşdıracaq. Aylıq gəlirlərini rəsmi şəkildə sübut edə bilməyənlər, həmişəki kimi, kənarda qalacaqlar.

Bu qərarlar iqtisadçı və hüquqşünaslar arasında birmənalı qarşılanmayıb.

«PALATA QƏRARLARININ HÜQUQİ ƏSASI YOXDUR»

Bank məsələləri eksperti Əkrəm Həsənovbelə qərarların hüquqi əsasının olmadığını bildirir: «Palatanın kredit təşkilatları üçün hər hansı qayda müəyyənləşdirməyə, hələlik, heç bir səlahiyyəti yoxdur. Axı öz nizamnaməsinin 2.2.3-cü və 5.3.2-ci bəndlərinə əsasən, qurumun Direktorlar Şurası nəzarətindəki subyektlərə aid qaydaları normativ xarakterli akt formasında qəbul etməlidir. Həmin aktlar dövlət reyestrinə (http://www.huquqiaktlar.gov.az/) daxil edilməlidir. Amma sözügedən reyestrdə Palatanın, hələlik, hər hansı qərarı belə yoxdur. Ümumiyyətlə Palatanın qərarları indiyədək dərc olunmayıb».

«HÜQUQİ QÜVVƏSİ OLMAYAN VƏ HEÇ YERDƏ DƏRC EDİLMƏYƏN QƏRARLARA...»

Ekspert indiyədək Palatanın ictimaiyyətə yalnız press-relizlər təqdim etməsinə təəccübünü də dilə gətirir: «Normativ xarakterli akt qəbul edən qurumların adı «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 4.1-ci maddəsində sadalanıb. Palatanın adı, hələlik, orada yoxdur. Olmayıncayadək Palata heç kimə heç bir qayda müəyyənləşdirə bilməz. Bu səbəbdən Palatanın indiyədək qəbul etdiyi qərarların məcburi hüquqi qüvvəsi yoxdur və uzaqbaşı, onları tövsiyə saymaq olar. Hüquqşünas kimi, hüquqi qüvvəsi olmayan və heç yerdə dərc edilməyən qərarlara mən necə qiymət verim, axı?».

«BANKLAR GÜZƏŞTƏ GETMİR»

Bütövlükdə isə ekspert Palatanın əksər qərarlarını iqtisadi baxımdan məqsədəuyğun sayır: «Amma banklar onlara riayət etməyə məcbur deyil və istisna deyil ki, sərfəli olmayanda əməl etməyəcəklər də. Buna görə də Palata tezliklə səlahiyyətlərinin legitimliyinə nail olmalıdır. Əks halda, bankların öhdəsindən gəlməyəcək. Ümumiyyətlə, hüquqi müstəvidə aparılmayan hər hansı fəaliyyət uğursuzluğa məhkumdur. Qərarın mahiyyətinə gəlincə, faktik olaraq, ümumən, xarici valyutada kreditlərə qadağa qalıb. Axı xarici valyutada kimin gəliri var ki ölkədə? Olsa da, cüzi sayda insanın var. Əmanət qoyana isə, bir qayda olaraq, kredit lazım deyil. Dollarla ipoteka kreditinə qadağa düzgündür və bütövlükdə müsbət qərardır. Xarici valyutada mövcud kreditlərin restrukturizasiyasına icazə verilməsi də müsbət addımdır, ancaq reallıqda ciddi şəkildə olmayacaq, çünki banklar güzəştə getmir».

«XARİCİ VALYUTADA KREDİTLƏRDƏN 2 MİLYON NƏFƏR YARARLANA BİLƏR»

Ekspert Samir Əliyev xarici valyutada kreditləri kimlərin ala biləcəyindən danışır: «Ölkədə hazırda 2.5 milyona yaxın əmanətçi var. Əmanətlərin 85 faizinin xarici valyutada olduğunu nəzərə alsaq, bu halda təxminən 2 milyon nəfərin xarici valyutada kreditlərdən yararlanmaq imkanı əldə edəcəyini düşünmək olar».

S.Əliyev sözlərinə onu da əlavə edir ki, Palata bir aylıq qadağanın ardından borcalanların yükünü yüngülləşdirmək üçün xarici valyutada mövcud kreditlərin restrukturizasiyasına icazə verir: «Yəni banklar belə kreditlərin şərtlərini yüngülləşdirə bilərlər».

«MANATLA KREDİTLƏRİ YALNIZ...»

Ekspert Vüqar Bayramov manatla verilən kreditlərdə şərtlərin ağırlaşdığına diqqət çəkir: «Vətəndaşlar, ödəmə qabiliyyətinə uyğun olaraq, kredit ala biləcəklər. Yəni, manatla kreditlər yalnız ödəmə imkanı olanlara veriləcək».

V.Bayramovun fikrincə, dollarla kreditlərə məhdudiyyət qoyulmasında məqsəd manatla verilən kreditlərin həcmində artıma nail olmaqdır: «Digər məqsəd - riskləri sığortalamaq, dollarla deyil, manatla kreditlərin verilməsini təmin etməkdir».

XS
SM
MD
LG