Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:39

Pandemiyanın qurtardığını necə biləcəyik?


Ekspertlər düşünürlər ki, COVID-19 nəhayət qripəbənzər və proqnozlaşdırılan xəstəliyə çevriləcək

Pandemiyaların nə vaxt başlanıb, nə vaxt qurtarmasını dəqiq göstərən bir tarix olmur.

Associated Press agentliyinin yazdığına görə bu həm də ona görədir ki, qlobal epidemiyanın yaratdığı təhlükələr bütün ölkələr üçün eyni dərəcədə deyil.

Dünya Səhiyyə Təşkilatının (DST) fövqəladə vəziyyətlər üzrə direktoru Maykl Rayan bunu belə izah edib:

“Bu məsələdə bir subyektiv mühakimə ola bilməz, çünki burada söhbət təkcə yoluxma sayından getmir. Əsas məsələ pandemiyanın sərtliyi və səbəb olduğu nəticələrdir”.

2020-ci ilin yanvarında DST koronavirusu “beynəlxalq narahatlıq” yaradan qlobal səhiyyə böhranı kimi qiymətləndirmişdi.

Bundan bir neçə ay sonra, mart ayında bu epidemiya artıq rəsmən pandemiya elan edilmişdi. Çünki həmin vaxta qədər koronavirus dünyanın az qala bütün ölkə və qitələrinə yayılmışdı.

AP yazır ki, pandemiya, DST virusun daha beynəlxalq narahatlıq yaratmadığı qərarına gələndə bitmiş hesab oluna bilər.

DST-nin ekspertlər komitəsi bu məqsədlə vəziyyəti hər üç aydan bir təhlil edir.

Günlərin bir günü “qurtardı” deyilməyəcək

Bununla belə pandemiyanın ən kəskin fazasının geridə qalması ölkədən ölkəyə fərqlənə bilər.

Duke Universitetinin infeksion xəstəliklər eksperti professor Kris Vuds deyir ki, burada hamı tərəfindən qəbul edilmiş qəti bir kriteriya yoxdur:

“Bu belə olmayacaq ki, günlərin bir günü kimsə desin: Hə də, pandemiya qurtardı”.

Alimin fikrincə, ayrı-ayrı ölkələr zaman daxilində yoluxmaların sabit şəkildə azaldığını müşahidə edəcəklər.

Ekspertlər düşünürlər ki, COVID-19 nəhayət qripəbənzər və proqnozlaşdırılan xəstəliyə çevriləcək.

Bu isə o deməkdir ki, yenə də mövsümi epidemiyalar baş verəcək, amma indiki kimi sıçrayışlı yoluxmalar olmayacaq.

Professor Vuds güman edir ki, bizdən hətta pandemiya qurtarandan sonra da ictimai yerlərdə maska taxılması tələb oluna bilər:

“Hətta pandemiya qurtarandan sonra da, COVID bizimlə qalacaq”.

XS
SM
MD
LG