Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:02

4 ildir MTK-dan aldığı evin açarını əldə edə bilmir


«Park Azure»
«Park Azure»

«4 ildir ki, 214 min manat verib şirkətdən 3-otaqlı ev almışam. Ancaq hələ də evin açarından ötrü arxalarınca gəzirəm. Hər dəfə bir bəhanə ilə açarı verməkdən imtina edirlər».

Bakı sakini Arzu Əliyeva AzadlıqRadiosuna danışır ki, 2013-cü ildə «Park Azure» MTK ilə müqavilə bağlayaraq Afiyəddin Cəlilov küçəsi, 27a ünvanda (Dəniz Vağzalı ilə üzbəüz) inşa olunmuş «Park Azure» çoxmərtəbəli yaşayış kompleksindən (Yeni Həyat) ipotekayla 3-otaqlı mənzil alıb. Kvadratı 1450 manatdan hesablanan mənzilin ümumi dəyəri 213 min 150 manat olub. Arzu xanım mənzilə görə birbaşa MTK-ya əvvəlcədən 60 min manat ödəyib. Pulun qalan hissəsini – 153 min 150 manatı isə «Bank Technique»dən götürdüyü kredit hesabına MTK-ya ödəniş etməklə borcunu tamam bağlayıb.

***Buna da bax-'Şərurlu İsfəndiyar': 'Yazıb-oxuya bilmirəm...'

Lakin deyir, dördüncü ildir ki, şirkət mənzilin açarlarını ona təqdim etmir:

«Mən bu evin borcunu tam bağlamışam. Şirkətin açarı mənə verməməsi üçün heç bir səbəb yoxdur. Əksinə, mənzildə ölçü işləri aparanda gördüm ki, 17 kvadratmetr əskik gəlir, özüm şirkəti məhkəməyə verdim».

MƏHKƏMƏ DƏ UZADILIR

Arzu xanımın sözlərinə görə, evin sahəsinin 17 kvadratmetr əskik gəlməsi ilə bağlı şirkətə müraciət edəndə ona bildiriblər ki, mənzilin divarları da ölçüyə daxildir. Arzu xanım da aldadıldığını düşünərək, Xətai rayon Məhkəməsinə müraciət edib ki, realda olmayan 17 kvadratmetrə görə ödədiyi pulu geri alsın. Ancaq Arzu xanım deyir, şirkətin arxası möhkəm olduğundan məhkəmə işi də bir ildir ki, süni şəkildə uzadılır:

«Keçən ilin iyununda məhkəməyə müraciət etmişəm. İddia qaldırmışam ki, mənə 147 kvadratmetrlik evin müqaviləsinə qol çəkdirib, pulunu alıb 130 kvadratmetrlik ev veriblər. Mən bu evə görə 3-5 manat ödəməmişəm, kvadratına 1450 manat ödəmişəm. Mənə 147 kvadratmetrlik ev lazım idi ki, o qədər pul ödəyib almışdım. Ekspertizanın nəticəsinə görə, arakəsmələrin altı da hesablanmaqla, ümumi sahə 147 kvadratmetr ölçülüb. Bu, hansı məntiqə sığır? İddiam əsaslıdır və o pulu onlardan qəpiyinəcən alacam. Ancaq gəl ki, bir ildir məhkəmə məni süründürür. Bir ildir məhkəməyə gedib gəlirəm. Mənzilin ölçülməsindən ötrü ekspertiza təyin olundu, bir neçə ay məhkəmə dayandı, indi də gah ekspert gəlmir, gah qarşı tərəfin nümayəndəsi... Hakim də işi yekunlaşdırmır».

***Buna da bax-'Şirkət bağlanıb, sahibi axtarışda... Bəs pullar?'

«Park Azure» MTK-dan məsələ məhkəmədə araşdırıldığından, münasibət bildirilməyib.

«MÜLKİYYƏT HÜQUQUNUN POZULMASIDIR»

Hüquqşünas Vaqif Alıyev deyir, A.Əliyevanın mənzilə görə şirkətə borcu qalmayıbsa, açar çoxdan mənzil sahibi kimi onun cibində olmalıydı:

«Bu adam evin pulunu tam ödəyib və evin sahibidir. Mənzil özü mübahisəli deyil, mənzilin sahəsi mübahisəlidir və bunun mənzil sahibinə açar verilib-verilməməsi ilə bağlılığı yoxdur. Sahə əskik gəlibsə, evin sahibi şirkətdən əlavə ödədiyi pulu tələb edir. Mülkiyyətində olan evi qaytarmaq üçün müraciət etməyib. Aldadılaraq ondan alınmış pulu geri tələb edir. Tam ödənişi olunmuş mənzilin açarının mülkiyyətçiyə verilməməsi Mülki Məcəlləyə ziddir və xanımın mülkiyyət hüquqlarının pozulmasıdır. Xanım bununla bağlı ayrıca məhkəməyə müraciət edib həm maddi, həm də mənəvi zərər tələb edə bilər».

Vaqif Alıyev deyir, hazırkı məhkəmə prosesinin süni şəkildə uzadıldığını iddia edən A.Əliyevanın hakimin süründürməçiliyindən Məhkəmə Hüquq Şurasına şikayət etmək hüququ var.

Eyni şirkətdən və eyni ünvandan mənzil alaraq eyni problemlərlə qarşılaşan və «Park Azure»i məhkəməyə verən Oksana Kazımova da şirkətdən maddi və mənəvi zərərin ödənilməsini tələb edir.

XS
SM
MD
LG