Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:27

Heç bir dairədə nəticə ləğv edilmədi: 'Şəffaf araşdırılıb'. 'Siyasi qərar olub'


'-Bülletenləri hara aparırsınız?'. '-Oğurlamağa". Sumqayıtda seçkidən sonra
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

'-Bülletenləri hara aparırsınız?'. '-Oğurlamağa". Sumqayıtda seçkidən sonra

Sentyabrın 21-də Azərbaycan Konstitusiya Məhkəməsi növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqlədi. Bununla da növbədənkənar parlament seçkilərinə nöqtə qoyuldu.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sentyabrın 2-də açıqlanan ilkin hesabatında vurğulanırdı ki, mövcud şərtlər seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib. Üstəlik, bəzi dairələrdə də şikayətlər oldu. Amma 21 seçki dairəsi üzrə 46 məntəqədə nəticələr ləğv edilsə də, bu, heç bir dairədə nəticəyə təsir göstərmədi. Halbuki Mərkəzi Seçki Komissiyası (MSK) bundan əvvəlki parlament seçkilərində dörd dairədə - 80 saylı İmişli-Beyləqan, 74 saylı Lənkəran kənd, 35 saylı Xətai üçüncü və 33 saylı Xətai birinci seçki dairələrində pozuntulara yol verildiyini bildirərək onların nəticələrini ləğv etmişdi.

Namizəd: "2020-ci ildən bu yana pisləşən…"

Son seçkilərdə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən deputatlığa namizəd Şəhriyar Məcidzadə bildirib ki, 1 sentyabr parlament seçkilərinin 2020-ci ildə keçirilən seçkilərdən fərqi ondadır ki, indi, ümumiyyətlə, araşdırma və yaxud da təqdim olunan faktlar yoxlanılmayıb: "Bizim təqdim etdiyimiz çoxsaylı faktlara istinad edib cəmi üç seçki məntəqəsinin nəticələrini ləğv etdilər. Halbuki foto- və videofaktlar 50-dən artıq idi. Üstəlik də, MSK məsələni araşdırmaqdan daha çox sanki dairə seçki komissiyalarının müdafiəsi ilə məşğul olub".

Onun fikrincə, 2020-ci ildən bu yana pisləşən bir tərəf də var: "Artıq seçicilərin iradəsinə təsir edən amilləri də ortaya çıxarıblar. Açıq zorakılıq tətbiq olunur. Bir neçə dairədə istər namizədlərə, istər müşahidəçilərə, istər də vəkillərə zorakılıq tətbiq olunur. Bu, artıq seçkilərdə zorakılıq mərhələsinə qədəm qoyulduğunu göstərən amildir. Hər seçkidən seçkiyə pisləşməyə doğru gedir".

MSK: "Şəffaf, obyektiv və hərtərəfli araşdırılıb"

MSK-dan isə fərqli düşünürlər. Qurumdan "Turan"a şikayətlərə cavab olaraq bildirilib ki, seçkilər geniş aşkarlıq və şəffaflıq mühitində keçirilib: "Seçkilərin müşahidəsinə 51 xarici qurum və 69 ölkəni təmsil edən 598 beynəlxalq müşahidəçi, o cümlədən nüfuzlu beynəlxalq media subyektlərinin təmsilçiləri qatılıb. Yerli media isə heç bir əlavə qeydiyyat, sənəd tələb olunmadan seçki marafonunun əvvəlindən axırınadək tam sərbəst və maneəsiz şəkildə proseslərin müşahidəsində iştirak edib. İkisi xarici partnyorları ilə birgə, üç ixtisaslaşmış təşkilatın keçirdiyi ekzit-polların nəticələri MSK-nın nəticələri ilə, xəta əmsalı nəzərə alınmaqla, demək olar ki, üst-üstə düşüb".

Komissiyadan vurğulanıb ki, səsvermə günündən sonra seçkilərə yekun vurulanadək daxil olan müraciətlər, habelə müxtəlif mənbələrdən əldə edilən məlumatlar maraqlı subyektlərin iştirakı ilə tam şəffaf və hərtərəfli araşdırılıb: "Qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada operativ şəkildə iclasa çıxarılıb, geniş və ictimaiyyətə açıq müzakirələrin ardınca müvafiq qərarlar qəbul olunub. Müraciətlərlə bağlı araşdırma və baxılma prosesinin gedişatı barədə məlumatlar Komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib".

MSK-dan həmçinin bildirilib ki, fəaliyyətlərində nöqsanlar aşkarlanan 35 seçki məntəqəsinin komissiyalarının buraxılmasına qərar verilib.

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

"Çox güman ki, siyasi qərar olub"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının Azadlıq Radiosuna deməsinə görə, burada məsələ şikayətlərin düzgün və ədalətli araşdırılmaması ilə bağlıdır: "MSK-ya və DSK-lara verilən şikayətlərin araşdırılması ilə bağlı çoxlu narazılıqlara şahid olurduq. Bu onu göstərir ki, verilən şikayətlər ədalətli qaydada araşdırılmır. Bəzi namizədlər özləri də açıqlamalarında bildirdilər ki, həmin o şikayətlər ədalətli araşdırılmır və ya faktları görməzdən gəlinir".

Ekspert MSK sədri Məzahir Pənahovun mediada, sosial şəbəkələrdə gedən materialların hərtərəfli araşdırılacağı ilə bağlı sözlərini xatırladaraq vurğulayır ki, bunların cəmi bir neçəsi ilə bağlı qərar verilib: "O boyda respublika üzrə bir neçə məntəqə ləğv olundu. Bu da dairələrin nəticələrinin ləğv edilməsi üçün heç bir hüquqi zəmin yaratmırdı".

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi də MSK-nın protokollarına istinad etdi və onun nəticələrini təsdiqlədi: "Digər tərəfdən, burada yalnız şikayətlərin araşdırılması yox, həm də siyasi göstəriş var ki, seçki dairələrində nəticələr ləğv olunmayacaq. Əvvəlki parlament seçkilərinə nəzər salsaq, bu qərarlar çox zaman siyasi qərarlar olur, bu dəfə də, çox güman ki, siyasi qərar olub".

Xatırlatma

Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində 125 mandat uğrunda 990 namizəd mübarizə aparırdı.

Yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyası (YAP) qazandı.

Əslində parlament seçkiləri bu ilin noyabrında gözlənirdi. YAP həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək bundan əvvəlki (VI çağırış) parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış etdi. Təşəbbüs parlamentdə qəbul edildi və seçki bir neçə ay önə çəkildi.

Azərbaycanda bundan əvvəlki parlament və prezident seçkiləri də növbədənkənar olub. Onda parlament seçkilərinin önə çəkilməsi "prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi", prezident seçkisinin növbədənkənar keçirilməsi isə Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

Bəzi müxalifət partiyalarına görə isə, seçkilər tez-tələsik saxtalaşdırılması üçün önə çəkilir.

XS
SM
MD
LG