Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

Paşinyan deyir, Bakı sülhməramlıları gözdən salmağa çalışır


Rusiya hərbçiləri Laçında
Rusiya hərbçiləri Laçında

Paşinyan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası, regional kommunikasiyaların açılması və Qarabağ münaqişəsinin tənzimlənməsinin bir-birindən fərqli məsələlər olduğunu vurğulayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan Dağlıq Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini gözdən salmağa çalışır. Bu haqda Paşinyan noyabrın 7-də Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Qarabağda atəşkəs rejiminə tam əməl olunmur. “Bunu Rusiya sülhməramlıları da qeydə alıblar. Ümid edirəm, diqqətlə araşdırma aparılacaq, gərəkən addımlar atılacaq”, – Paşinyan vurğulayıb.

Azərbaycan indiyədək atəşkəsin məhz erməni silahlı dəstələri tərəfindən pozulduğunu bildirib. Rusiya hərbçilərinə gəlincə, rəsmilər onların fəaliyyətini ümumilikdə müsbət qiymətləndirdiklərini deyirlər.

Ermənilərin Şuşa və Hadruta qayıtması

Paşinyan 9 noyabr atəşkəs bəyanatına baxmayaraq, ermənilərin indiyədək Şuşa və Hadrut rayonlarına qayıtmaq hüququnun gerçəkləşmədiyini dilə gətirib.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarətini bərpa edib, qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Paşinyan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası, regional kommunikasiyaların açılması və Qarabağ münaqişəsinin tənzimlənməsinin bir-birindən fərqli məsələlər olduğunu vurğulayıb. “Bizim mövqeyimiz belədir. Mən hələ mayda hökumətin iclasında dedim ki, demarkasiya və delimitasiya üzrə Rusiyanın təklif etdiyi sənədi imzalamağa hazıram. O zaman necə bir daxili siyasi hay-küy qopduğunu xatırlayırsız”, – deyən Paşinyan Rusiya sülhməramlılarının Qarabağda təhlükəsizliyn təminatında müstəsna rol oynadığını qeyd edib.

Bu ilin mayında Ermənistan Azərbaycanı onun sərhədini pozmaqda, ərazisinə girməkdə suçlayıb. Azərbaycan isə sadəcə, sərhəd mövqelərini tutduğunu bildirib.

Minsk qrupu

Paşinyan ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin vaxtının çatdığını qeyd edib. O, Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində danışıqlarla tənzimlənməli olduğunu deyib.

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Minsk qrupundan təkliflər gözlədiyini açıqlamışdı. Amma prezident münaqişənin həll olunduğunu, tarixdə qaldığını da dəfələrlə vurğulayıb.

Paşinyan müsahibəsində noyabrın 9-da görüşlə bağlı hər hansı razılaşma olmadığını da deyib. Amma elə həmin gün – noyabrın 7-də Kremlin sözçüsü Dmitri Peskov videokonfrans formatında üçtərəfli görüşə hazırlıq getdiyini təsdiqləyib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG