Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:05

Paşinyan ermənilərin Bakı və Sumqayıta qayıtmasından danışır, Əliyev isə...


Nikol Paşinyan
Nikol Paşinyan

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistan XİN-in bəyanatına münasibət bildirib.

Onun deməsinə görə, Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində artıq addımlar atmaqdadır.

"Azərbaycan erməni sakinlərlə dialoq aparır və xoşniyyətli addım kimi bu çərçivədə növbəti görüşün Bakıda keçirilməsini təklif edib. Ermənistan tərəfi isə bunun əksinə, Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib. Bu isə, Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığının və ikiüzlü siyasət aparmasının göstəricisidir", - XİN rəsmisi əlavə edib.

+++

Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Prezidenti İlham Əliyevi “ərazi iddiaları” irəli sürməkdə, növbəti təcavüzə hazırlıqda ittiham edib. Bu haqda XİN martın 16-da bəyanat yayıb.

“Ermənistan Respublikasının suveren ərazisini uydurma ‘Qərbi Azərbaycan’ adıyla təqdim etməklə Azərbaycan prezidenti təkcə BMT nizamnaməsini, BMT Baş Assambleyasının beynəlxalq hüquq prinsipləri haqda bəyannaməsini, Almatı deklarasiyasını deyil, Praqa və Soçidə əldə olunmuş bəyanatlara uyğun götürülmüş öhdəlikləri də pozur”, – açıqlamada deyilir.

Qurum iddia edir ki, Azərbaycan davamlı olaraq qaçqın və məcburi köçkünlərin Qarabağ və ətraf rayonlara qayıdışını əngəlləyir, eyni zamanda bəyan edir ki, Qarabağdan ermənilərin “deportasiyası nəticəsində nəzarətinə keçmiş əraziləri məskunlaşdırmaqdan danışır”.

Ermənistan XİN bəyan edir ki, “Azərbaycan dövlət başçısının döyüşkən ritorikası Cənubi Qafqazda sabitliyin bərqərar olması cəhdlərini sarsıtmağa, həm Ermənistanın suveren ərazisinə, həm də Dağlıq Qarabağa qarşı genişmiqyaslı güc tətbiqinə yönəlib”.

+++

Ermənilərin Hadrut, Şuşa, Xocavənd və Ağdərə, habelə Qarabağa bitişik Goranboy, Çaykənd, Laçın və başqa rayonlara qayıtmasının beynəlxalq mexanizmi işə salınmalıdır.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bunu martın 16-da keçirilən hökumət müşavirəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Xarici İşlər Nazirliyinə BMT-nin qaçqınlarla iş üzrə ali komissarlığı ilə bununla bağlı rəsmi danışıqlara başlamağı tapşırıb.

Paşinyan vurğulayıb ki, bu beynəlxalq mexanizm 9 noyabr 2020-ci il üçtərəfli bəyanatında müəyyən olunsa da, hələ işə salınmayıb.

Sözü gedən bəyanatın 7-ci maddəsində deyilir:

“Müvəqqəti köçkünlər və qaçqınlar BMT Qaçqınlar üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisinə qaytarılır”.

Kirovabad, yəni Gəncə

Paşinyan daha sonra deyib:

“Yeri gəlmişkən Bakı, Şirvan, Sumqayıt, Kirovabad (Gəncə - red), Xanlar, Şamxor (Şəmkir – red), Naxçıvan və Azərbaycanın etnik təmizləməyə məruz qalmış başqa rayonlarının erməni nümayəndələri də dövlət orqanlarına müraciət edərək gileylənirlər ki, biz onların beynəlxalq sülhməramlı qüvvələrin müşayiəti ilə öz evlərinə qayıtması hüququ məsələsini qaldırmırıq”.

Ermənistan baş nazirinin sözlərinə görə “problem burasındadır” ki, 9 noyabr bəyanatının 7-ci bəndi yalnız Qarabağ və ona bitişik rayonların qaçqın və məcburi köçkünlərinə aiddir:

“...Amma bu əlbəttə ki, bu və ya digər rayonların etnik təmizləməyə məruz qalmış ermənilərinin təşkilatlanmasına və öz mülkiyyət hüquqlarını, qayıtma hüququnu və başqa hüquqlarını beynəlxalq məhkəmələrdə müdafiə etməsi üçün maneə yaratmır”.

Nikol Paşinyan habelə deyib ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi üzrə yeni təkliflərini alıb . O xatırladıb ki, bu, təkliflər mübadiləsinin dördüncü raundudur:

“Biz bu barədə qeydlərimizi ən yaxın zamanda müzakirə edib cavablandıracağıq”.

Baş nazir deyib ki, Yerevan sülh gündəliyinə sadiq qalır və ondan geri dönməyəcək.

Paşinyan:"Azərbaycan sülh sazişi ilə yeni ərazi iddiaları formalaşdırmağa çalışır"
Gözlə

No media source currently available

0:00 0:05:33 0:00

Əliyev: “Ermənistan da Qərbi azərbaycanlıların hüquq... “

“Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların (Ermənistandan qaçqın düşən-red) hüquq və təhlükəsizliyini təmin etməlidir”.

AZƏRTAC-ın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışında deyib.

O deyib ki, “Qərbi Azərbaycanda (Ermənistanda) etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər”. Prezidentin fikrincə, “onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar”.

İcmada birləşiblər

Prezident sözügedən icmanın hazırladığı sənəddən danışıb:

“Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir”.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər daha sonra da bölgədə nəqliyyat və iqtisadı əlaqələrin bərpasını vacib sayan daha bir neçə bəyanat qəbul ediblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG