Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:24

Paşinyan Qarabağdan Ermənistana köçmək istəyənlərdən danışıb


Qarabağda atəşkəs rejimi qüvvəyə minəndən bəri, ən azı bizdə olan məlumata görə Qarabağ müdafiə ordusunun birləşmələri atəşkəs rejimi elan edilən an üçün olduqları yerlərdə qalmaqda davam edirlər. Eyni sözləri Azərbaycan silahlı qüvvələrinin birləşmələri haqqında da demək olar.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu sentyabrın 21-də Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan Azərbaycan hərbçilərinin Xankəndidə olmasına dair şayiələri rədd edib:

“Vəziyyət ümumilikdə sabitdir. Dinc əhali arasında kütləvi qurbanların olmasına dair xəbərlər həqiqətə uyğun deyil”.

Köçkünlərin qəbulu üçün işçi qrup yaradılır

Nikol Paşinyan xatırladıb ki, o Qarabağda əməliyyatın ilk günündən Azərbaycanın məqsədinin Ermənistanı hərbi əməliyyatlara cəlb etmək olduğunu demişdi. O əlavə edib ki, Qarabağda atəşkəsə baxmayaraq Azərbaycanın bu məqsədi hələ də qalır:

“Dağlıq Qarabağda yaranmış humanitar vəziyyətə gəlincə isə belə bir informasiya yayılıb ki, guya Ermənistan Respublikası Dağlıq Qarabağdan Ermənistana köçmək istəyənlər üçün yolu bağlayıb və ya bunu qadağan edib. Dəqiq bildirmək istəyirəm: Biz hamımız bilirik ki, Laçın dəhlizi 10 aydır ki, bağlıdır. Bütün həmin müddət ərzində Laçın dəhlizindən Ermənistana gedən yol Ermənistan tərəfindən bir dəqiqəlik də bağlanmayıb və yol əvvəl də olduğu kimi açıq qalır... Üstəlik mən bu həftənin əvvəlindən Dağlıq Qarabağdan mümkün qaçqınlar qrupunun qəbulu və onlar üçün yaşayış şəraitinin yaradılması məqsədilə işçi qrupu yaradılmasına göstəriş vermişəm”.

Baş nazirin sözlərinə görə Ermənistanda 40 min ailənin yerləşdirilməsi üçün hazırlıq işi görülüb:

“Amma biz bu barədə danışmaq istəmirik. Niyə? Çünki biz hesab edirik ki, Dağlıq Qarabağ erməniləri öz evlərində, öz vətənlərində ləyaqətli və təhlükəsiz şəraitdə yaşamalıdırlar”.

Paşinyan əlavə edib ki, hazırda Qarabağdakı Rusiya sülhməramlılarının himayəsində 1200-1300 erməni var.

Sülhməramlılar təxliyə təşkil ediblər

Bu arada Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Teleqram kanalında bildirilir ki, Qarabağda hərbi əməliyyat başlanandan bəri sülhməramlılar Ağdərə, Xocavənd və Əsgəran rayonlarından öz bazalarına dinc əhalinin təxliyəsini təşkil ediblər.

Ümumilikdə 5 mindən çox sakinin qəbul edilib yerləşdirildiyi bildirilir.

Məlumatda deyilir ki, hazırda bilavasitə Rusiya sülhməramlılarının bazasında 440 uşaq da daxil 704 sakin yerləşdirilib.

Azatutyun yazır ki, Qarabağ erməniləri sosial şəbəkələrdə heç olmasa Ermənistana getmək istəyənlər üçün dəhliz açılmasını xahiş edirlər.

Facebook istifadəçilərindən biri yazır:

“Əgər bugün istisnasız olaraq hamının evakuasiyası təşkil olunmasa, siz Artsaxla (Qarabağ-red) birlikdə bizi də itirəcəksiziniz”.

Başqa bir istifadəçi bildirir:

“Artsaxda (Qarabağ-red) hamı əşyalarını yığıb və gözləyir. Nə qərar olacaq? Çıxmaq üçün dəhliz veriləcəkmi?”

Azatutyun bildirir ki, hazırda Qarabağa zəng etmək mümkün deyil və adamlar Ermənistana getmək üçün hara müraciət ediləcəyini bilmirlər.

Qarabağda hərbi əməliyyat dayandırıldı
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Ermənilərin qalması mümkün olmazsa...

Ermənistan hökuməti sentyabrın 21-də bildirib ki, Qarabağ ermənilərinin evakuasiyası məsələsini qoymayıb və hesab edir ki, onlar öz evlərində təhlükəsiz bir şəkildə yaşamaqda davam etməlidirlər.

Amma hökumətdən bu da bildirilib ki, əgər Qarabağda və ya onun hansısa ərazilərində ermənilərin qalması mümkün olmazsa, hökumət lazımi addımları atacaq.

Azərbaycan hökuməti indiyədək dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər onun vətəndaşlarıdır və bütün hüquq və təhlükəsizliyə sahibdirlər.

Bakı bununla yanaşı bildirib ki, Qarabağ ermənilərinin məsələsini heç bir üçüncü tərəflə müzakirə etməyəcək.

Sentyabrın 21-də Yevlaxda Azərbaycan rəsmiləri və Qarabağ ermənilərinin nümayəndələri arasında keçirilən ilk danışıqlarda dialoqun davam etdirilməsinə dair razılaşmanın əldə olunduğu xəbər verilir.

'Bu, Qarabağ faciəsinin son aktı idi' - Ekspertlər atəşkəsi şərh edir
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Bundan əvvəl

Sentyabrın 19-da Qarabağda vəziyyət yenidən gərginləşmişdi. Rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etmişdi.

Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Açıqlamaya görə, razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Habelə paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Məlumatda bu proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcəyi vurğulanır.

Xankəndi sakini: "Azərbaycan əsgərləri Xankəndi şəhərinə girib"
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər. Avropa İttifaqının, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG