Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:36

Macarıstan iqtidarı 'Pegasus' proqramından istifadə etdiyini etiraf edir


NSO Group-un İsraildəki filiallarından biri
NSO Group-un İsraildəki filiallarından biri

Macarıstan müxalifəti Pegasus casus proqramından istifadəyə dair araşdırma açılmasını tələb edir

Macarıstanda hakim partiyanın vəzifəli rəsmisi hökumətin iddia olunduğuna görə dünya boyunca bir neçə ölkədə jurnalistlərin, hüquqşünasların, biznes adamlarının və müxalifət fiqurlarının izlənməsinə imkan vermiş casus avadanlığından almasını ilk dəfə olaraq etiraf edib.

Macarıstan parlamenti Müdafiə və Hüquq-Mühafizə Orqanları komitəsinin sədri Lajoş Koşa noyabrın 4-də komitənin qapalı iclasından sonra jurnalistlərə deyib ki, ölkənin Daxili İşlər Nazirliyi İsrailin NSO qrupunun istehsal etdiyi Pegasus proqramını alıb.

İsrail şirkəti ötən iyulda təhqiqat jurnalistləri konsorsiumunun Pegasus proqramından 50-dək ölkədə jurnalistlərin, insan haqları fəallarının, biznesmenlərin və rəsmilərin smartfonlarına müdaxilə üçün istifadə edildiyini yazandan sonra qalmaqalla üzləşib.

Konsorsiumun hesabatında Macarıstanın da adının çəkilməsi Budapeştdə izdihamlı etiraz aksiyalarına səbəb olmuşdu.

Pegasus kompüter proqramı vasitəsilə əməliyyatçılar telefon danışıqlarını yaza, SMS-ləri, elektron məktubları oxuya, GPS datasını izləyə bilirlər. Proqram habelə hədəflənənlərin telefonlarındakı mikrofon və kameraları onların xəbəri olmadan işə sala bilir.

İnkar edirdilər

Baş nazir Viktor Orbanın hakim Fidesz partiyasının üzvü olan Koşa deyib ki, hökumət bütün izlənmə hallarında məhkəmə qərarı ilə qanun çərçivəsində hərəkət edib.

Bundan əvvəl xarici işlər naziri Peter Siyarto bu izləmə üsulu ilə məlumat toplanmasından xəbərsiz olduğunu bildirmişdi.

Hakim partiyanın başqa vəzifəli üzvləri də hökumətin vətəndaşları izlədiyini inkar edirdilər.

Macarıstan müxalifəti Pegasus casus proqramından istifadəyə dair araşdırma açılmasını tələb edir.

Müxalifət narazıdır ki, bu məsələni müzakirə edən xüsusi komitənin iki sessiyasının materailları hökumət tərəfindən 2050-ci ilədək məxfiləşdirilib.

Pegasus-a görə 'qara siyahı'ya salındı

ABŞ hakimiyyəti İsrailin NSO Group proqram şirkətini 'qara siyahı'ya salıb, bu şirkətə məxsus proqramın bəzi hökumətlərin “transmilli repressiyası”nın arxasında olduğunu əsas gətirib.

NSO bu ilin iyulunda diqqət mərkəzinə gəlib. Beynəlxalq media konsorsiumu Pegasus proqramı vasitəsilə 50 ölkədə jurnalistlərin, insan haqları fəallarının, şirkət rəhbərləri və məmurların smartfonlarının izləndiyini üzə çıxarıb.

Hesabatda Azərbaycandan da onlarla jurnalistin, ictimai fəalın mobil telefonlarının dinlənildiyi iddia olunurdu.

“Suveren sərhədlər xaricində...”

Pegasus düşmüş smartfonlar operatorlara telefon zənglərini yazmağa, mətn mesajları, fotoları, emailləri, parolları əldə etməyə, GPS datasını izləməyə, gizlicə mikrofon və kameralarını işə salmağa imkan verir.

“Bu alətlər xarici hökumətlərə transmilli repressiya həyata keçirməyə imkan verib. Avtoritar hökumətlər suveren sərhədləri xaricində narazıları susdurmaqdan ötrü dissidentləri, jurnalistləri, fəalları bu cür hədəfə alırlar”, – ABŞ Ticarət Departamenti noyabrın 3-də bildirib.

ABŞ hökuməti İsrailin Candiru, Sinqapurda yerləşən “Computer Security Initiative Consultancy PTE”, Rusiyanın “Positive Technologies” şirkətlərini də sözügedən siyahıya daxil edib.

Son iki şirkətin siyahıya salınması onların informasiya sistemlərinə qanunsuz çıxış verən kiber alətləri ticarəti ilə məşğul olması ilə izah olunur. Bu isə “bütün dünyada fərdlərin və təşkilatların gizlilik və təhlükəsizliyinə təhdid yaradır”, – Ticarət Departamenti bildirir.

Qadağalar

Şirkətlərin 'qara siyahı'ya salınması o deməkdir ki, ABŞ qurumlarının həmin məhsulları ixracı, təkrar ixracı və ölkəiçi transferi məhdudlaşdırılır.

“Birləşmiş Ştatlar burada və xaricdəki vətəndaş cəmiyyəti üzvləri, dissidentlər, hökumət rəsmiləri və təşkilatların kibertəhlükəsizliyinə təhdid yaradan... texnologiyaları hazırlayan, alıb-satan və istifadə edən şirkətlərin ixracına sərt nəzarət edir”, – ABŞ-ın Ticarət naziri Cina Reymondo deyib.

NSO qara siyahıya salınmasına münasibət açıqlamayıb.

Şirkət daha öncə bildirmişdi ki, Pegasus proqramı cinayətkarlara və terrorçulara qarşı hazırlanıb, yalnız ordulara, hüquq-mühafizə orqanlarına və kəşfiyyat agentliklərinə satılır.

XS
SM
MD
LG