Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:45

Pensiyaçıların gələn ilə gözləntiləri


17 manatlıq artım pensiyaçıların hansı dərdinə dərman olacaq?
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

17 manatlıq artım pensiyaçıların hansı dərdinə dərman olacaq? (Arxiv. 2021)

Başa çatmaqda olan 2022-ci il Azərbaycanda əhali üçün iqtisadi baxımdan ağır keçdi. Bu il ölkədə qiymət artımlarının son illərin ən yüksək həddində olduğunu rəsmi rəqəmlər də təsdiqləyir. Bahalaşma istər ərzaq, istərsə qeyri-ərzaq məhsullarını əhatə edib. Qida məhsullarından kommunal xidmətlərə, dövlət xidmətləri üçün tutulan rüsumlardan ictimai iaşə xidmətlərinədək hər şeyin qiymətində ciddi artımlar baş verib. Belə bir şəraitdə əhalinin 2023-cü illə bağlı əsas gözləntisi sosial rifahın yaxşılaşmasıdır.

Əhali yaşlanır, amma pensiyaçıların sayı azalır

İqtisadi çətinliklər ölkədə həssas əhali qrupuna daxil olan vətəndaşları daha çətin duruma salır. Belə duyarlı qruplardan biri də təqaüdçülərdir. Rəsmi açıqlamaya görə, ölkədə yaşa görə pensiyanın orta aylıq məbləği 399 manatdır. Bu məbləğ indiki ortamda normal yaşama yetərsizdir. Azərbaycanda əhalinin get-gedə yaşlandığını da gözardı etmək olmaz. Əhalinin yaşlanması və yaşlı əhalinin toplam əhali arasında daha çox yer tutması son 10 ildə ən çox diqqətçəkən dəyişikliklərdən sayıla bilər. 2012-ci ilin əvvəlinə Azərbaycanda 65 yaşı aşan 528 min insan vardı və onlar o vaxt bütün ölkə əhalisinin təxminən 5.8 faizi idi. Bu ilin əvvəlində isə ölkədə 65 yaşı aşan şəxslərin sayı 800 min nəfərə çatıb. Başqa deyimlə, belələrinin sayı 10 il boyunca 50 faizdən çox artıb. Artıq 65 yaşdan yuxarı şəxslər ölkə əhalisinin 8 faizə yaxınıdır. Son illər ölkədə yaşlı şəxslərin sayı artsa da, qəribədir ki, yaşa görə təqaüd alanların sayı, tam tərsinə, azalıb. 10 il öncə Azərbaycanda yaşa görə 831 min nəfər pensiya alırdısa, indi onların sayı 707 min nəfərə enib. Deməli, belələrinin sayı son 10 ildə 124 min nəfər azalıb.

Yaşlıların sayı çoxalsa da, yaşa görə pensiya alanların sayca azalması ölkədə pensiya şərtlərinin ağırlaşdırılması ilə bağlıdır. Axı 2017-ci ildə pensiya sisteminə dəyişikliklərdən sonra ölkədə pensiya yaşı 65-ə yüksəldildi. Üstəlik, minimum 25 il iş stajı və ya minimum pensiya kapitalı tələblərinin yüksəldilməsi Azərbaycanda hətta 65 il yaşayan şəxslərin də pensiya almasını çətinləşdirdi.

Yaşayış minimumundan az müavinət

Rəsmi rəqəmlərdən aydın olur ki, pensiya ala bilmədiyi üçün yaşa görə müavinət təyin edilənlərin sayı ciddi ölçüdə artıb. 2012-ci ildə Azərbaycanda cəmi 17 min nəfər yaşa görə müavinət alırdısa, indi bu say 100 min nəfərə çatıb. Deməli, hökumətin pensiya şərtlərini ağırlaşdırması çox sayda şəxsin əmək pensiyası almasını mümkünsüzləşdirib. Belə şəxslərə pensiya yerinə müavinət ödənir. Azərbaycanda yaşa görə pensiya hüququ əldə etməyənlərə cəmi 180 manat müavinət verilir.

Bu məbləğin nə qədər yetərsiz olduğunu göstərmək üçün yaşayış minimumu ilə müqayisə aparıla bilər. Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Bu elə bir məbləğdir ki, hökumətin fikrincə, heç bir əlavə fəaliyyəti olmasa da, insanların minimum xərcinə çatmalıdır. Gələn il pensiyaçılardan ötrü yaşayış minimumunun məbləği 199 manat, pensiya ala bilməyənlərə ödənilən müavinət məbləği isə 180 manatdır. Deməli, hökumət yaşa görə pensiya məbləğini artırmasa, gələn ildən başlayaraq ölkədə pensiyaçıların yaşayış minimumu yaşa görə müavinət alanlara verilən məbləği üstələyəcək.

Onu da nəzərə almaq lazımdır ki, yaşa görə müavinət alan şəxslərin əldə etdiyi məbləğ (180 manat) əmək pensiyasından fərqli olaraq, indeksləşdirilmir. Bu ödənişin məbləği prezidentin fərmanı ilə müəyyənləşdirilir.

Pensiyaçıların gəliri artacaqmı?

Dünyanın bir çox ölkəsində əhalinin gəlirlərinin inflyasiya təsirlərinə məruz qalmaması üçün ilin əvvəlində indeksləşdirmə aparılır. İnflyasiya deyərkən qiymətlərdəki artım göstəricisi nəzərdə tutulur. İndeksasiya isə qiymətlərin artması ilə bağlı əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini artırmağa yönələn iqtisadi mexanizmdir. Məsələn, ölkədə inflyasiya göstəricisi 10 faizdirsə və ilboyu gəliriniz artmayıbsa, deməli, əslində real gəlirləriniz azalıb. Axı ötən il 100 manat verərək eyni miqdarda məhsulu almaq üçün indi 110 manat xərcləməlisiniz. Ancaq həmin müddət ərzində gəliriniz də 10 faiz artsa, deməli, gəlirləriniz inflyasiyaya qarşı indeksləşdirilmiş olardı.

Azərbaycanda da bir sıra dövlət ödənişləri ilə bağlı indeksasiya aparılır. Bu ödənişlərdən biri əmək pensiyasının məbləğidir. Amma Azərbaycanda tətbiq edilən indeksasiyanın özünəxas özəllikləri var. Ölkədə pensiyalar hər ilin əvvəlində ötən il üzrə orta aylıq əməkhaqqındakı artım faizi əsasında indeksləşdirilir. Bir çox ölkənin təcrübəsində isə indeksasiya, əsasən, inflyasiya göstəricisi əsasında aparılır. Bu il ölkədə orta aylıq maaşlardakı artım təxminən inflyasiya qədərdir, ancaq öncəki illərdə, məsələn, elə ötən il orta aylıq əməkhaqqındakı artım inflyasiya göstəricisindən geri qalırdı. Bu üzdən indeksasiya pensiyaçıların inflyasiyaya ucbatından itirdiyi məbləği kompensasiya edə bilmədi.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, bu ilin ilk 10 ayında Azərbaycanda orta aylıq əməkhaqqı 14.5 faiz artıb. Ölkədə qeydə alınan son inflyasiya göstəricisi isə 14 faizə yaxındır. Bu o deməkdir ki, gələn il pensiyaçıların indeksasiya hesabına əldə edəcəyi artım 14-15 faiz arasında olacaq. İndeksasiya göstəricinin hansı həddə olacağı daha dəqiq 2023-cü ilin yanvarında bilinəcək. Parlamentdə uyğun komitə iclasında da bildirilmişdi ki, hökumət gələn il ölkədə orta aylıq pensiya məbləğinin 399 manatdan 455 manata çatdırılacağını proqnozlaşdırır.

Pensiyaların indeksasiyası ilə bağlı gələn ildən qüvvəyə minəcək bir digər qərar da 200 manatlıq yardımla bağlıdır. Yeni qərara görə, il ərzində pensiyaçılara ödənilən 200 manat maddi yardımın bir aya düşən məbləği (16.67 manat) 2023-cü il yanvarın 1-dən onların pensiyalarına daxil ediləcək. Bundan sonra yekun pensiya məbləğləri 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilib artırılacaq. İlin sonunda da orta aylıq maaşın 14.5 faiz artacağı düşünülsə, indi 300 manat pensiya alan şəxslər gələn il öz pensiyalarına 45 manat 92 qəpik (316.67+14.5%) artım əldə edə biləcəklər.

XS
SM
MD
LG