Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:51

Poçtda qətl. ‘Onları gözümün qabağında güllələyib zirzəmiyə atdılar’


Peremoha kəndində dağıntılar
Peremoha kəndində dağıntılar

Müharibənin əvvəlində paytaxt Kiyevi tuta bilməyən Rusiya əsgərləri geri çəkilərkən arxalarınca ölüm, dağıntı, zorlama, işgəncə, digər vəhşiliklərlə bağlı iddialar qoyub gediblər

“Onları gözümün qabağında sadəcə güllələyib zirzəmiyə atdılar”. Bu hadisənin şahidi AzadlıqRadiosunun Ukrayna xidmətinin “Sxemlər” layihəsinə deyib. Qətl Rusiya fevralın 24-də Ukraynanın işğalına başlayandan sonra törədilib. Rusiya əsgərləri Ukraynanın şimalında bir kəndin poçt idarəsində beş dinc sakini edam ediblər. Hadisəni qohumlar, şahidlər danışır.

Kiyevdən 60 kim şimal-şərqdə yerləşən Peremoha kəndinin sakini Sergey Kulik illərlə ümid edirmiş ki, 27 yaşlı oğlu Ruslan bir gün evlərinin yanındakı torpaq sahəsində öz ailəsi üçün ev tikəcək, onlar bir-birinə yaxın yaşayacaqlar.

Qərbin Ukraynaya verdiyi silahlar
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

“Övladını basdırmaq çox ağırdır”

Ruslan fevralın 28-də Rusiya əsgərlərini qətlə yetirdiyi beş sakindən biridir.

Ukrayna hökuməti həmin qətli mümkün hərbi cinayət kimi araşdırır. Hakim orqanlar “Sxemlər”in də araşdırmasından yararlanaraq Peremohada dinc sakinləri güllələmək əmri verdiyi iddia olunan iki rusiyalı zabitin kimliyini müəyyənləşdirib. Şübhəlilər Maksim KrasnoşçokovAleksandr Vasilyevdir.

Yeganə oğullarını dəfn etmiş Sergey və Larisa Kuliklərin iki yetkin qızları da var. “Bir az öyrəşmişik, ancaq çətindir, övladını basdırmaq çox ağırdır”, – ata-ana danışır.

Müharibənin əvvəlində paytaxt Kiyevi tuta bilməyən Rusiya əsgərləri geri çəkilərkən arxalarınca ölüm, dağıntı, zorlama, işgəncə, digər vəhşiliklərlə bağlı iddialar qoyub gediblər.

Müdafiə planı quracaqdılar...

Rusiya əsgərləri Peremohaya fevralın 28-də giriblər. Onda Sergeylə Ruslan poçt idarəsinə gedirdilər. Kəndin bir qrup sakini virtual söhbət qrupunda 1100 nəfərin yaşadığı kəndi necə müdafiə edəcəklərini götür-qoy ediblərmiş. Onlardan bir neçəsi həmin gün poçt idarəsində görüşməyə, mümkün addımları müzakirə etməyə razılaşıblar.

Sergey Kulikin sözlərinə görə, o, Rusiya karvanının yeddi kilometr qərbdə yerləşən Rusanivə gedərkən Peremohadan yan keçəcəyini, Rusiyaya sərt müqavimətin Rusanivdə baş verəcəyini gözləyib.

Karvan Peremohada dayanan kimi Rusiya əsgərləri yerli özünümüdafiə bölmələrində xidmət edən kişiləri axtarmağa başlayıblar.

“Kəndimizi müdafiə edəcəyik”

Peremoha sakini Olena Palivoda deyir ki, əri Oleksandra poçt idarəsinə getməməyi, bunun çox təhlükəli olduğunu deyib.

Əri cavabında “kəndimizi müdafiə edəcəyik” söyləyib.

Palivodanın sözlərinə görə, görünür, əri və digərləri müharibənin ilk dörd günündə ukraynalıların qəhrəmanlıq videolarından ruhlanmışdılar.

Ancaq kənd sakinləri planlarını həyata keçirə bilmirlər. Rusiya əsgərləri bu görüşdən xəbər tutur, ola bilsin, onlara işləyən birindən, yaxud dindirdikləri kəndlilərdən öyrənirlər və poçta gedirlər.

Sergey danışır ki, oğlu Ruslanla binaya çatanda eyni istiqamətə gedən Rusiya zirehli maşınlarımı görürlər. O, hasardan tullanaraq oğlunu səsləyir, ancaq anlayır ki, oğlu digərləri ilə birlikdə poçt idarəsinin zirzəmisində gizlənmək qərarına gəlib.

“Ana, onlar bizi demək olar, tapıblar”, – Ruslan həmin gecə 9:50-də anasına mesaj yazır. Bu onun valideynləri ilə son ünsiyyəti olur.

Dörd uşaqlıq dostu öldürülüb

Virtual qrup üzvü Andrey “Sxemlər”ə danışır ki, Rusiya əsgərləri onu kənd şurasının binası yaxınlığında tutub döyüblər. Əsgərlər onu dindirib, telefonunu alıb, qurbağa yerişiylə poçt idarəsinə aparıb dindiriblər. Orada daha iki nəfər sorğu-sual olunubmuş.

Andreyin sözlərinə görə, əsgərlər həmin iki kişini zirzəmiyə apararaq orada pilləkəndən enən kimi arxadan güllələyiblər.

“Onları gözümün qabağında sadəcə, güllələdilər və zirzəmiyə atdılar”, – deyən Andrey soyadının çəkilməsini istəməyib.

O daha sonra əsgərlərin poçt idarəsindəki daha üç nəfəri güllələdiyini, onların meyitlərinin zirzəmidə olduğunu öyrənib.

Andreyin dörd uşaqlıq dostu, o cümlədən Ruslan Kulik öldürülənlər arasında idi.

Üç il öncə Peremohaya köçmüş Oleksandr Palivoda beşinci qurban olub.

Poçt idarəsi indi xarabalığa çevrilib. Andrey əsgərlərin qətllərə dəlili gizlətmək üçün binanı partlatdığını deyir.

Həbsdə olan şübhəlilər var

İşğal başlayandan Rusiya qüvvələri ukraynalı dinc sakinləri sorğu-suala, döyülməyə, bəzi hallarda məhkəməsiz edamlara məruz qoyur, onları orduya kömək göstərməkdə suçlayır.

Beynəlxalq qanunvericilik Ruslan Kulik və digər qurbanlar kimi dərhal silaha sarılan dinc sakinlərin zorakılığa qarşı müdafiə hüququnu tanıyır.

Poçtda qətl Rusiya əsgərlərinin törətdiyi bildirilən, bəziləri sübuta yetirilmiş, bəziləri iddia edilən saysız qanunsuz hərəkətlərdən biridir, mümkün hərbi cinayət kimi araşdırılır.

Bəzi şübhəlilər hazırda Ukraynada həbsdədir, bəziləri öldürülüb, yaxud hələ də döyüşür, yaxud artıq Rusiyaya qayıdıblar.

“Qəsrimizdir”

Sergey və Larisa Kulik, digər qurbanların qohumları və sakinlər hadisənin üstündən beş ay keçməsinə baxmayaraq, baş verənlərin təsirindən çıxmağa çalışırlar.

Olena Palivoda ərinin ölümündən sonra oğluyla birlikdə kənddən gedib, sonradan qayıdıb.

Cütlük on il əziyyətlə pul yığaraq kənddə ev alıblar. Onlar əvvəlki evlərinin həyətində becərdikləri çiyələk, moruq, göy-göyərti becərib ev üçün pul yığıblar.

“Həyatımızın ən xoşbəxt günü idi”, – Olena evi aldıqları günü belə xatırlayır. “Qəsrimizdir”, – o, sözlərinə əlavə edir.

XS
SM
MD
LG