Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:55

Keçmiş həmsədr: 'Ümid edirəm ki, Əliyev..'


Ter-Petrosyan: 'Azərbaycanla sülhə getməsək, yenidən dövlət qurmalı olacağıq'
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Ter-Petrosyan: 'Azərbaycanla sülhə getməsək, yenidən dövlət qurmalı olacağıq'

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Azərbaycanla sülh müqaviləsinin mümkün qədər tez bağlanmasının vacibliyi haqda fikirləri birmənalı qarşılanmayıb. Onu tənqid edənlər də var. Amma Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Qiraqosyan Ter-Petrosyanın açıqlamasının mətnini "xoşagələn" adlandırıb. Bildirib ki, indi ən vacib olan məsələ yenidən danışıqlar masasına, diplomatiyaya qayıtmaqdır: "Diplomatiyadan başqa yol yoxdur. Görürük ki, Ermənistan cəmiyyəti özünün gələcəyi barədə narahatdır və 13 sentyabr hücumundan sonra insanlar özlərini təhlükədə hiss edirlər. Düşünürəm ki, Ermənistanda əhalinin əksəriyyəti Azərbaycanla əlaqələrin yenidən qurulmasının vacibliyini və sülhə ehtiyac olduğunu yaxşı başa düşür... Diqqətlə baxsaq, güzəştlərin mövcud olduğunu görə bilərik. Son qarşıdurmalarda ölənlər oldu. Məsələyə diplomatik yolla davam etmək ölənlərin yasını tutmaqdan daha asandır. Bu baxımdan düşünmürəm ki, güzəştlərə getmək Ermənistan hökuməti üçün daha çətin olsun".

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağın niyə vacib olduğunu izah edir
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Paşinyan: "Lazım gəlsə..."

Sentyabrın əvvəlində Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən lazım gəlsə, Ermənistana davamlı sülh və təhlükəsizlik gətirəcək sənədə imza atacağını bildirib. O qeyd edib ki, çoxları buna görə onu tənqid etməyə, söyməyə və "satqın" adlandırmağa başlayacaq. Amma lazım gəlsə, belə bir sənədi imzalayacaq və bundan sonra başına nə gələcək, onu maraqlandırmır, onu Ermənistan Respublikasının taleyi maraqlandırır. Amma o, hansı sənəddən danışdığını açıqlamayıb.

Paşinyan sentyabrın 26-da Parisdə Azərbaycan hökumətinə çağırış edib ki, münaqişənin tənzimlənməsindən ötrü Bakı Qarabağdakı qondarma rejimlə danışıqlar aparsın. Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Paşinyan deyib ki, sovet Ermənistanı ilə sovet Azərbaycanının inzibati sərhədləri iki ölkənin müstəqilliyinin ilk aylarında onların dövlət sərhədlərinə çevrilib. Uzunmüddətli həllə gəlincə, o bildirib ki, Ermənistanla Azərbaycanın 1991-ci il 8 dekabr sazişi ilə təsdiqlənmiş sərhədlərini qarşılıqlı tanıyaraq sülh sazişini imzalamaq yolu ilə getməsini vacib sayır. Azərbaycan sülh sazişinin onun Ermənistana təqdim etdiyi beş prinsip əsasında hazırlanmasını vacib sayır, burada ərazi bütövlüyünün qarşılıqlı tanınması da var.

A.Qasımlı
A.Qasımlı

"Sülh istəyirlərsə..."

Müstəqil siyasətçi Azər Qasımlı deyir ki, Rusiyanın sülhməramlı kontingenti Qarabağda yerləşdiyi müddətdə sülhə nail olmaq, regiona sülhün gəlməsi bir qədər çətin görünür: "Əgər sülh istəyirlərsə, Rusiyanın indiyədək olan təxribatlarının qarşısı alınmalıdır. Avropa İttifaqının moderatorluğu ilə proses başlayıb. Bu çərçivədə prosesi davam etmək lazımdır".

Rusiya və Avropa Birliyinin vasitəçilik səyləri ilə yanaşı, son dövrlərdə ABŞ-ın da həm Azərbaycan, həm də Ermənistanla bu mövzuda ünsiyyəti artırdığı müşahidə edilir.

"Sərhəddə sülhməramlılar olsun"

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Uorlik AzadlıqRadiosuna bildirir ki, ABŞ regiona cəlb olunmaq istəyir. Ümid edir ki, ABŞ digərləri ilə birgə Azərbaycan və Ermənistana uzunmüddətli barış gətirə bilər: "İndi regiona uzunmüddətli sülh gətirmək üçün şans var. İşğal olunan ərazilər Azərbaycana qaytarılıb. İndi Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası çox vacibdir. Mənim tövsiyəm odur ki, sərhəddə sülhməramlılar, ən azından monitorinq qrupu olsun. Bu, tarixi imkandır. Ümid edirəm ki, Azərbaycan prezidenti Əliyev bu imkandan yararlanacaq və konflikti davam etdirmək niyyətində olmayacaq. Eyni fikirləri Ermənistanın baş naziri üçün də səsləndirirəm. Burada uzunmüddətli sülhə nail olmaq üçün tarixi imkan yaranıb. ABŞ və digər ölkələr bu məsələdə rol oynaya bilər".

C.Uorlik
C.Uorlik

Uorlikin sözlərinə görə, vasitəçilik işi təkcə Rusiyanın öhdəsinə buraxılmamalıdır, sərhədlərin müəyyənləşməsi, barışığa nail olunması məsələsinə başqaları də cəlb edilməlidir. Bildirir ki, prosesin başlanğıcı kimi Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri yaradılmalı, insanların ünsiyyətinə şərait yaradılmalıdır. O xatırladır ki, vaxtilə azərbaycanlılar və erməniləri iç-içə sülh içində yaşayıblar: "Bu, yenidən baş verə bilər".

Xatırlatma

Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibədən sonra 30 ilə yaxın erməni qüvvələrinin işğalında olan Qarabağın bir hissəsi və ətraf yeddi rayonu öz nəzarətinə qaytarıb. Laçın dəhlizinə və Qarabağdakı təmas xəttinə Rusiya sülhməramlıları yerləşdirilib. Müharibədən sonra həm Qarabağda, həm də sərhəddə lokal qarşıdurmalar olsa da, sentyabrın 13-də Ermənistan-Azərbaycan sərhədi boyunca son iki ildə ən böyük toqquşma baş verib, hər iki tərəfdən ümumilikdə 300-ə yaxın hərbçi həlak olub.

XS
SM
MD
LG