Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:58

NYT: Peyk təsvirləri Buçada meyitlərin həftələrlə qaldığını göstərir


Buça
Buça

Bu arada Pentaqon Rusiya əsgərlərinin törətdiyi bildirilən qətlləri müstəqil təsdiqlətmək mövqeyində olmadığını bildirib

Rusiya əsgərlərinin Kiyev yaxınlığındakı Buçada törətdiyi bildirilən qətllər dünyada böyük rezonansa səbəb olub. ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini “hərbi cani” adlandırıb. Ancaq Rusiya israrla ittihamları rədd edir, bunu Ukraynanın “provokasiyası” hesab edir.

“The New York Times” yazır ki, peyk təsvirlərinin təhlili Buçada meyitlərin guya Rusiya əsgərləri çıxandan sonra peyda olması iddialarını təkzib edir.

Məqalədə deyilir ki, Buçada dinc sakinlərin çoxunun meyiti üç həftədən çoxuydu küçələrdə idi. Onda şəhər Rusiya ordusunun nəzarətində olub.

Meyitlər martın 11-dən küçələrdə idi

Yerli şura üzvünün aprelin 1-də çəkdiyi videoda Buçada Yablonska küçəsində çoxsaylı meyitlər görünür. The Times-ın ABŞ-ın “Maxar Technologies” şirkətindən əldə etdiyi təsvirlər göstərir ki, meyitlərin azı 11-i martın 11-dən küçələrdə idi.

Qəzetin Vizual Təhqiqatlar komandası dinc sakinlərin nə vaxt öldürüldüyünü araşdırmaq üçün peyk təsvirlərini təhlil edib. 9-11 mart tarixlərində Yablonska küçəsində insan bədəni boyda qara obyektlər görünür. Ukrayna qüvvələri Buçanı yenidən nəzarətə alandan sonra, aprelin 1-də yayılmış videoda da meyitlərin aşkarlandığı bildirilən eyni yerdə həmin qara obyektlər var. Təhlil həmin obyektlərin üç həftədən çox müddət ərzində həmin mövqedə qaldığını göstərib.

Qəzet ölüm səbəblərinin bəlli olmadığını yazır. Bəzi meyitlər tərk edilmiş avtomobillərin, bəziləri velosipedlərin yayındadır, bəzilərinin əlləri ağ dəsmalla arxadan bağlanıb.

Yablonska küçəsindən çəkilmiş videoda üç cəsəd var. Peyk təsvirləri həmin meyitlərin martın 20-21-də həmin ərazilərdə olduğunu göstərib.

“The Associated Press” ofis binasının arxasında azı altı meyitin fotolarını yayıb, bəzilərinin əlləri arxadan bağlanıb. Bu bina Yablonska küçəsindən 1,6 km qərbdə yerləşir.

Pentaqon iddiaları təsdiqlədə bilmir, təkzib də eləmir

Bu arada Pentaqon Rusiya əsgərlərinin törətdiyi bildirilən qətlləri müstəqil təsdiqlətmək mövqeyində olmadığını bildirib. ABŞ-ın aparıcı müdafiə rəsmisi “Reuters”ə deyib ki, Ukraynanın bu haqda məlumatlarını mübahisələndirmək üçün heç bir səbəbi yoxdur.

“Sizin gördüyünüz fotoları biz də görürük. Bu aşkar, dərin narahatlıq yaradan qətllərlə bağlı Ukraynanın iddialarını təkzib etməyə səbəbimiz yoxdur”, – anonimlik şərtilə danışan rəsmi vurğulayıb.

“Pentaqon bu iddiaları müstəqil şəkildə təsdiqləyə bilmir, amma onları təkzib edəcək mövqedə də deyilik”, – o vurğulayıb.

Rusiyanın Müdafiə Nazirliyi qətlləri əks etdirən çoxsaylı foto və videoları Ukrayna tərəfinin saxtakarlığı adlandırıb və aprelin 4-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə çağırıb. Şuraya rotasiya üzrə sədrlik edən Britaniya Moskvanın bu çağırışını rədd edib.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. Son günlər işğalçı qüvvələr Ukraynanın bəzi yerlərindən, o cümlədən Kiyev ətrafından geri oturdulub. Qüvvələrin şərqi Donbas vilayətinə yönəldiyi, bir hissəsinin Belarusa getdiyi bildirilir.

XS
SM
MD
LG