Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:12

Pfizer 5-11 yaşlılara peyvənd vurmaq üçün rəsmi müraciət etdi


9 yaşlı qıza klinik sınaq çərçivəsində vaksin vurulur
9 yaşlı qıza klinik sınaq çərçivəsində vaksin vurulur

İndiyədək vaksinin Birləşmiş Ştatlara 12-15 yaşlılara vurulmasına təcili icazə verilib, 16 və yuxarı yaşlılara vurulması isə tam təsdiqlənib

Pfizer və BioNTech şirkətləri COVID-19-a qarşı vaksinin 5-11 yaşlılar üzərində təcili istifadəsi üçün ABŞ-da rəsmi orqanlardan icazə istəyib.

ABŞ Qida və Dərman Administrasiyasının (FDA) kənar müşavirlər qrupu oktyabrın 26-da müraciəti müzakirəyə çıxarmalıdırlar.

İndiyədək vaksinin Birləşmiş Ştatlara 12-15 yaşlılara vurulmasına təcili icazə verilib, 16 və yuxarı yaşlılara vurulması isə tam təsdiqlənib.

520 uşaq ölüb

FDA paneli təcili istifadəni təsdiqlərsə, ABŞ-da 5-11 yaş qrupuna daxil 28 milyon uşağa ikidozalı Pfizer/BioNTech vaksininin vurulması başlana bilər.

Azyaşlıların xəstəliyi ağır keçirməsi, ölüm riski az olsa da, COVID-19 bəzən uşaqları da öldürür. ABŞ-da pandemiyadan 520 uşağın öldüyü bildirilir.

Pfizer və BioNTech araşdırmalara əsasən bildiriblər ki, azyaşlılara digərlərinə vurulan dozanın üçdə biri vurulmalıdır. İkinci dozadan sonra 5-11 yaşlılarda yeniyetmələr və gənc yetkin yaşıllardakı kimi anticisim yaranıb.

Uşaqların vaksinasiyası lokdaunlardan, məktəblərdə fasilələrdən yorulmuş valideynlərin həyatını yüngülləşdirəcək.

Birləşmiş Ştatlar və digər ölkələr daha çox adamın peyvənd vurdurmasına çalışır. Bu arada yoluxmaların son dalğası səngimək üzrədir.

Prezidentin çağırışı

Prezident Co Bayden oktyabrın 7-də Çikaqoya səfəri zamanı vaksinlərin məcburi elan olunmasını bir daha müdafiə edib.

“Bu pandemiyanı önləməyin amerikalıların böyük əksəriyyətini peyvənd etdirməkdən savayı yolu yoxdur”, – Bayden deyib.

Bir neçə həftəyə 100 milyondan çox amerikalı Baydenin göstərişinə uyğun məcburi vaksinasiyadan keçiriləcək. Onun administrasiyası işəgötürənləri əhalinin peyvənd vurdurması, yaxud test etdirməsi üçün əlavə tədbirlər görməyə həvəsləndirir.

Birləşmiş Ştatlarda 67 milyona yaxın insanın hələ peyvənd vurdurmadığı bildirilir. Bayden və ölkənin səhiyyə orqanları bu insanların digərlərinin həyatına təhlükə yaratdığını deyirlər.

Rusiya, digər ölkələr

Rusiyada isə oktyabrın 9-da koronavirusdan ölü sayı ikinci gün ardıcıl olaraq 900-ü keçib, 924 ölüm qeydə alındığı bildirilib.

27 min 550, bir gün öncəkindən 10 faizə yaxın çox yoluxma qeydə alınıb. Moskvada isə yoluxmalar 50 faizə yaxın artaraq 5 min 404-ə çatıb.

Rusiya pandemiyadan 213 mindən çox ölümlə Avropada birinci yerdədir. Bir çox səhiyyə ekspertləri bu rəqəmin daha çox olduğunu deyirlər.

İspaniyada 2020-ci ilin iyulundan bəri 100 min nəfərə yoluxma sayı ilk dəfə olaraq 50-dən az olub.

Rəsmilər bunu əsasən vaksinasiya ilə izah edirlər. İspaniyalıların 77 faizinin tam peyvənd olunduğu bildirilir.

Almaniyada isə yetkin yaşlıların 80 faizə yaxını tam peyvəndlənib. 84 faizə yaxına azı bir doza vurulub.

XS
SM
MD
LG