Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:25

Azərbaycanda qadın polislərin sayı 48 faiz artıb


Bakıda 8 Mart yürüşü. 2021
Bakıda 8 Mart yürüşü. 2021

2021-ci ilin sonuna olan məlumata görə, Azərbaycan Daxili İşlər Nazirliyi orqanlarında 3 min 938 qadın xidmət edib. 2020-ci ildə bu rəqəm 2 min 658 nəfər idi. Bu o deməkdir ki, 2021-ci ildə Azərbayanda qadın polislərin sayı 1 min 280 nəfər və ya 48.2 faiz artıb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender bərabərliyinin təminatları haqqında məlumatında bildirilir. Toplam sayları çox olsa da, DİN əməkdaşı olan qadınlar arasında rəhbər vəzifələrdə çalışanların sayı hələ də azdır. Dörd minə yaxın qadın polisdən cəmi 72 nəfər, yəni 2 faizdən də azı polis orqanlarında rəhbər vəzifə tutur.

Polis qurumları ilə yanaşı, prokurorluq orqanlarında da qadınlar azlıqdadır. Komitənin məlumatında bildirilir ki, prokurorluq orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə çalışan işçilərdən 93 nəfəri - toplam prokurorluq işçilərinin 7.3 faizi qadındır.

Rəhbər (yuxarı təsnifat) vəzifələrdə qulluq keçən prokurorluq işçilərinin toplam sayı ötən ilin əvvəlinə 235 nəfər olub. Onlardan 8 nəfəri qadındır: Biri idarə rəisi, biri xidmət rəhbəri, üçü idarə rəisinin müavini, ikisi rayon prokuroru və biri rayon prokurorunun müavinidir.

Ədliyyə və Xarici işlər orqanlarında vəziyyət necədir?

Ədliyyə Nazirliyində çalışanlar arasında da kişilərin ciddi üstünlüyü var. Adı çəkilən komitənin məlumatında bildirilir ki, Ədliyyə orqanlarında çalışan 7 min 648 işçidən 1 min 342 nəfəri qadındır. Bu, toplam işçilərin 17.5 faizi deməkdir. Rəhbər vəzifələr arasında bu göstərici daha aşağıdır – 13 faiz.

Ədliyyə orqanlarındakı 600-dən çox rəhbər vəzifənin cəmi 87-də qadınlar çalışır. Ölkədəki 144 notariusdansa cəmi 21 nəfəri qadındır.

Hüquq-mühafizə orqanları ilə yanaşı, diplomatlar arasında da qadınlar sayca kişilərdən geri qalır. Xarici İşlər Nazirliyi əməkdaşlarının 31.2 faizi qadındır. Rəhbər vəzifəlilərin 8.3 faizi zərif cinsin nümayəndələridir. Ölkənin 55 səfirindən 53-ü, beş daimi nümayəndəninsə hamısı kişidir.

İdman və Gənclər Nazirliyinə gəlincə, mərkəzi aparatda və tabeli qurumlarda çalışan əməkdaşların 19 faizi, rəhbər vəzifələrdə çalışanlarınsa cəmi 2 faizi qadındır.

İqtisadiyyatda durum necədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqladığı rəqəmlərdən aydın olur ki, ölkə iqtisadiyyatının da yönəldilməsində başlıca söz sahibi kişilərdir.

Nazirliyin strukturunda çalışan 7 min 742 nəfərdən 2 min 154-ü, yəni 28 faizi qadın, 72 faizi kişidir.

Rəhbər vəzifə tutanlar arasında qadınların payı daha az - 10 faizdir.

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumlarda qadın işçilərin payı fərqlilik göstərir. Məsələn, Dövlət Vergi Xidmətində çalışan 3 min 597 nəfərdən 781 nəfər, yəni işçilərin 22 faizi qadındır.

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyində (KOBİA) isə 201 nəfərlik heyətin 142 nəfəri, yəni 70 faizi qadındır. Agentliyin rəhbər vəzifələrində calışanların yarısı da zərif cinsin nümayəndəsidir.

Maliyyə Nazirliyində də istər rəhbər vəzifədə, istərsə inzibati işlərdə çalışan kişilər sayca qadınlardan çoxdur. Burada bütün işçilərin 28.5 faizi, rəhbər vəzifədə çalışanlarınsa 13.7 faizi qadındır.

Dövlət Gömrük Komitəsində çalışan toplam 456 nəfərin 96-sı, yəni 21 faizi qadındır.

Qadınların çoxluqda olduğu sahələr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqladığı rəqəmlərdən bəlli olur ki, bəzi qurumlarda qadınlar sayca kişiləri üstələyirlər. Məsələn, Dövlət İmtahan Mərkəzinin toplam işçi sayında qadınlar 50.1 faizlik paya sahibdir. Mərkəzin 335 əməkdaşının 368 nəfəri qadın, 367 nəfəri kişidir.

İşçilərin toplam say baxımından bərabər olsalar da, rəhbər vəzifələrin gender bölgüsü zamanı bu bərabərlik pozulur. Dövlət İmtahan Mərkəzində rəhbər vəzifə tutan şəxslərin hər dörd nəfərindən biri – 25 faizi qadındır.

Səhiyyə Nazirliyinin mərkəzi və yerli bölmələrində çalışanların 80 faizi zərif cinsin nümayəndəsidir. Qurumda işləyən hər beş nəfərdən dördü qadın olsa da, burada da rəhbər vəzifəlilər arasında kişilər çoxdur. Nazirlikdə rəhbər vəzifələrdə çalışanların cəmi 38 faizi qadın, 62 faizi isə kişidir.

Eyni durum təhsil sektorunda da gözə çarpır. Məktəblərdə müəllimlərin 80 faizdən çoxu qadın olsa da, məktəb direktorları arasında onların payı cəmi 36 faizdir.

XS
SM
MD
LG