Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

Pompeo amerikalılara aid məlumatların Çindən qorunacağını deyir


Mike Pompeo iyulun 8-də keçirilən mətbuat konfransında
Mike Pompeo iyulun 8-də keçirilən mətbuat konfransında

ABŞ dövlət katibi Mike Pompeo iyulun 8-də deyib ki, Birləşmiş Ştatlar amerikalıların şəxsi və sağlamlıq məlumatlarının Çin Kommunist Partiyasının əlinə keçməməsi üçün “tədbirlər” görəcək.

Bu bəyanat Pekinin çevik bir şəkildə yarımmuxtar Honq Konq üzərində təhlükəsizlik tədbirləri görməyə və onun rəqəmsal azadlıqlarını əlindən almağa çalışdığı bir vaxtda, telekommunikasiya və sosial media datasının taleyi ilə bağlı beynəlxalq mübahisənin yeni mərhələyə keçdiyini göstərir.

Pompeo habelə ABŞ-ın Facebook, Google və Twitter texnoloji şirkətlərinin istifadəçi məlumatlarının Honq Konq hökumətinə verilməsindən imtina etməsini təqdir edib və başqa şirkətlərdən də eyni hərəkəti gözlədiyini deyib.

Koronavirus pandemiyasına görə sərt hərəkət tədbirləri görülənədək Honq Konq əhalisi bir il müddətində Pekinə qarşı etiraz aksiyaları keçirib.

Pompeo iyulun 5-də demişdi ki, ABŞ rəsmiləri Çinin populyar videopaylaşma aləti TikTok da daxil bir sıra tətbiqlərin qadağanı barədə ciddi düşünürlər.

O iyulun 8-də bildirib ki, bu tətbiqlərə Çin Kommunist Partiyasından qaynaqlanan hədə kimi baxılır:

"Siz şahidi olacaqsınız ki, administrasiya informasiyanın qorunması və saxlanması məqsədilə tədbirlər görəcək və Çin Kommunist Partiyasının amerikalılara aid şəxsi məlumatlara girişinin qarşısını alacaq”.

Vaşinqton-Pekin qarşıdurması

Şəxsi məlumatların müdafiəsi kampaniyaçıları, kəşfiyyat mənbələri və ABŞ rəsmiləri TikTok və məlumatla məşğul olan başqa Çin şirkətlərinin milli təhlükəsizliyə hədə yarada biləcəyi barədə həyəcan təbili çalırlar.

Vaşinqton və Pekin arasında son zamanlar yaranmış mübahisələrdən biri də koronavirus pandemiyası və Çinin epidemiyanın qarşısının alınması sahəsində fəaliyyəti ilə bağlıdır.

Bundan başqa ABŞ və Çin arasında son iki il ərzində ticarət müharibəsi gedib.

Pekin Vaşinqtonun Moskva ilə imzalamağa çalışdığlı nüvə silahlarına nəzarət müqaviləsinə dair danışıqlara daxil olmaqdan imtina edir.

ABŞ hesab edir ki, Çin Britaniyanın keçmiş müstəmləkəsi Honq Konq 1997-ci ildə ona qaytarılarkən götürdüyü “bir dövlət iki sistem” öhdəliyini pozub.

Qarşıdan gələn 100 il

ABŞ millət vəkilləri Çinin yeni təhlükəsizlik qanununu kəskin tənqid edirlər. Onlar deyirlər ki, bu qanun yerli şirkətlərdən “Çin Kommunist Partiyasının rəhbərliyi altında olan kəşfiyyat orqanları ilə əməkdaşlıq” tələb edir.

Prezident Donald Trump-ın administrasiyası bundan əvvəl Çinin Huawei şirkətinin telekommunikasiya avadanlığından ABŞ-da istifadə olunmasını milli təhlükəsizliyə hədə adlandırmışdı.

Trump Avropanı belə avadanlıqdan imtinaya çağırır.

Reuters bildirir ki, Çindən kənarda fəaliyyət göstərən və özünün Çin mənşəyi barədə narahatlıqların əsassız olduğunu bildirən TikTok heç vaxt Çinə istifadəçi məlumatlarını vermədiyini deyib.

Pompeo iyulun 8-də bəyan edib ki, “qarşıdan gələn yüz ilin kommunikasiya infrastrukturu Qərb ideallarına əsaslanan infrastruktur olmalıdır”.

XS
SM
MD
LG