Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:58

Parlament 'pos terminallar artırılsın' deyir, bəs əhali?


Pos terminal
Pos terminal

Nağd hesablaşmaların məhdudlaşdırılması ilə bağlı 2011-ci ildən bəri görülən tədbirlər «Nağdsız hesablaşmalar haqqında» yeni qanun layihəsinin hazırlanması ilə yekunlaşıb. Vergilər Nazirliyinin hazırladığı sənəd dekabrın 16-da Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirə olunacaq.

Qanun layihəsinin əsas məqsədinin dövriyyədə olan nağd pul kütləsinin nağdsız vəsaitlərlə əvəz olunması, pulla aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını təmin etməkdir.

Buna da bax:​ Nağd ödənişlər daha da məhdudlaşdırılır

Qanun öz yerində, bəs hazırlıq nə yerdədir?

Məsələyə münasibət bildirən ekspertlər nağd əməliyyatların azaldılması üçün ilk növbədə ticarət və xidmət şəbəkəsində pos terminalların sayının artırılmasını zəruri hesab edirlər.

BMT-nin ən son 2009-da apardığı statistikaya görə, Azərbaycanda hər 100 min böyüyə düşən pos terminalların sayı dünya üzrə orta göstəricidən dörd dəfə aşağı idi - hər 100 min nəfərə 112 pos terminal. 2012-ci ildə Eurovision öncəsi nağdsızlaşdırma kampaniyasından sonra göstəricilər artsa da, son iki ildə maliyyə böhranı bu göstəriciləri də azaldıb.

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsinin məlumatına görə, noyabr ayının 15-nə 43 797-si Bakı şəhərində olmaqla 74 800 ədəd pos terminal var. Bu il pos terminalların sayı artmaq əvəzinə, 1,9 faiz azalıb. Səbəb bankların bağlanmasıdır.

Buna da bax: Banklar komissiyanı artırır

Mütəxəssislərin hesablamalarına görə, nağdsız hesablaşma cihazlarının sayı bundan, ən azı, 5 dəfə çox olmalıdır ki, bütün xidmət sektorunu əhatə etmək mümkün olsun. Amma əhali də bu prosesə hazır olmalıdır. Çünki qeyri-nağd ödənişlərdə iştirak etmək üçün hər kəsin azı bir plastik karta ehtiyacı var.

Hazırda əhalidə olan ödəniş kartlarının sayı 6 milyondan çoxdur. Mərkəzi Bank plastik kartlardan istifadə etməklə nağdsız ödənişlərin 29 faiz artdığını bəyan edir. Lakin hesablaşmalarda kartlardan istifadə əmsalı aşağı olaraq qalır. Təsadüfi deyil ki, pensiyaların kartla verilməsindən 10 il keçməsinə baxmayaraq, pensiyaçılar hələ də vəsaiti bankomatlarda nağdlaşdırmağa üstünük verirlər. Əmək haqqı karta köçürülən şəxslərin çoxu da eyni durumdadır. Halbuki, bir çox kommunal ödənişləri həmin kartla etmək, dükan pos terminal vasitəsilə bazarlıq etmək mümkündür. Ekspertlər 2017-ci ildən şəhər ictimai nəqliyyatının bütövlüklə nağdsız ödəniş sisteminə keçirilməsini zəruri hesab edirlər.

Buna da bax:​ İndi gündə ancaq min, ayda 10 min dollar köçürmək olar [video]

İlk ciddi addım, yarımçıq nəticə

Hökumətin nağdsız hesablaşmalarda ciddi dönüş yaratmaq məqsədilə atdığı ilk addım aksizli malların - alkoqollu içkilərin və tütün məmulatının ticarətini nəzarətə götürmək oldu. Amma bu hədəfə tam çatmaq mümkün olmadı. Vergilər Nazirliyində AzadlıqRadiosu-na deyiblər ki, hələlik istehsalçı və idxalçılarla topdansatış şəbəkəsi, topdansatıcılarla dükanlar arasında nağdsız hesablaşmalar aparılır. Pərakəndə ticarətdə kart sisteminin tətbiqi isə 2017-ci ildə gözlənilir.

Ekspert: «e-ticarət dövriyyəni nəzarətdə saxlamaq imkanı verir»

«İqtisadi Təhlil İnstitutu» İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblı nağdsız ödəniş sisteminin genişlənməsi yollarından biri kimi e-ticarətə şəraitin yaradılmasını görür. Onun fikrincə, bu, rahatlıqla yanaşı, vaxta qənaət də deməkdir. Elektron ticarətin vergiyə cəlb olunması isə məsələnin başqa tərəfidir. Bu məsələdə ən önəmli olanı insan amilini aradan qaldırmaqla, bütün ticarət həcminin qeydiyyata alınması və vergiyə cəlb olunmasıdır. İqtisadçı belə düşünür.

Buna da bax: Valyuta köçürmələrinin sərtləşdirilməsi nəyə xidmət edir?

M. Talıblı nağdsız ödənişlərin genişlənməsini iqtisadiyyatın kreditləşmənin resurs mənbəyi kimi dəyərləndirir. O deyir ki, bu, öz növbəsində kredit faiz dərəcələrinin azalmasına da səbəb ola bilər.

Nağd ödənişlərə limit

Sosial və İqtisadi İslahatlar Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov deyir ki, nağdsız ödənişlər artarsa, bu, dövlətə maliyyə vəsaitlərinin hərəkətini izləməyə imkan verər. Nağdsız ödənişlər vergidən yayınmanın qarşısının alınması üçün də olduqca vacibdir.

«Baxmayaraq ki, Azərbaycanda plastik kartların sayı çoxdur, təəssüf ki, biznesdə və insanlar arasında nağdsız ödənişlərin həcmi yüksək deyil. Nağdsız ödənişlərlə bağlı təşviqedici, eyni zamanda inzibati metodların tətbiqinə ehtiyac var. Bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi nağd ödənişlərə limitlərin müəyyənləşdirilməsinin tərəfdarıyam. Təklif edirəm ki, alınan malın, yaxud bir alqı-satqının dəyəri 500 manatdan çoxdursa, o zaman bu, nağd deyil, ancaq nağdsız ödənişlə həyata keçirilsin»

Mağazanın satdığı malın dəyəri 500 manatdan çoxdursa, müştərinin həmin malı nağd ödəyərək almaq hüququ, mağazanınsa satmaq hüququ olmasın. Bu, imkan verəcək ki, həm nağd satış məhdudlaşdırıldığı üçün şirkətlər pos terminallardan istifadə etsinlər, həm də vətəndaşların plastik kartlara marağı artsın.

Buna da bax:​ Pul köçürmələri 35 faiz azalıb

V. Bayramov: «Pos terminalı işlətməyənlər cərimələnsin»

V. Bayramov pos terminallardan istifadəyə nəzarətin gücləndirilməsinə ehtiyacın olduğunu düşünür. Çünki bəzi hallarda vətəndaş plastik kartdan istifadə etmək istəsə də, mağaza, kafe, restoran plastik kartı qəbul etmir ki, pos terminal işləmir. Ekspert deyir ki, bu, həm də müştərinin istehlakçı hüquqlarının pozulması deməkdir. Belə halların qarşısını almaqdan ötrü cərimələrin müəyyən edilməsinə ehtiyac var. Qanunvericilikdə post-terminaldan istifadə etməyən sahibkarlar və xidmət obyektləri üçün konkret cəza sanksiyası müəyyən etmək «yaddan çıxıb».

Bonus da olsun, vergidən azadetmə də

İSİM rəhbəri inzibati metodlar ilə yanaşı, Türkiyə və başqa ölkələrdə olduğu kimi, nağdsız ödənişlərdə təşviqedici metod qismində bonus sisteminin tətbiq olunmasını zəruri sayır. «Təklif edirəm ki, bonus olaraq nağdsız ödənilən vəsaitin məbləğindən asılı olaraq diferensial olaraq 3-5 faizi müştərinin hesabına bonus kimi qaytarılsın».

Buna da bax:​ Ekspert: 'İslahatlardan ötrü siyasi iradə olmalıdır'

Vüqar Bayramov elektron ticarətin ƏDV-dən azad edilməsini də məqsədəuyğun sayır. Belə bir təcrübə ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələrdə var. ƏDV-dən azadetmə elektron ticarətdə xərclərin azalmasına, dolayısıyla, bu növ ticarətə marağın artmasına səbəb ola bilər. Nəticədə nağdsız hesablaşmalar üçün daha geniş imkanlar yaranar.

Bank hesabından pulunu götürə bilməmək qorxusu olan vətəndaş nə etsin...

Nağdsız əməliyyatların iqtisadiyyatı stimullaşdırdığını deyən Şimali Dakota Dövlət Universitetinin (ABŞ) müəllimi Fariz Hüseynli bunun vergi yığımlarına da müsbət təsir etməsi haqda həmkarlarının fikirlərini paylaşır. Lakin o, nağdsız hesablaşmalara keçidin təkcə inzibati yollarla mümkün olacağını düşünmür.

«Bunun üçün əvvəlcə əhalinin maliyyə savadlılığı tələb olunur. Digər vacib şərt isə əhalinin bank sisteminə etibarın olmasıdır. Bank hesabından pulunu götürə bilməmək qorxusu olanda istehlakçı çalışacaq ki, bankda çox pul saxlamasın. Bu isə, aydın məsələdir ki, yenə də nağd ödəmələrin artmasına gətirib çıxarır».

Buna da bax:​ Azərbaycana pul köçürmələri azalır

Şirkətlərin nağdsız hesablaşmalara həvəsləndirilməsi üçün F. Hüseynli ilkin mərhələdə hökumətin onlara müəyyən vergi endirimləri etməsini təklif edir. O deyir ki, bəzi ölkələrdə pos terminalların qurulmasının ilkin xərcini hökumət öz boynuna götürür.

Dünya Bankı kömək etmək istəyirdi

İki il bundan öncə Vergilər Nazirliyi Dünya Bankı ilə birgə «Nağdsız əməliyyatların stimullaşdırılması Layihəsi» üzəridə çalışırdı. DB bu layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsini öz üzərinə götürürdü. Lakin iş səbəbləri ictimaiyyətə açıqlanmayan səbəblərdən yarımçıq qaldı.

Neftin qiymətinin aşağı düşməsi nəticəsində büdcəyə vəsait cəlb etməkdə çətinlik çəkən nazirlik çıxış yollarından biri kimi indi nağdsız hesablaşmalara keçid etməyi görür.

XS
SM
MD
LG