Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:46

Prezident: '...Vətəndaşları Günəş işığından məhrum edirdilər'


E.Əzizov İ.Əliyevin qəbulunda
E.Əzizov İ.Əliyevin qəbulunda

Prezident İlham Əliyev bu gün, noyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovu qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident deyib ki, Bakı şəhərinin inkişafı daim diqqət mərkəzindədir. O, Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu söyləyib.

İ.Əliyev E.Əzizova habelə deyib ki, bir çox inkişaf etmiş ölkələrin şəhərlərində həyətlərdə təhlükəsizlik kameraları qoyulur:


«İndi Bakı şəhərində bir çox yerlərdə təhlükəsizlik kameraları qoyulub və bu kameralar cinayətlərin aşkar edilməsi və cinayətkarları məsuliyyətə cəlb etmək üçün böyük rol oynayır. Hesab edirəm, həyətlərdə də təhlükəsizlik kameraları qoyulmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunsun. Lift təsərrüfatı da həmçinin. Bir neçə il bundan əvvəl yenə də mənim sərəncamımla bir çox binaların lift təsərrüfatı yeniləndi. Ancaq təəssüflər olsun ki, istismar dövründə liftlər sıradan çıxır. Ona görə lift təsərrüfatı tam yenilənməlidir və onların istismarı ilə bağlı təkliflər verilməlidir».

Prezident E.Əzizova bir sıra məsələlər, o cümlədən dam örtükləri ilə bağlı da suallar verib.

Dövlət başçısı habelə qeyd edib ki, bəzən tikinti üçün yerlər zəbt olunur: «Bəzi hallarda sərəncamlar qanunsuz olaraq verilir, ağaclar qırılır. Vətəndaşlar sağ olsunlar ki, bir çox hallarda belə vəziyyətlə üzləşdikdə müvafiq orqanlara məlumat verirlər. Yəni, bu, ictimai nəzarətin mövcudluğu deməkdir. Bundan sonra Bakıda şəhərsalma qaydaları tam təmin edilməlidir. Bütün şəhərlərdə bina tikintisi üçün müvafiq əmsallar mövcuddur. Əfsuslar olsun ki, əvvəlki dövrlərdə bu əmsallar 10 dəfə, bəlkə də artıq götürülürdü. Yəni, bütün şəhərsalma qaydaları pozulurdu. Mövcud binaların düz önündə yeni hündürmərtəbəli binalar tikilirdi və bəzi dırnaqarası sahibkarlar köhnə binalarda yaşayan vətəndaşları Günəş işığından məhrum edirdilər».

«...Vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir»

Prezident İ.Əliyev deyib ki, rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır: «Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər».

Dövlət başçısı habelə deyib ki, bəzən tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər: «Buna yol vermək olmaz. Bakının memarlığı bizim milli sərvətimizdir».

XS
SM
MD
LG